“Mənə
görə rejissorları danlamırlar”
Şahmar Qəribli: “Təvazökarlığı
valideynlərimdən və müəllimlərimdən öyrənmişəm”
Özü demişkən,
Sumqayıt teatrında işə qəbul olunanda hamı
oraları “Gənclik şəhəri” kimi
tanıyırdı. İndi isə Sumqayıt “Gənclik şəhəri”
statusunu təhvil verib, Şahmar Qəribli də artıq 60
yaşına çatıb. Deməli, aradan xeyli zaman
keçib.
Amma arxada qalan illəri müsahibim
boşuna yaşamayıb. Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət Musiqili Dram Teatrında bir-birindən
maraqlı obrazlar yaradıb. Doğma teatrın səhnəsində
Cəlil Məmmədquluzadənin “Ölülər”inə
quruluş verib.
Azərbaycan Televiziyasının
“Sabah” yaradıcılıq birliyində Yusif Vəzir Çəmənzəminlinin
əsərləri əsasında hazırlanan “Ağ
dünyam” tamaşasının quruluşçu rejissoru və
baş rolun ifaçısı kimi uğurlu bir işə imza
atıb. Müxtəlif telekanallarda hazırlanan və maraqla
baxılan sənədli filmlərin rejissoru olub.
Şahmar Qəriblinin kinomuzda da öz
yeri var. Bu yeri “Qəzəlxan”, “Fəryad”,
“Yerlə göy arasında”, “Cavid ömrü”, “Dolu”, “Sübhün səfiri”, “Çölçü” və
başqa filmlərdə
yaratdığı rollarla
qazanıb.
- Sizinlə teatr aktyoru və
rejissoru, kinematoqrafçı
kimi danışmaq üçün xeyli mövzu var. Başlayaq teatr aktyoru Şahmar
Qəriblidən. Fəaliyyətiniz Sumqayıt Musiqili Dram Teatrı ilə sıx bağlıdır.
Amma bioqrafiyanızın
bir Şəki mərhələsi də var...
- İncəsənət
İnstitutunda görkəmli
pedaqoq və rejissor Adil İsgəndərovun
kursunda oxuya-oxuya televiziyadan, radiodan, kinostudiyadan dəvətlər
alırdım, çəkilirdim,
dublyajda iştirak edirdim. Adil müəllim bizi
kino aktyoru kimi hazırlayırdı və kinostudiyada işə götürmək
istəyirdi. Lakin
iş elə gətirdi ki, onu kinostudiyanın direktoru vəzifəsindən
azad etdilər, kurs yoldaşlarımın
hərəsini bir yerə göndərdilər.
Mənim
də təyinatımı
Şəki Dövlət
Dram Teatrına verdilər.
Lakin orada cəmi üç ay qala bildim. Çünki yaradıcılıq potensialımı tam açmaq
üçün şərait
yox idi.
- Elə ilk gündən iddianız belə böyük idi?
- Söhbət
böyük iddiadan getmir. Diplomu alan kimi
gedib Şəki teatrında dağı dağ üstə qoyan deyildim ki... Sadəcə, orada yaradıcılıq
üçün geniş
imkan yox idi. Teatr fəaliyyətə tam başlamamışdı,
səhər-axşam məşq
edib dağılışırdıq...
Paytaxtda isə mühit tam fərqli idi. Bayaq dediyim kimi, televiziyanın,
radionun, kinostudiyanın
qapılarını artıq
açmağa başlamışdım.
Ona görə də üç aydan sonra Bakıya qayıdası oldum.
O zaman Sumqayıt teatrının
baş rejissoru Vaqif Şərifov məni işə çağırdı, hətta
yataqxanada yerlə təmin etdi və oldum sumqayıtlı.
1991-ci ilə kimi bu teatrda
aktyor kimi çalışdım. “Komsomol
poeması”nda Şahsuvar,
“Adamın adamı”nda
Fağır Bağır,
“Müfəttiş”də Qumarbaz,
“Dəyirman”da Kərim
müəllim, “Bütün
Şərq bilsin”də
Jandarm və başqa rollar oynadım. Özü də səhnəyə
çıxan gündən
qarşıma prinsip qoymuşdum. Heç kimə
bənzəməmək, heç
kimi təkrarlamamaq və ən epizodik rolu belə
yaddaqalan etmək.
Sonra getdim Moskvaya, ali
rejissorluq kursunda təhsil aldım. 9 aydan sonra imtahan verib təhsilimi
vaxtından əvvəl
başa vurdum.
- Aktyor kimi tanınmaq sizi qane etmədiyindən
rejissor olmaq qərarına gəldiniz?
- Bu, bir-iki günə verilmiş qərar deyildi. Səhnədə çalışdığım
illərdə bu prosesin getdiyini hiss edirdim. Satira janrında iki
tamaşa da hazırlamışdım və
müsbət fikirlər
eşidirdim. Əslində burda qəribə bir şey də
yox idi. Çünki hər bir aktyorun daxilində rejissorluq var. Bu dəfə
də Tanrı məni güclü müəllimlə görüşdürdü.
