Dünyanın
turizm yolları Bakıda kəsişir
Paytaxtımızda
növbəti beynəlxalq turizm və səyahətlər sərgisi
Aprelin 4-də Bakı Sərgi Mərkəzində
XII Azərbaycan beynəlxalq turizm və səyahətlər
(«AİTF-2013») və VII Qafqaz Beynəlxalq mehmanxana, restoran və
supermarketlər üçün avadanlıq və ləvazimatlar
(HOREX) sərgilərinin açılış mərasimi
keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi, «İTE Group plc» və onun tərəfdaşı
«İteca Caspian» MMC-lərin təşkilatçılığı
ilə baş tutan tədbirdə Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
çıxış edərək bildirdi ki, ölkəmiz
müstəqillik qazandıqdan sonra bütün sahələrdə
olduğu kimi, turizmin inkişafında da mühüm nailiyyətlər
əldə edilib.
Nazirin sözlərinə görə,
ötən il ölkəmizi 2 milyon 500 min xarici vətəndaş
ziyarət edib: «Çalışırıq, bu rəqəm
qarşıdakı illərdə daha da artsın. Azərbaycan
Dünya Turizm Təşkilatının ən fəal üzvlərindəndir
və ölkənin turizm sektoru böyük inkişaf
yolundadır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə
turizm obyektlərinin sayı artmaqdadır. Bu ilin ən
uğurlu işlərindən biri də “Şahdağ”
Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsidir. Fəaliyyətə
başlamasından keçən qısa müddətdə
yeni kompleksi 50 minə yaxın yerli və əcnəbi turist
ziyarət edib».
Əbülfəs Qarayev qeyd etdi ki,
artıq 12-ci dəfə keçirilən AİTF sərgisi hər
il özünəməxsus yeniliklərlə yadda qalır. Sərgi
çərçivəsində görüşlər
gerçəkləşir, əməkdaşlıq müqavilələri
imzalanır, turizmlə bağlı yeni proqramlar, layihələr,
məlumatlar açıqlanır: «Bu möhtəşəm sərgidə
iştirakçı ölkələrin coğrafiyası da hər
il genişlənir. Məhz bunun nəticəsidir ki, builki sərgidə
35 ölkədən 60-dan çox istiqaməti təqdim edən
251 şirkət iştirak edir. Sərgiyə Dünya Turizm Təşkilatı,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq
Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək
verilir. Builki sərgidə Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş
və Monakonun turoperatorları ilk dəfə iştirak edir. Ənənəvi
turizm marşrutları arasında Türkiyə,
Gürcüstan, Çex Respublikası və Birləşmiş
Ərəb Əmirlikləri kimi ölkələr yer alıb.
20 ölkə milli stendləri ilə çıxış
edir. Həmçinin, sərgidə Azərbaycanın 20-dən
çox bölgəsinin turizm potensialı nümayiş olunur».
«İTE Group plc» şirkətinin
direktoru Edvard Stroon ənənəvi AİTF sərgilərinin
əhəmiyyətindən danışaraq bildirdi ki, ötən
dövr ərzində bu tədbirlərdə iştirak edən
xarici şirkətlərin sayının artması Azərbaycanda
yaradılmış münbit şəraitdən xəbər
verir.
Xarici şirkətlər sərgiyə böyük maraq
göstərir
Açılış mərasimindən
sonra qonaqlar sərgi ekspozisiyasına daxil oldular. Qeyd edək
ki, builki sərgidə dünyanın 35 ölkəsindən
hava yolları və aviaagentliklər, turoperatorlar və turizm
şirkətləri, mehmanxanalar, mehmanxana şəbəkələri,
sanatoriyalar, pansionatlar, macəra istirahəti üzrə
ixtisaslaşan şirkətlər, habelə işgüzar səfərlərin,
idman, ekoloji və maarifləndirici turizmin, eləcə də
elit istirahətin təşkili ilə məşğul olan
şirkətlər iştirak edir. Geniş ekspozisiya sahəsi
ilə çıxış edən ölkələrdən
biri də Sloveniyadır. Bu ölkənin təmsilçilərindən
turizm, ticarət və işgüzar inkişaf üzrə
«RENE» agentliyinin turizm bölməsinin direktoru Alenka Vidmar qəzetimizə
açıqlamasında bildirdi ki, artıq 5-ci dəfədir
ki, AİTF sərgisində iştirak edirlər. Builki sərgiyə
Sloveniyadan 5 turizm şirkəti və bir neçə termal
kurort qatılıb. Onun sözlərinə görə,
Bakı sərgisində iştirak etməklə çox
geniş əlaqələr yaradırlar: «Dünyanın bir
çox ölkələrinin təmsilçiləri ilə əməkdaşlıq
qurmaq imkanımız olur. Ən əsası isə, azərbaycanlı
ziyarətçilərlə birbaşa əlaqələr
yaradırıq. Son illər Azərbaycandan Sloveniyaya müalicə
və istirahət məqsədilə gələnlərin
sayı artıb. Düşünürəm ki, bunda AİTF sərgisinin
də payı var».
