Rəsul
Rza - özü və
sözü
Özü
“döz”, sözü “köz” kəlmələrini ehtiva edən
şair
“Mübarizə bu gün də var,
yarın da,
Mən də onun ən ön
sıralarında!”
Oxucu isə daim belə qələm,
belə kəlamlar intizarında...
Necə qələm? Elə qələm
və kəlamlar ki, - daim həyatın içində, ətrafın
diqqət nüvəsində, insan qəlbinin duyğu
paytaxtında, ədəbiyyat aləminin kulminasiyasında, ədəbi-bədii
təsərrüfatın şərt-“şum”unda, ictimai-siyasi
xırmanın xalq mənafeyi “yabalaşmasında”, vətəndaşlığın
bünövrəsində, milli təəssübkeşlik qəzəb-əsəbinin
qan təzyiqi doğuşunda, lirik eşqin abır-həya halələrində,
epik məhəbbətin xəlqi xanalarında...
O aləm-qələm hökm-fərma
qələmlərinin qəvi düşmən əlində
olduğu vaxtlar söyləyirdi ki; “...hər şey
bölünəndə Bakının da püşkünə
internasionalizm düşüb”!..
O qələm bəyanlayırdı
ki; “...necə yəni, filankəsin “vaxtsız vəfatından
kədərləndiyimizi bildirir, dərin hüznlə
başsağlığı veririk”? Bəyəm vaxtında da
ölən olur?”
O
“İkiaçılanlar”layırdı ki; “Yaşasın
qadın azadlığı!” - dedi vələdüzzina,
Şorgözlüklə baxdı baldızına”. “Adı
peyğəmbərin adından, Özü - primitiv şeytan!”
Anlamaq dərdi...
Bu ustad öz çağlar nəzmi
ilə ustadlar ustadı Mirzə Cəlilin ağlar-güləyən
nəsrinə qüvvət verir, “Ölülər”dəki diri
ölülərin davamçılarına üz tutub,
“Qınamıram İsgəndəri - yaman olur anlamaq dərdi!..”
- deyirdi.
Bu dərdə “pentalgin”lər
çarə qıla bilməz, qadam! Bu mərəzin çarəsi
Rəsul-loğmanların “qələmgin”lərindədir.
Çoxlarının “çörək ağacı” kimi
baxdığı əşyada...
Onun özüyçünsə
milli-mənəvi qida, arzu-dilək qılıncı olan o
“ağac” yazırdı ki; “Rza, yaz, Rza, durma, Rza, yaz!..”
Bütün ədəbi-bədii
hal və qalmaqallarda, ictimai-siyasi situasiyalarda, fəlsəfi-idraki
taktlarda sözünün ağası olmuş bu böyük
qələm qulu yorulmadan, usanmadan, çəkinmədən, hər
beş-üç şeirindən bir çəkdiyi
“başağrı”lardan bezikmədən yazdı. Və hələ
ömrünün ortalarında ikən müasirlərindən
birinin yazdığı kimi; “Rəsul durmadı - yazdı,
yazdı, yazdı... Rəsul bu minvalla yazmasaydı, Rəsul
Rza olmazdı!”
O, bizim (və bir çox başqa
şairlərin) görə bilmədiklərimizi qartal gözlərilə
görür və onların poetik portretini yaradırdı. O,
görünməzləri də görə bilirdi. Məsələn,
qayğını gözlə necə görmək olar? Amma o
bunu duyğularımızın obraz “subtitr”inə
çevirmişdi: “Qayğı” sözü, qayğı -
özü”. Biz bizdən rüşvət istəyən
sosializm (sus(!)al(!)izm)-realizm məmurlarını, ali (?!) məktəb
müəllimlərini, JEK “juk”larını məhkəməyə,
mətbuata verə bilməyib, infarktlara, depressiyalara
düşhadüş olan məqamlarımızda onun
“yapış beləsinin ayağından, at belinə -
ağzı hara düşə-düşə”, “belələri
“aş”ın müqəyyəd qafiyəsi!” kimi həblərini
qəbul edib, müalicə olunurduq...
...Və bir də
görürdün, bu poetik-artillerik kişinin atəş-tikanlı
şeirləri içərisindən əsrarəngiz bir bənövşə
boylanır: “Gözlərinə denən ki, yuxuma girməsinlər...”
Bəli, o durmadı, - yazdı,
yazdı və nəinki təkcə bənzərsiz Rəsul
Rza, həm də - sovetlərə qarşı bir az
yumşaldılması üçün SSRİ Dövlət
mükafatı laureatı (1951) və haqq-halal Xalq şairi
(1960) oldu. Sonra ümummilli lider Heydər Əliyev ona,
qurulduğu gündən kapitalizmin gözünə “gop”talizm
külü üfürməyə başlamış sosializm
paytaxtından Sosialist Əməyi Qəhrəmanı (1980) təltifatını
da alıb verdi ki, bu ad “qara camaat”dan çox “Sarı dana”lara
qayğı göstərən o mərkəzin gözünə
“qələmi dinc durmayan” bu şair üçün
“talisman”lıq etsin.
