Əbədiyanar
söz şamımız
Böyük
Turan aləminin alovlu Azərbaycan Qələmi: “Molla Nəsrəddin”!
Öz formatı boy-biçimində milli güzgü idi “Molla Nəsrəddin”. O tay-bu tay Azərbaycanın və Yaxın Şərqin uzaqvuran qələm-artilleriyası, zəmanəsinin ümummilli areal-aynası idi. Daşıdığı yarıreal-yarıəfsanəvi ad sahibi qədər ovqataçan, gülüşsaçan, toxunduğu problemlərin, mətləblərin mərdi ilə yollaşan, namərdini baltalayan, “keçəl-küçəl”liyi “mürur ilə qandıran”, “Dəmdəməki”liyin dədəsini yandıran idi...
Öncə ənənəvi
anım: “Molla Nəsrəddin” - 107...
Zaman keçdikcə bu rəqəm də dəyişəcək, haçansa “1107”, “2007”, “3007” artımları ilə yazılacaq. “Axır-zaman” olmasa, çoxalmaqda davam edəcək, “Molla Nəsrəddin” adı isə əbədi qalacaq. “Bu qala bizim qala” bayatısındakı maddiliklər də zaman-zaman aşınacaq, yeniləri inşa ediləcək. Bu mənəvi qala isə, o bayatının son misrasında söylənildiyi kimi - “Qaldıqca bizim qala”caq. Yanında da öz memarı - böyük söz ustadı, cəfakeş qələm atası, öz dövründəki kütlələrin cəhalətdən xilaskarı, mayak-butası Cəlil Məmmədquluzadə...
Millətinin irfan alnına çox tale izləri salmış Cəlil Məmmədquluzadə bu məcmuəni özünün yox, dövrün məhsulu kimi qələmə verib. Bunu, hamı tərəfindən məhz onun öz təşəbbüsü, təsisçiliyi, naşirliyilə meydana gəldiyi etiraf edilən bu jurnalın əvəzsiz, təkrarsız - baş yazarı deyirdi.
Həmin jurnalın daha bir milli-mənəvi görəvi bu dahi hekayənəvis, dahi yazıçı-dramaturq və dahi ziyalını xalqa dahi jurnalist kimi də təqdim etməkliyi idi...
Azərbaycan SÖZü ilə insan təfəkkürünün hər nöqtəsini ərzi-hal etmiş bu Mirzəmizi -
Molla Mirzə
də
adlandırmaq olarmı, ey dil?!.
Bəli, qoca Şərqin müdrik
təfəkkür təmsilçisi, lətif lətifələr
kanı, baməzəlik rəmzi, şifahi
“yazıçı”sı - Molla Nəsrəddin ötən əsrin
əvvəllərindən dahi Mirzəmizin (habelə onun əqidə
və qələmdaşlarının) timsalında bu
xalqların yazan əlinə, yozan qələminə,
düzüb-qoşan təfəkkürünə
çevrildi. 1906-cı il aprelin 7-də - öndə Azərbaycan
olmaqla, düz 25 il türk-müsəlman dünyasına milli əxlaq
və maarifçilik aşılayan, bu böyük arealın
mədəni-mənəvi aləmini işıqlandıran
“Molla Nəsrəddin” jurnalı işıq üzü
gördü. Ədəbi-bədii və
xüsusən mətbu dünyaya Gürcüstan paytaxtında
göz açan məcmuə “Tiflis, 7 aprel” adlı ilk məqalə-bəyannaməsilə
“bizi deyib gəlməyə” başladı.
Bu məcmuəyə
digər jurnallar ayağından yanaşıb, “nəşr
edilməyə”, “çıxmağa” başladı demək
günah olardı. Bu jurnal çaxmağa, işıq
saçmağa, ziyalanmağa başladı!
Və söhbət belə bir sual
peşində: niyə Bakıda yox, Tiflisdə?..
Belə-belə
cavablar:
Ordinar cavablardan öncə deyək
ki, bunun bir sıra “tarixi-müqəddəm” səbəblərilə
yanaşı, elə həmin jurnalda çıxan “Dəmdəməki”
sərlövhəli felyetonda ərz edilən “əmma”ları
da vardı. O Dəmdəməki ki, Mirzə Cəlil jurnal səhifələrində
bu təxəyyül qəhrəmanı ilə tez-tez “məktub”laşır,
belə-belə mükalimələşirdi: “Ay Dəmdəməki,
bu nə zadlardı sən yazıb göndərirsən bizə?
Bəs heç fikirləşmirsənmi ki, mən
də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə
çap edərəm (guya çap etmir, ha!), Bakı qoçuları
da namusa dolub çıxararlar tapançanı və səni
orda və sonra da gəlib məni burda qanımıza qəltan
edərlər?!”
Ehtiyatlı ol, əziz
oxucu, “mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə
çap edərəm” priyomunun fərqinə varmamısansa,
oxumağa davam etmə. Yox, əgər elə deyilsə,
paylaşaq: Bakıda baş verən eybəcərliklər,
“qadın taifəsi” ilə (xüsusən, azyaşlı
qızlarla) bağlı problemləri bütün detalları
ilə çap etdikdən sonra, şərt kəsimi(!):
“çap edərəm”...
