Beynəlxalq
sərgi çərçivəsində səmərəli
görüşlər
Bakıda keçirilən
«AİTF-2013» çərçivəsində bir sıra
görüşlər keçirilib.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin Ukraynanın Krım Muxtar
Respublikasının turizm və kurortlar naziri Aleksandr Liyevlə
görüşündə iki ölkə arasında əlaqələr,
bu əməkdaşlığın inkişaf perspektivləri
müzakirə olundu.
Əbülfəs Qarayev həmkarına
ölkəmizin turizm imkanları, yeni qurulan infrastruktur, tikilən
hotellər, həyata keçirilən layihələr,
müalicəvi turizm məkanları haqqında geniş məlumat
verdi. Azərbaycanın turizmin inkişaf etdiyi bütün
ölkələrlə əməkdaşlıqda maraqlı
olduğunu diqqətə çatdırdı.
Aleksandr Liyev bildirdi ki, Krım Qara
dəniz regionunda ən böyük kurort regionudur. Burada 560
sanatoriya fəaliyyət göstərir: «Ötən il Azərbaycandan
Krıma 20 min turist gəlib ki, onların təxminən 70%-i
müalicə turizmi ilə bağlı səfər edənlərdir”.
A.Liyev həmçinin Krımdan Azərbaycana
turist axınının təşkilini təklif edib və
bildirib ki, Krım-Tatar İcmasına 400 min nəfər
daxildir: «Biz Azərbaycanın «SilkWay Travel» şirkəti ilə
onların Naftalan regionuna gəlməsinin təşkili istiqamətində
danışıqlar aparırıq. Belə ki, Naftalanda olan
müalicəvi vannalar Krım kurortlarında mövcud deyil».
* * *
Əbülfəs Qarayevin Rusiya
Federasiyası Stavropol bölgəsinin turizm və kurortlar
naziri Valentina Vladimirovna Çentsova ilə
görüşündə ikitərəfli turizm əlaqələrinin
genişləndirilməsi üçün münbit şərait
olduğu vurğulandı. V.Çentsova Stavropolla Bakı
arasında təxminən 1 saatlıq təyyarə yolu olduğunu
diqqətə çatdırdı: “AİTF sərgisində
iştirak edirik. Azərbaycanla daha yaxın əlaqələr
qurmaq niyyətindəyik. Hazırda Stavropol bölgəsində
yüzlərlə kurort fəaliyyət göstərir. Bu
kurortlarda dincələn azərbaycanlıların
sayının artmasını istəyirik. Bu il «Qafqaz mineral
suları»nın 210 ili tamam olur. Bu münasibətlə
keçiriləcək tədbirdə azərbaycanlı həmkarımı
görməkdən məmnunluq duyacağıq”.
Mədəniyyət və turizm
naziri dəvətə görə təşəkkür edərək
Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində
əlaqələrin tarixi köklərinin olduğunu, bu əlaqələrin
turizm sahəsində də inkişaf etdirməyin vacibliyini
vurğuladı.
Əbülfəs Qarayev gələn
il Rusiya-Azərbaycan turizm forumunun keçiriləcəyinin
planlaşdırıldığını da diqqətə
çatdırdı. Tərəflər arasında bu ilin sentyabrında
Stavropolda Azərbaycanın turizm potensialının geniş təqdimatının
keçirilməsi ilə bağlı razılıq əldə
olundu.
Fəxriyyə
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 3.