Dövrünün kişi idealı

 

   Həsənağa Turabov - 75

    

   Ədalət Vəliyev: “Həsənağa Turabov o fenomenal şəxsiyyətlərdəndir ki, sonuncu azərbaycanlı onu xatırlayana qədər yaşayacaq...”

  

   Aprelin 2-də Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə XX əsr Azərbaycan teatrının və kinosunun parlaq siması, Xalq artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş təntənəli xatirə gecəsi keçirildi.

  

   Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində mərhum sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Həsənağa Turabov- 75” başlıqlı kitab sərgisi də maraqla qarşılandı.

   Xatirə gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan mədəniyyətində və teatr sənətində hadisəyə çevrilən, ömrünü sənətə fəda edən və unikal ömür yaşayan sənətkarla bağlı xoş xatirələrini dilə gətirdi. Akademik Milli Dram Teatrında çalışarkən qısa bir zaman kəsiyində onunla aralarında yaranan mənəvi bağlılıqdan söz açan nazir müavini qeyd etdi ki, Həsənağa Turabov bütün varlığı ilə teatra bağlı iditeatra rəhbərlik etdiyi dövrdə onun inkişafı üçün böyük işlər görüb: “1990-cı ildə XX əsr Azərbaycan teatr tarixində ilk dəfə olaraq Akademik Milli Dram Teatrı ölməz dramaturqumuz İlyas Əfəndiyevin iki əsərinin - “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” - tamaşaları ilə 18 gün Türkiyəni qarış-qarış gəzmiş və Azərbaycan teatrının qalib addımlarının Türkiyədə şahidi olmuşdular. Bu, Azərbaycan mədəniyyətinin böyük təntənəsi idi”.

   Nazir müavini onu da qeyd etdi ki, Həsənağa Turabov Akademik Milli Dram Teatrına rəhbərlik etdiyi dövrdə xeyli sayda aktyorlar fəxri adlara layiq görülmüş, teatr çoxlu sayda qastrol səfərlərində olmuş, böyük sənətkar açıq teatr formalaşdırmağa nail olmuş, teatrın nəbzini dövrün nəbzinə uyğunlaşdırmağa çalışmışdır.

   Ədalət Vəliyev Həsənağa Turabovun oğlu Daşqının xidməti vəzifə zamanı faciəli ölümündən sonra böyük sənətkarın ağır anlar keçirdiyini xatırlatdı: “Ömrünün son illərində o, çox qəribə xahişlə nazirliyə - mənim yanıma gəldi. Dedi ki, Vaqif İbrahimoğluAğa Məhəmməd şah Qacar” əsərinə quruluş versin, bu əsərdə Ağa Məhəmməd şah Qacar rolunu oynamaq istəyirdi. Çox təəssüflər olsun ki, onun obrazlar qalereyası bu obrazla zənginləşə bilmədi. Əslində özü bir dəfə söyləmişdi ki, arzu etdiyim bütün obrazları, bütün rolları oynamışam. Amma həmin dövrdə 68 yaşında belə bir istəklə bizə müraciət eləmişdi. Bunun üstündən uzun illər keçəndən sonra mən hörmətli dramaturqumuz Əli Əmirli ilə bu mövzuda söhbət etdimxahiş etdim ki, Həsənağa Turabovun xatirəsinə bu mövzuda bir əsər yazsın. Cənab nazir Əbülfəs Qarayevə minnətdarlığımı bildirirəm ki, sənətkarın 75 illik yubileyi ilində həmin əsərin Akademik Milli Dram Teatrında dövlət sifarişi kimi hazırlanmasına sərəncam imzaladı. Çox ümid edirəm ki, qısa bir vaxtdan sonra Turabovun işıqlı xatirəsinə həsr olunmuş əsərə bu gözəl teatrda tamaşa edəcəyik”.

   Ədalət Vəliyev çıxışını bu sözlərlə bitirdi: “Həsənağa Turabov o fenomenal şəxsiyyətlərdəndir ki, sonuncu azərbaycanlı yaşayanacan, o xatirələrdə yaşayacaq, xatırlanacaq” .

  

   Heç kimə bənzəməyən aktyor

  

   Gecənin aparıcısı sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Həsənağa Turabovun zəngin yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verdi. Onun sənətə gəlişini xatırladaraq bildirdi ki, Həsənağa Turabov Mehdi Məmmədovun tələbəsi idi və sənətin sirlərini də ondan öyrənmişdi: “Diplom işi kimi “Hacı Qəmbər” tamaşasını hazırlayırlar. Həsənağa Turabov da Hacı Qəmbər rolunu oynayır. Bu tamaşa o qədər yüksək səviyyədə hazırlanır ki, o vaxt televiziya ilə nümayiş olunur. Akademik Dram Teatrının rəhbəri Adil İsgəndərov Turabovu ekrandan görüb bəyənir, teatra dəvət edir və gənc aktyora deyir ki, sən heç kimə bənzəmirsən. Həsənağa Turabov 60-cı illərdə teatra gəldi. Bu elə bir dövr idi ki, artıq stalinizm ifşa olunmuşduteatra mənfi münasibət nisbətən zəifləmişdi. Qadağan olunmuş əsərlər yenidən səhnəyə qayıdırdı, poetikanın yeniləşmə dövrü başlamışdı. Belə bir vaxtda görkəmli rejissor Tofiq Kazımov öz aktyor nəslini yetişdirdi, aktyor nəslinin başında isə Həsənağa Turabov dayandı”.

