“Ölkəm”in
ölməz müəllifi
Böyük roman siqlətli bu romansa bəstəsiz bir misra əlavəsi: Cavan getmiş dahisi var, ölkəmin!..
Yox, yox, bəs eləmir bu əlavə. Doyulmur. İyirmi üç yaş tələbə yaşıdır, bu sayaq zirvə, qələbə yaşı deyil. Davam edibən deyək ki, əbədi gənc bəstəkarı, sənət yarı, müasir mədəniyyət nəticələrimizin şöhrət səbəbkarı var ölkəmin - Asəf Zeynallı ismində!
Əslində, məlum bir məhəbbət mahnısını sənət müstəvisində götürsək, “yaşın nə fərqi var?..”
Onun ölüm yaşı çoxları üçün heç olum yaşı da olmayıb, deyil və olmayacaq. Təcrübəlilər iyirmi üçü evlənməyə də bəs hesab etmirlər. O isə bu yaşa qədər məmləkətimizin mədəniyyət butası dalısıyca çöllənə-çöllənə, sənət eşqi gücündən şellənə-şellənə, şərqilənə-nəğmələnə gəzib-dolaşdı...
Könlümüzü onun notlarıyla çalsaq, başdan-başa reallıq saçan, ağıl yayımlayan bir nağıl yaşayarıq.
“Nağıl
dili yüyrək olar” - deyiblər.
O, təhkiyeyi-üslubun
qeyri-nağıl anlamında
az getdi,
piano-fortepiano-saz getdi,
dərə-təpə yüz
tapdı. “Sərhədçi”,
“Çadra”, “Sual”, “Seyran”, “Muğamsayağı”,
“Çahargah”, “Uşaq
süitası” və sair instrumental (fundamental!) addımlarıyla
otuz doqquz qapı açdı, qırxıncıda sənət-padşahın
“Ölkəm” adlı
gömgözəl, qəpqəşəng
qızına ürcah
oldu...
Xalqın təsəvvür-təsəvvüf
“zindan”ından xilasi-kəşf
etdiyi bu gözəlləri elə
xalqın özünə
nişanladı. Onları öz
sahibinə ismarlayıb,
yeni-yeni butalar ardınca düşdü.
Daha neçə-neçə
könül qənimətləri
toplasa da, onları cəm edib ram eləyə bilmədi. Nədən ki, belə səfərlərin
birində möhkəm
sətəlcəm oldu
və... az
qala bir simfoniya müddəti ərzində (qələm
bu “yoxluq” terminini var etmək
istəməsə də)
öldü...
Musiqi sənətində bir not, bir takt
nədirsə, söz
sənətində də
bəzən bir hərf elə odur. Məsələn, sənəd və
sənət. Asəf Zeynallı
sənəddə əbədi
getdi, sənətdə
əbədi qaldı.
1932-ci il oktyabrın 27-də əhalimizin
sayından biri azaldı, mədəniyyətimizdəki
böyük adlardan biri isə artdı:
Asəf Zeynallı!
Xoş ovqatlar, təəssüratlar...
Maraqlı-məlallı
bir ünvanda doğulmuşdu: Dərbənddə.
Doğum tarixçəsi
də xoş ovqat saçır yeri behiştliyin: 5 aprel. Bahar vaxtı. 1909-cu
ilin 5 apreli. Onun alın yazısı təbiət yazında yazıldı. Fotoşəkilləri
də adama az söz
demir. Baxışları hələ yazılmamış
neçə-neçə şedevrlər
saçır.
Yuxarıda butalardan danışdım.
Onlar, təbii, “sevgili-yar”lıq
deyil, istedadi sənət-səfərdarlıqdır.
Siz onun əsərlərini
dinləyərkən nə
hisslər keçirirsiz
- bilmirəm. Amma
mən həmişə
Rübabə xanımın
“Qaragilə”sindəki nəqarəti
də xatırlayıram:
Dərbənd aralı,
Könlüm yaralı,
Bir qız sevmişəm,
Qaragilə,
Dağlar maralı...
Bu gənc dahi, nakam dərbəndli
iyirmi üç illik ömrünü (xüsusən gəncliyini!)
sevgi-məhəbbətin “dağlar
maralı” kimi personajlarına yox, büsbütün ellər
folkloruna, xalq nəğmələrini toplayıb
nota köçürmək kimi zor işlərə,
əcnəbi paxılların
adımıza yamaq etdikləri “çarıqlı-patavalı
ölkə” fasonlu ayamalara qarşı “Ölkəm” kimi ultra-brendlər yaratmağa sərf edib.
Öz inter rəngləri, əntər
gurultuları ilə bütün milli sədaları batıran sovetin daha bər-bəzəkli
keçən ilk illəri
fitrətən soy-kök
düşüncəli bu
gənci öz xəlqi yolundan sapdıra bilmir. 20-ci illərin əvvəllərində
ailəsilə Bakıya
köçmüş Asəf
Musiqi Texnikumuna - ölümündən sonra
adının veriləcəyi
məktəbə daxil
olur. Sonra Azərbaycan Dövlət
Konservatoriyasında oxuyur.
