“Bu sənəti atmaq mümkün deyil”
“Düşünürdüm, rejissor
assistenti olaram. Lakin əmim heç soruşmadan və mənə
demədən aktrisa kimi ştata daxil etdi”
Həmsöhbətim Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
aktrisası Asya Atakişiyevadır. Gənc, enerjili, həvəslidir.
Bir çox tamaşalarda baş rolları oynayıb. Onunla
söhbətdə mənə elə gəldi ki, kədərin
nə olduğunu bilmir. Olduqca gülərüzdür.
Masasının üzərində oxuduğu kitab (Q.Markesin
“Patriarxın payızı”) və yeni qurulacaq pyes var idi. Dedi
ki, rolu üzərində işləyir. İşləri
çoxdur. Bu yaxınlarda iki tamaşa təhvil veriblər -
“Qaraca qız” və “Şəngülüm,
Şüngülüm, Məngülüm”. Yeni
tamaşanın adını isə açıqlamadı.
Paralel olaraq çəkilişlərə getdiyini dedi: “Aktrisa
həyatı belə keçir. Daim tələsirsən,
qaçırsan. Əsas odur ki, hər işə vaxtında
çatasan”.
- Soyadın teatr aləmində
kifayət qədər tanınır. Bu sənətə gəlməyinə
soyadın kömək etdimi?
- Mərhum rejissor Hüseynağa
Atakişiyev əmim olub. Uşaqlıqdan teatrı çox
xoşlayırdım. Tez-tez tamaşalara gəlirdim. Orta məktəbdə
qərar verdim ki, teatr sahəsinə gedəcəyəm. Atam məni
əmimin yanına gətirdi. Onların köməkliyi ilə
hazırlaşdım və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində teatr
rejissorluğu üzrə bakalavr və magistr təhsili
aldım. Universitetdə oxuduğum zaman iş
üçün Gənclər Teatrına gəldim. Mənə
iş verdilər. Düşünürdüm, rejissor assistenti
olaram. Lakin əmim heç soruşmadan və mənə demədən
aktrisa kimi ştata daxil etdi.
- Heç qarşı da
çıxmadın?
- Mən çox utancaq idim.
Düşünürdüm, yəqin sadəcə ştat cədvəlində
adım aktrisa kimi gedəcək. Lakin əmim Kamal Abdullanın
“Kim dedi ki, Simurq quşu var imiş” əsərində Gözəl
qız rolunu mənə verdi. İlk rolum idi, elə onunla da
aktrisalıq başladı. Məncə, bərbad oynadım.
Zamanla utancaqlıq da keçdi.
- Məşhur
aktyor Nikolas Keyc əmisi - dünya şöhrətli
kinorejissor Frensis Ford Koppolanın qohumu kimi qəbul olunmamaq
üçün özünə yeni təxəllüs
götürdü. Səndə bu fikir olubmu?
- Soyadımla fəxr edirəm. Azərbaycanda
eyni soyadlı insanlar çoxdur. İşə başladığım
ilk illərdə bu qohumluğu heç kim bilmirdi. Məncə,
istedadın soyada bağlılığı yoxdur. Bəlkə
soyadın, ilkin mərhələdə, hər hansı təsiri
var. Lakin sonra istedad danışmalıdır.
- Aktrisa kimi istəyin nədir?
- Həmişə Cülyetta rolunu
oynamaq istəyirdim. Bu da mənə qismət oldu. O, cəhətdən özümü xoşbəxt
saya bilərəm. Oynadıqca zövq alıram. Hər dəfə də yeni nə isə
tapıram. Arzusunda olduğum
digər obrazları da canlandırmışam.
“Yatmış gözəl”də, “Göyçək
Fatma”da, “Qaraca qız”da baş rolları oynamışam.
Oynamaq istədiyim daha xarakterik qadın obrazları da var idi, o da
qismət oldu. “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında Şərəfnisə
obrazını yaratdım.
Kinoda psixoloji rollar oynamaq istərdim. Amma hələ ki, bədii filmə çəkilməmişəm.
- “Qaynana”
teleserialında Rəna
rolunu oynayırsan.
Teleserial
uzun zamandır nümayiş olunur. Hələ bezdirməyib?
- Artıq iki mövsümdür davam edir. Hər seriyanın
ssenarisini həvəslə
gözləyirəm. O üzdən yorulduğumu,
bezdiyimi deyə bilmərəm. Mənim üçün hələ də maraqlıdır.
- Obrazın həyatından razısan?
- Çox razıyam. Bu günlərdə
daha maraqlı olacaq. Rənanın sevgi macərası
ilə bağlı maraqlı məqamlar göstəriləcək. Obrazın daxili aləmi açılacaq, başına
müxtəlif əhvalatlar
gələcək.