   Məryəm Əlizadə Həsənağa Turabovu dövrünün kişi idealı adlandırdı: “Onun oynadığı obrazların təhlili zamanı görürük ki, o obrazlarda ən əsas keyfiyyətlər - kişilik, mərdlik, əqidənin, vicdanın qorunması səhnədən məhz bu aktyor vasitəsilə tamaşaçıya ötürülür. Həsənağa Turabovun oynadığı obrazlar Azərbaycan kişisi, müsəlman kişisi necə olmalıdır normalarına cavab verirdi. Həsənağa bütöv bir şəxsiyyət idi. 60-cı illərdə tamaşaçı ilə səhnə arasında bir baryer vardı. Tamaşaçılar səhnədə özlərinə oxşamayan - bərbəzəkli, təmtəraqlı, pafosla danışan adamlar görürdülər. Tamaşaçı bu gördüklərindən yorulmuşdu. Turabovun sənətkar xoşbəxtliyinin kökü, rüşeymi onda idi ki, zaman Həsənağa tipində aktyor istəyirdi”.

   Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov çıxışında Həsənağa Turabovu qeyri-adi sənət ustası, dost və ailə başçısı kimi xatırladı. Teatr Xadimləri İttifaqına rəhbərlik edərkən onun bu qurumda demokratik ab-hava yaratdığını, teatrın ağır günlərində festivallar keçirdiyinibu yolla teatrları qoruyub yaşatmaq istədiyini bildirdi. Həsənağa Turabovla bağlı kövrək xatirələrini dilə gətirən tanınmış rejissor böyük sənətkarın 75 illik yubileyi ilə bağlı Teatr Xadimləri İttifaqı tərəfindən hazırlanan “Səsin sehri” (Həsənağa Turabov yaradıcılığından seçmələr) MP-3 formatlı diskin ilk nüsxəsini sənətkarın övladlarına - Sevin xanıma və Yalçın müəllimə təqdim etdi. Diskdə Həsənağa Turabovun həm radio tamaşaları, həm də lent yazıları toplanıb.

  

   “...Baş rolu Həsənağa Turabov üçün yazacam

  

   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sənətkarla bağlı xatirələrindən söz açdı: “Elə aktyorlar var ki, bütün bir nəsli təmsil edirlər. Bizim 60-lar nəslinin brendi teatrdakinoda Həsənağa Turabov və Həsən Məmmədov idi. Həm də Həsənağa Turabov mənim ən yaxın dostlarımda biri idi. Bizim dostluğumuz 1958-ci ildə başlamışdı. O, Teatr İnstitutunun, mən də universitetin tələbəsi idik - hərbi təlim keçmək üçün bizi Astara rayonuna aparmışdılar. İlk dəfə orda tanış olduqonda gördüm ki, bu oğlan çox istedadlıdır. O dövrdə nə qədər təhlükəli olsa da, Həsənağa Turabov Lenini yamsılayırdı. Mənə elə gəlirdi ki, Həsənağa gələcəkdə məhz komediya aktyoru olacaq, amma o, ciddi rollar yaradan aktyor oldu. “Hamlet”dəki Hamlet, “Ölülər”dəki Kefli İsgəndər, “Xəyyam”da Xəyyam rolları Həsənağanın ən yüksək yaradıcılıq nailiyyətlərindəndir”.

   Həsənağa Turabovun Anarın ssenarisi əsasında çəkilmiş “Dantenin yubileyi” filmindəki rolu isə o dövrdə Moskvada kinoşünaslar tərəfindən yüksək qiymətləndirilmiş və bu qənaətə gəlmişdilər ki, istedadsız aktyorun rolunu ifa etmək üçün çox böyük istedad lazımdır.

   Xalq yazıçısı Anar çıxışının sonunda teatrı çox sevsə də, son vaxtlar teatr üçün əsər yazmadığının səbəbini də açdı: “Bu gün teatrda Tofiq Kazımov, Həsənağa Turabov, Səməndər Rzayev, Mikayıl Mirzə, Yaşar Nuri yoxdursa, bu teatr mənə bir qədər doğma görünmür... Teatr üçün bir pyes yazacam. O pyesdə baş rolu Həsənağa Turabov üçün yazacağam”.

   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxışına “Mən bu səhnədə həyatımın ən xoşbəxt günlərini keçirmişəm. Mən səhnədə xoşbəxt və azad idim” - sözləri ilə başladı. Uzun illər Həsənağa Turabovla bir səhnədə çıxış edən Şəfiqə xanım böyük sənətkarla bağlı xatirələrini söylədi, onu ən çətin anlarının dostu, sirdaşı adlandırdı və bu qüdrətli sənətkarı heç vaxt unutmayacağını bildirdi.

   Gecədə tanınmış rejissor, Xalq artisti Eldar Quliyev, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov çıxış edərək Həsənağa Turabovun Azərbaycan teatr tarixindəki yeri, özünəməxsus yaradıcılıq yolu barədə danışdılar.

   Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabovun Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların mahir ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrildiyini, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirən fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti ilə rəngarəng və dolğun obrazlar yaradaraq milli teatr sənətimizi zənginləşdirdiyini qeyd etdilər.

   Yubiley gecəsində Həsənağa Turabovun oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər nümayiş olundu.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.- 5 aprel.- S. 5.