Nəhayət, onun 19 may 1910-cu il
doğum-başlanğıcını məzar-mənzil
başına çatdıran 1 aprel 1981-ci il tarixçəsi
(özü demişkən, hamı üçün
“vaxtsız” ölüm) də gəldi. Bu qədər ciddi
İnsan və
Güləyən gün?..
Zarafat? Bu əbədi dirinin
ölümünə inanmamağımız üçün
“yalan günü” hadisəsi?
O, Müşfiq yoxluğuna
“Qızılgül olmayaydı” ağlamışdı. Bəs
onun özüyçün nə “qara”layaq? Bəlkə, nə
qədər çalışsam da, ürəyimcə
boyalanmayan bu yazı-obraza onun ecazkar-kaleydoskopial “Rənglər”indən
yaxı qataq? Yazsaq ki, bu ölümlə ədəbiyyatımızın
novatorluq ulduzu ölüşgədi - onun “Pəncərəmə
düşən işıq” incisinin ruhu inciməzmi? Desək
ki, əgər o, “Bir gün də insan ömrüdür”
deyirdisə, niyə həkimlər ona, tutalım, 2 apreli də
yaşatmayıblar, bəs onda “Xalq həkimi”
poemasındakı neçə-neçə real və müqəyyəd
suallar cavabsız qalmazmı?
1 aprel... Ədəbi bir məktəb-karvanın
bu dünyadan əbədi köçü... İnanmayaq? Əbədi
sənəti, çox nadir orijinallığı, ağayana,
ciddi, ədəbli şəxsiyyəti baxımından - bəlkə
də. Cismanilik sarıdan isə həqiqət. Misraları
söz dənizində, fikir dəryasında hər an diri
balıq kimi çapalayan, oxucu diqqətini bir an belə “yad”
getməyə qoymayan bu “neo-novella” şairin ölümü də
orijinallıqda - ayların-günlərin zarafat “janr”ında nəşrləndi.
Özü də sevgi-sevdaların “şanlı məktub”luq
çağları dövründə yepyeni bir ərzi-üslubda
yazdığı, “gözlərinə denən ki, yuxuma girməsinlər”
dediyi ala gözlü yarı - Rəfibəyli Nigarı ilə
eyni əlvida çapında, ayrılıq-“almanax”ında. Bu
dünyaya bir gəlib, bir sevib, bir yazıb, o dünyaya da birgə
qoşmaq peşində. Özü də folklorumuzun
say-seçmə bir rəqəmi sonuna (“yeri göynəyən
yeddilər”) bir sıfır əlavəsilə. Onlar həyatı,
sənəti, ədəbiyyatı, həqiqəti necə
sevirdilərsə, bir-birini də eləcə sevirdilər! Hər
şeydə yeni olan, hər “nüktə”də bir neoluq
axtaran, novatorluq hayqıran bu sevgililər sevgidə çox
arxaik oldular. Bu barədə o vaxt onların daha bir müasiri
daha gözəl, daha mənalı demişdi:
Zalım dünya öz işində,
Gəlişində, gedişində,
Gəl, ağlayaq yetmişində
Sevgili tək ölənlərə...
Gözəl misralardır. Qənirsiz
şair-sevgililər haqda gözəl sətirlər!
Amma -
Ölümsüzlərə
ağlarlarmı?! Özüylə birgə, yazdığı
nəsnələri də ölümsüz edən
ölümsüzlərə! Onlardan biri də “Şuşam mənim”
şeiri:
Sinəsi qabarıq,
nağıllardan gəlmiş
pəhləvandır
Şuşam mənim;
Mərdliklə, gözəlliklə
qoşam mənim.
Azərbaycan torpağının
nur parçası.
İncə mahnılar yuvası,
Pənahların yadigarı,
Alagözlü,
qarasaçlılar diyarı.
Bu an qələm saxlayaq, göz
qapayaq, “Rəsul Rza təfərrüatçı şair
deyildi, amma gələcəyi də fikirləşdiyindən,
tarix-oxucu üçün aşağıdakı misraları
da yazmalıydı”-deyək:
Səndə Cabbarın, Seyidin,
Nəvvabın, Üzeyirin,
Bülbülün,
neçə-neçə nəğməkarın,
qoç igidin
nəğməsi var,
nərəsi var.
Könüllərdə
neçə-neçə
mahnıların
zümzüməsi,
sözü qalıb,
Sənin doğma torpağında
neçələrin gözü
qalıb...
Sağ olsaydı,
danışdırardı “İsa bulağı”nı,
“Qırxqız”ı, “Cıdır düzü”nü.
Özü də onların öz dilində...