Orkestr fakültəsindən bəstəkarlıq
fakültəsinə keçməsilə
öz gələcəyinə
və ümumxalq mədəniyyət fondumuzun
daha da zənginləşməsinə
bünövrə qoymuş
olur. Ü.Hacıbəyli, B.Karagiçev, L.Yablonko
kimi görkəmli bəstəkarlardan dərs
alması onun daha yüksək zirvələrə ucalmasında
mühüm rol oynayır. Bu maraqlı sənətkarın
yaradıcılıq tərcümeyi-halında
ən unikal faktlardan biri də milli romans
janrının banisi olmasıdır.
Asəf Zeynallı həm
də ilk simfonik musiqi nümunələrinin
müəllifidir. Bəstəkarın “Fraqmentlər” adlı simfonik əsəri bu janrda ilk orijinal
Azərbaycan nümunəsi
olmaqla, həm də yarandığı dövrdə SSRİ miqyasında
çox yüksək
novatorluq kimi qarşılanıb. Sonralar, sovet
musiqişünaslarının rəyinə görə, onun tamamlaya bilmədiyi “Bakı” simfoniyası “dahiyanə bir əsərin yarımçıq cizgilərdə
susması” imiş.
İyirmi üç “yarımçıqlı”
bəstəkar haqda gözəl sözlər,
maraqlı fikirlər az deyil.
Dövrün mətbuatında
onun adı tez-tez çəkilirdi: “Gənc Asəf SSRİ miqyasını adlayıb dünyaya ayaq açmaqdadır”. “C.Cabbarlının “Sevil” dramının səhnə
uğurunda Asəf Zeynallının musiqisi baş rol kimi
səslənir”.
Gənc bəstəkarın “Tənqid-təbliğ” teatrında
musiqi bölməsinə
rəhbərlik etməsi
ona öz fəaliyyət sahəsini
daha da genişləndirməyə,
daim mədəniyyət
aləminin mərkəzində
olmasına rəvac verirdi. Hələ iyirmi yaşında
ikən “Yanğın”
(S.Rüstəm və
H.Nəzərli), “Gizli
əl” (C.Xəndan), “Qəzəb” (A.Yanovski) və başqa teatr tamaşalarına cəzbedici musiqilər yazan bəstəkar Sovet İttifaqında tanınmış isimlərdən
idi. O, 1931-ci ildə
Moskva və Leninqradda (Sankt-Peterburq) Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət
konsertlər təşkil
edib. Həmin möhtəşəm konsertlər zamanı iyirmi iki yaşlı
bu oğlan nüfuzlu kürsülərə
sinə gərərək,
böyük mədəniyyət
ağsaqqalı imicli çıxışları, nitqləri,
məruzələri ilə
daha da məşhurlaşıb.
O həm də nüfuzlu pedaqoq kimi tanınırdı.
Təlim-tədris sahəsindəki yenilikçiliyi, tələbələrinə
mədəni-mənəvi aləmi
özünəməxsus təlqinçiliyi
də elə əsərləri kimi seçkin imiş, duyğusal-universal elementlərlə
zəngin imiş.
Təsadüfi deyil ki, zəmanəmizin dahi bəstəkarı Qara Qarayev onun da
tələbəsi olmuşdur.
Bu gün əsərlərini
sevə-sevə dinlədiyimiz
Tofiq Quliyev, Cövdət Hacıyev, Zakir Bağırov notları da Asəf Zeynallının bulaq pıçıltılı
səs-sədalarından su
içib...
Və:
“Şiş ucları buludlarla öpüşən
Qayaları, dağları var ölkəmin” -
kimi
gözəl misralara yazılmış təkrarsız
musiqinin təəssüratları
üstdə daha nə? Olumu ölümündən, ölümü
olumundan öc almış bu müəllifin ömür
yarımçıqlığına bənzər bu anımnaməyə narıncıq
bir son yarımbaşlıq:
Şikəstəsayağı...
Əzizinəm,
a yaşlılar,
Deyin, gəlsin nakam-nakam bayatılar...
Mən aşiqəm... ey sabiq gözəllər, qələmqaşlılar,
Görəsən,
o vaxtlar
Bu füsunkar nəğmələr aşiqinin
qismətindən
Hansınız
“yayınmısınız”?..
Siz ey yazılmamış saysız mahnılar,
Çoxdan-çox
nakam simfoniyalar,
O dünyada nə var-nə yox?..
Və həmişə səhifə
dolusu yazdığım
yazılar, budəfəki
həmkarınız nədən
belə az
çıxdı? İşarəsi
1909-1932-nin 2-3 misli ola, ya olmaya.
Mütaliəsi iyirmi üç dəqiqə çəkə, ya çəkməyə...
...Hə, şiş ucları buludlarla öpüşən
dağlarımız! Belə-belə
gənc dahiləri, uşaq-korifeyləri də
var, “Ölkəm”izin!..
Tahir Əhmədalılar
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 12.