Leonid Xeyfetsin emalatxanasında
ali rejissorluq
kursunda oxudum. Həmin il
çox böyük seçim olmasına baxmayaraq, bu görkəmli rejissor mən də daxil olmaqla cəmi
üç nəfəri
həmin kursa qəbul etdi.
- Cəlil Məmmədquluzadənin “Ölülər”
pyesinə verdiyiniz quruluşun yaratdığı
əks-sədadan belə
başa düşdüm
ki, aktyor olaraq heç kimi təkrarlamayan Şahmar Qəribli rejissorluqda da bu prinsipə sadiq qalıb...
- Başqa cür ola
da bilməz. Sənin əsərə yozumun digər rejissorun baxışından fərqlənmirsə,
o tamaşanı niyə
hazırlayırsan? Sumqayıt teatrı
“Ölülər”i Bakıda
tamaşaçılara təqdim
edəndə görkəmli
sənətkarlarımız Məlik Dadaşov və Həsənağa Turabov müsbət fikirlər səsləndirdilər.
Tamaşanın özü və
xüsusilə rəhmətlik
Məzahir Ağayevin ifasındakı Şeyx Nəsrulla onların çox xoşuna gəlmişdi. Bizim tamaşada
Şeyx Nəsrulla əsərin qəhrəmanı
idi. Mən quruluşçu rejissor kimi klassik
əsərə müdaxilə
etməmişdim. Mirzə Cəlilin
öz mətnindən
istifadə edərək
belə bir yozum vermişdim. Şeyx Nəsrulla hara gedirsə hadisəni özü qurur, özü də idarə edir. O, bizim nağılsevər millət olduğumuzu yaxşı bildiyindən maraqlı nağıllar uydurur. Camaat da Kefli İsgəndərə yox,
ona inanır.
- Bu gün hansı klassik əsərə quruluş
verməklə tamaşaçını
təəccübləndirə bilərsiniz?
- Qismət olsa, Mirzə Cəlilin “Dəli yığıncağı” və
Cəfər Cabbarlının
“Aydın” pyeslərini
hazırlamaq istəyirəm.
Hər iki əsər günümüzlə çox
səsləşir.
- İstərdim,
söhbətin bu yerində kinonun qazandığı Şahmar
Qəriblidən danışaq...
- Bayaq dediyim kimi, Adil
İsgəndərovun sayəsində
tələbə vaxtlarından
kino aləmindəyəm.
İlk rola 1986-cı ildə Tofiq İsmayılovun “Yay gününün xəzan yarpaqları” filmində çəkilmişəm.
O vaxtdan bu günə kimi mütəmadi dəvətlər
alıram. Ssenarisini bəyənmədiyim, yaxud maddi şərtləri
məni qane etməyən və geri çevirdiyim təkliflər də olub. Hər filmə də çəkilmək olmur axı...
- Hər bir bədii film böyük yaradıcı
və texniki heyətin birgə əməyi sayəsində
ekrana çıxır.
Uğurlu nəticədən
filmdə əməyi
olan hər kəsə pay düşür.
“Dolu” filminin qazandığı uğur
münasibətilə sizi
də təbrik etmək olar...
- Kinonun içində olan, bu sahədə yaxşını pisdən
ayırmağı bacaran
adam kimi
deyə bilərəm
ki, “Dolu” son illərdə milli kinomuzun qazandığı
ən böyük uğurlardan biridir. İstedadlı yazıçı Aqil Abbasın eyniadlı əsəri əsasında Elxan Cəfərovun çəkdiyi
filmdə Mühasib rolunu oynamışam.
Məni filmə dəvət edən hər bir rejissora
deyirəm ki, tapşırılan rola vicdanla və məsuliyyətlə yanaşacağam,
film ekrana çıxanda
mənim roluma görə heç kim sizi
tənqid etməyəcək.
İnanıram ki, “Dolu”dakı
oyunuma görə də Elxan Cəfərovu
tənqid edən olmayıb. İlk dəfə idi
ki, onun filmində çəkilirdim.
Aktyorla işi çox gözəl bacarır, konkretliyi sevir.
- Bir sıra sənədli filmlərdə quruluşçu
rejissor kimi çalışmısınız. Bədii film çəkmək fikriniz yoxdur ki?
- İki
ssenarim var. Təkliflərimi
“Azərbaycanfilm”ə təqdim
etmişəm.
- 60 illik yubileyinizi necə qeyd etdiniz?
- Mədəniyyət
və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının
rəhbərliyi yubiley
münasibətilə təbriklərini
çatdırdılar, pul
mükafatı verdilər.
Bunun özü yaradıcı adama böyük diqqətin göstəricisidir.
Əlavə təmtərağa nə ehtiyac? Valideynlərimdən və sənət
müəllimlərimdən təvazökar həyat sürməyi öyrənmişəm.
İnsan çalışdığı
sahədə uğur qazana bilirsə, deməli əbəs yerə yaşamır...
Etibar Cəbrayıloğlu
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 10.