Bu eyhamım “elə-belə”dən
deyil. Deyirəm, bəlkə, iki məktəb ilidir ki, Natəvan
qor-qoşmaları əvəzinə, Haykanuş-Vartan
xosunlaşmaları eşidən o türk oğlu türk
ünvanları daha öz dilimizdə danışa bilmir...
Əgər
çağımızın dağ dərdi,
başımızın “baş problem”i olmasaydı, mən də
bu dünya çaplı şairimizi lokallaşdırıb, bu
“çəpəriçi” şeirini yox, cahanşümul notlu
misralarından nümunələr verərdim...
Və hələ deyim ki, onun
yazıları tək elə qələmindən
çıxanlar deyil ha! O öz həyatı ilə, əməllərilə
də yazıb-yaradırdı; canından-qanından “cəmiyyət
necə formalaşmalıdır”, “xalq necə millətləşməlidir”,
“ziyalının vəzifələri”, “ər-ərənlik əxlaqı”
kimi nəşriyyatlardankənar nümunəvilik əsərləri
də saçırdı Rəsul Rza.
Bu “janr”lı əsərlərinə,
daha obrazlı desək, neçə-neçə sənətkarları
da əlavə etmək olar; - ünlü şairlərimizdən
rəhmətlik Əli Kərim, Məmməd Araz,
çağdaşımız Fikrət Qoca. O şairlər ki,
onlar da sözü oxucunun tək elə qulağına, hissinə
yox, həm də - Rəsul Rza kimi - üzünə deyirlər:
“Qaytar ana borcunu - o borc sənin özünsən -
özünü qaytar ona!”, “Ey daşlaşan, torpaqlaşan ulu
babam, Bu günümdən dünənimə uzaqlaşan ulu
babam!”, “Güzgünü neyləyirsən, ay gözəl,
Üzündə gör özünü, ay gözəl”...
O, sonralar ideyalarına qarşı
açıq misra-mübarizələr apardığı Vladimir
İliçlər haqda (“Lenin” poeması) yazanda da mütləq
birinciliyə nail olur, onların etno-doğmalarına göstərirdi
ki, - xoş, ya naxoş - yazanda da, elə yox, belə yazarlar:
“Mən hansı bir insana bənzədim ki, Lenini - Məzarının
başında cahan ağlamış olsun?!” Və ya
İliçin yatdığı həbsxananın
keşikçisinə dair: “Zülmət dayanmışdır
nurun keşiyində!..”
Onun dedikləri... Bunlar çox
olduğuna və başqa mətləblər haqda deməyə
yer az qaldığına görə, birciyini söyləyim.
Ensiklopediyada direktor işləyərkən əməkdaşlardan
biri növbəti bir “qorxulu” (milli) informasiyanın yeni nəşrə
salınıb-salınmaması ilə əlaqədar: “Rəsul
müəllim, şəxsən mən bundan çox qorxuram,
Siz necə?” - deyib, gözünü zillədiyi məqamda
R.Rza ona: “Mən? Mən sənin bu “qorxuram” sözündən
qorxuram...” cavabını verir.
Etdikləri... Bu barədə
çox tərif-təbliğ saçmağa, “Amerika”
açmağa ehtiyac yox. Sadəcə, hansı
yaşlarında hansı vəzifə başlarında
olmasını xatırlatmaq kifayət.
29 yaşında Azərbaycan
Yazıçılar İttifaqının sədri, 35-ində
Azərbaycanın kinematoqrafiya naziri, 50-sində Asiya və
Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsinin
sədri. Və... 71-indən ölkənin Fəxri
xiyabanında böyük Turanın ən fəxri mərhumlarından
biri...
Sonda bu aydınlar
aydınının məlum və məşhur şeiri - ilk
baxışda çox qaranlıq görsənən
“Aydındır”ı haqda -
Bir-iki kəlmə
Bu “bir-iki kəlmə” ibarət
olsun bundan ki, Rəsul Rzanı şairlikdə,
obrazlılıqda, vəzifə-məmurluqda, ictimai xadimlikdə
çox az başqaları ilə müqayisə etmək olarsa
da, xəlqi təəssübkeşlik, milli (və şəxsi!)
qürur, ziyalılıq kimi epitetlər düjünündə
onun paralelinə düşə bilən lirikal kişi - bir
başqa şairimiz demiş - “ya bir olar, ya iki”.
İndi aşağıda
oxuyacağınız misralardakı obrazı - “şeirin
dili”ni yuxarıdakı xarakter-keyfiyyətlər
“düjün”ünün hər biri ilə əvəz edə
də bilərsiniz:
Aydındır şeirin dili -
İstəyirsən sevincdən,
İstəyirsən - qəmdən
yaz.
O qədər aydındır ki bu
dil, -
Nadan yüz yol oxusa,
Yenə bir şey anlamaz...
Tahir Əhmədalılar
Mədəniyyət.-
2013.- 3 aprel.- S. 13.