Balkanlardan daha bir
iştirakçı, «Montenegro Stars» hotellər qrupunun
rusiyalı təmsilçisi Nadejda İvanenko isə bildirdi
ki, Azərbaycanla turizm sahəsində əməkdaşlıqda
çox maraqlıdırlar. Onun sözlərinə görə,
artıq bir neçə aydır Monteneqro Azərbaycanla viza
rejimini ləğv edib: «Məqsəd azərbaycanlı turistləri
ölkəmizə cəlb etməkdir. Monteneqro turizm sahəsi
üzrə müxtəlif xidmətlər təklif edir. Burada
müalicəvi termal sular, dağ turizmi, dənizsahili istirahət
və s. üstünlük təşkil edir. Avropa
standartlarına uyğun turizm infrastrukturumuz var. Turizm
mövsümü mayın əvvəllərində
başlayır, sentyabrın sonunda yekunlaşır.
Qarşıdakı aylarda Bakı-Podqoritsa marşrutu ilə
çarter reysləri təşkil etmək niyyətindəyik.
İlk reys iyunun 6-da reallaşacaq».
Sərgidə özünəməxsus
görünüşü ilə diqqəti cəlb edən
stendlərdən biri də Türkiyəyə məxsusdur.
Qeyd edək ki, ötən ildən fərqli olaraq qardaş
ölkə bu il ekspozisiya sahəsini iki dəfə
artırıb. Sərgidə 27 türk şirkəti
iştirak edir. «Ani Tour Holidays» şirkətinin turist qəbulu
departamentinin rəhbəri Günay Fərzəliyeva bildirdi ki,
Türkiyədə bu sərgiyə çox böyük maraq
var: «Dünyanın bir çox ölkələrindən turist
qəbul edən Türkiyədə azərbaycanlıların
da sayca üstünlük təşkil etməsini istəyirik».
Ölkəmizin turizm imkanlarının rəngarəng təqdimatı
«AİTF-2013» çərçivəsində
Azərbaycanın daxili turizm potensialının təqdimatı
da yüksək səviyyədə qurulub. Sərgidə Gəncə,
Xaçmaz, Xızı, İsmayıllı, Qax, Qəbələ,
Quba, Qusar, Lerik, Masallı, Mingəçevir, Naftalan,
Naxçıvan, Oğuz, Salyan, Sumqayıt, Şamaxı,
Şəki, Tovuz, Lənkəran, Zaqatala, Balakən -
ümumilikdə 22 şəhər və rayonun gəzməli-görməli
yerləri təqdim olunur. Hər bölgənin stendində sənətkarlıq
nümunələri, mətbəxi, folkloru, tarixi abidələri,
muzeyləri, hotelləri və istirahət mərkəzləri
nümayiş edilir.
Qax Rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri Nəzir Ömərovun
sözlərinə görə, sərgidə «Səngər
Qala», «El-Resort», «Yaşıl park», «Ulu dağ», «Eden»
mehmanxanaları və «Şəfa» müalicə pansionatı
təqdim olunur. Şöbə müdiri qeyd etdi ki, sərgidə
iştirak etmək onlara əməkdaşlıq qurmaqda
çox kömək edir. Bu isə rayona gələn turistlərin
sayına təsir göstərir: «Ötən il Qaxa 15 min
turist gəlib. Ondan əvvəlki il bu rəqəm 10 min nəfər
təşkil edirdi. Bir ildə turist sayının 5 min nəfər
artmasında sərgilərdə iştirak etməyimizin
böyük rolu var».
Masallının stendi də
maraqlı görünüşü ilə diqqəti cəlb
edirdi. Burada rayonun üç istirahət mərkəzi, sənətkarların
əl işlərindən ibarət dulusçuluq, sandıq, həsir
nümunələri, Masallı mətbəxi, folklor rəqs
qrupları təbliğ olunurdu.
Naxçıvanın stendində
«Təbriz», «Qrand Naxçıvan», «Duzdağ» və
«Avtovağzal» mehmanxanaları təqdim olunur. Stenddə muxtar respublika sənətkarlarının əl
işləri, reklam-informasiya
materialları yer alıb. Eyni zamanda qablaşdırılmış
məhsullar (konfetlər,
halvalar, şirniyyatlar-mürəbbələr,
bitki çayları),
mineral sular, daş duz və qablaşdırılmış
duz, meyvə şirələri də stenddə yer almışdı.
2013-cü ilin “Folklor paytaxtı”
Zaqatala isə sərgidə «İS Oil», «Zaqatala»
hotelləri və rəqs qrupları ilə təmsil olunur. Rayonun özünəməxsus mətbəx nümunələri
də ziyarətçilərin
diqqətini cəlb edirdi.
Qeyd edək ki,
«AİTF-2013» sərgisinin builki
yeniliklərindən biri
də burada «Xaricdə əmlak» adlı bölmənin açılmasıdır. İlk dəfə olaraq təqdim edilən bölmə ziyarətçilərin
və iştirakçıların
böyük marağına
səbəb olub.
Sərgi aprelin 6-dək davam
edəcək.
F.Abdullayeva
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 8.