- Kino bir dəfə çəkilir
və bitir. Teatrda isə məşqlər gedir və dəfələrlə
oynanılır. Obrazları
mənimsəmə prosesindən
danış...
- İlk
məşqlərdə sadəcə
sözləri öyrənmək
lazımdır. Öncədən obrazı yaşasan, sonraya heç nə qalmayacaq. Ona görə də, məşqlərə o qədər
də enerji və hissiyyat qoymuram. Çalışaram ki, bütün
bunlar səhnə üçün qalsın
və mənim özüm üçün
də maraqlı olsun.
- Anladığım
qədəri ilə teatrı çox sevirsən. Teatrı nəyə dəyişərdin?
- Düzdür,
indi deyirəm, heç nə məni vadar edə bilməz bu addıma. Amma, həyatdır, bilmək olmaz. Bəzən istəmədiyin bir addımı atmaq məcburiyyətində
qalırsan.
- Şöhrət
hissin nə qədərdir?
- Məncə,
yoxdur. Bəzən düşünmüşəm,
başqa işə keçim, lakin alınmayıb. Səhnəni sevirəm, ona bağlanmışam. Təsəvvür edin, bir gün
uşaq tamaşasında
rol oynayırsan, səhəri gün Cülyettanı və ya Şərəfnisəni.
Bu işi atıb
getmək mümkün
deyil. Ümumiyyətlə, səhnəni sevirəm
desəm, daha düzgün olar.
- Universitetdə
teatr rejissorluğu ixtisasını bitirmisən.
Tamaşa qurmaq fikrin olubmu?
- Diplom işi hazırlayanda qurmuşam, bircə dəfə. Edvard Olbinin “Heyvanxanada
nə baş verir” əsərini səhnələşdirdim. Ancaq aktrisa olaraq qalmaq istərdim. Rejissorluq olduqca çətindir.
- Teatrda bu gün nəyi
dəyişərdin?
- Bu barədə
düşünməmişəm. Onu dəqiq deyə bilərəm ki, inkişaf gedir, böyük irəliləyişlər
var.
- Asya 50, 60, 70 yaşında. Arxaya çevrilib baxanda
nəyi görmək istəyəcək?
- Çalışıram,
daha çox mütaliə edim. Öz üzərimdə işləyirəm.
Aktrisa kimi formalaşmağa çalışıram. Arxaya çevrilib
baxanda bir çox şeyləri etmiş professional aktrisa görmək istərdim.
- Gənc aktyorların, aktrisaların
intellektual səviyyəsi
qane edirmi?
- Bəzilərinin
hə, bəzilərinin
yox. Ad çəkmək
istəməzdim. İntellektual
səviyyəsi az olan aktyora
səhnədə baxanda
hiss olunur. Sözlərin deyilişindən tutmuş, səhnə davranışına qədər.
Gözləri hər zaman
danışır.
- “Romeo və Cülyetta” - əfsanədir, məşhur
əsərdir. Sən hər
hansı məqsədin
üçün cəmiyyətə
qarşı dayana bilərsən? Ən
azından ailənə
qarşı çıxmaq...
- Belə bir problemlə üzləşməmişəm. Nə ailəm, nə ətrafım hər hansı istəyimə qarşı çıxmayıb.
Bütün günü məşqlərdə,
çəkilişlərdəyəm.
Əksinə, dəstək olublar,
şərait yaradıblar.
Üzləşmədiyim situasiya barədə
o qədər də fikirləşmirəm.
- Azərbaycan Televiziyasında “Əsgər
anı” verilişini aparırsan...
- Yumoristik verilişdir. Artıq beş ildir,
efirdədir. Əsgər boş vaxtında
nə edir, onları göstəririk.
Hərbi
xidmət keçmiş
sənət adamları
qonağımız olur.
Bir çox hərbi terminləri də öyrənmişəm. Bu
da bir təcrübədir.
- Demək, döyüş, müharibə
filmlərinə də
çəkilə bilərsən?
- Çox istərdim, xüsusi döyüş bacarığı
olan obrazı canlandırım. Bu yaxınlarda bu cür film izlədim.
Düşündüm, olsaydı, sevə-sevə
oynayardım. Niyə də
yox?
- Hər hansı rolu oynamaq üçün həyatdan bəhrələnirsən?
- Əlbəttə
ki, hər kəs eyni cür
qorxmur, eyni cür sevinmir. Bu məqamları ətrafdakı insanlardan götürürəm.
- Həmkarlarına
nə demək istərdin?
- Teatrla ciddi şəkildə məşğul olaq, canla-başla yanaşaq. Ən əsası məşğul
olduğumuz işi sevək.
Reyhan İsayeva
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 11.