Daha bir səbəbi onun dahi məsləkdaşı
Üzeyir bəy Hacıbəylinin bir felyetonundan da görmək
olar: “Başqa ölkələrdə qəzet bağlansa,
noolar? Biri deyər: - Vay, kor oldum! Biri deyər: - Vay, kar oldum! O
biri deyər: - Vay, lal oldum! Bəs bizdə qəzet
bağlansa, nə olar? Heç zad.
Bir məşədi digərinə deyər: - Məşədi,
bəs şorumuzu nəyə büküb satacağıq?”
Sizi...
Bu “siz”in içində
bütöv bir millət dururdu...
Bütün xalqlar
içərisindən gedənlərin əksər faizi öz
vətənlərindən birdəfəlik getmək fikri ilə
gedir. Onların içində küsüb
gedəni, xoş güzəran, keyf-damaq,
paxır-pıxırından qaçmaq, repressiya-depressiyalardan
can qurtarmaq üçün gedəni olur. Bizim
ümummilli Mirzəmiz isə böyük gəliş
üçün getmişdi.
Sonralar doğma Vətənə -
Bakıya qayıdası bu Mirzə özündən öncə,
milyonlarla evə, beyinə, mənəviyyata astaca-ustaca daxil ola bilən bir elçi göndərmişdi. Bütün maddi-humanitar yardımların
fövqündə olan təkrarsız milli-mənəvi
“yardım”ını - “Molla Nəsrəddin”ini
yollamışdı.
“Sizi deyib gəlmişəm,
ey mənim müsəlman qardaşlarım!”
Bu “müsəlman
qardaşlar” yalnız elə qəzet-jurnal oxumaq kimi “qeyri-vacib
işlər”i buraxıb “daha vacib əməllər”in (xoruz
döyüşdürmək, it boğuşdurmaq, hamamda yatmaq
və s.) dalınca gedən “keçəl-keçəllər”dən
ibarət idimi? Yox, onlar həm də “bir boynuyoğun, yekəqarın
adam görən kimi, onu məmur, qorxulu bəndə
hesab edib oturduğu yerdən dik atılaraq, təzim edən “ən
ayıq, ən xoşbəxt” müsəlmanlar (“İrəvan
müsəlmanları”), bütün milli, xəlqi dərdləri
unudub, üstünə milçək ləkəsi
düşmüş bir ərəb əlifbası hərfinin
məna dəyişiminin (uşaq “olub”, yoxsa “ölüb”?!)
“çort”una getmiş “həriflər”
(“Nigarançılığın sonu”), beş-üç il
Rusiyada yaşayıb, geri qayıdarkən ağzıdualı
anasına küftə əvəzinə “qofta” bişirməyi
təklif edən “abrazovannı”lar idi. Bu dərdlərin ən
obrazlı izharı isə böyük jurnalist-publisistin
“Meşədə gördüklərim” felyetonunda əks
olunub: “Bir əcnəbi redaksiyamıza gəlib, Şirvan
bölgəmizdən silsilə yazılar hazırlamaq istəyilə
məcmuəmizin vəsiqəsini istədi. Verdik.
Getdi və tez-tez yazılar göndərməyə
başladı. Onun məqalələrinin mövzusu
müxtəlif olsa da, başlıqları eynidir: “Meşədə
gördüklərim...”
Təkcə öz “meşəliklərimiz”lə
yox, yaxın-uzaq cəngəl-əngəlliklərlə də
məşğul olan jurnalın 9 aprel 1911-ci il
sayından:
“Russkoye znamya” qəzeti
Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur.
Keçən
nömrələrin birində həmin qəzet
yazmışdı ki, “Baxçasaray şəhəri
İstanbul ilə münasibətdədir, İstanbuldan
göndərilmiş siyasi agentlər yuvasıdır.
Qəhvəxanalarda,
məktəblərdə sultanın şəkli divarlara
asılır, dəri qalpaq əvəzinə Osmanlı fəsləri
geyirlər. Xülasə, xəyanət tədarükü
görülür”.
Bu rəhmətliyin oğlu
İsmayıl bəyin də işi-gücü qurtarıb, “Tərcüman”ın
14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana
çıxarmağa.
Və lakin Qasprinski cənabları
bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi
...başlı firqədaşları indiyə kimi
Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər,
amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub
gördülər ki, bu millətin içi boşdur.
Məsələn, bir camaatın ki
ticarət sinfinin rəisi ola S.M.Toppuzov, - o
camaatın içi boşdur.
Bir millətin ki üləmasının
başçısı ola Xəlil, Əbdürrəhman,
Hacı Əmir, Həbibulla, Mustafa, Seyid İbrahim, Ağa Mir
Kərim, Axund Məhəmməd Bağır, - o millətin
içi boşdur.
Gələk bələdiyyə
rəislərinə. Süleyman Mirzə
Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri
görmək istəməz.
Qafqazın hər nə qədər
xanzadə və dövlətli mülkədarı var, -
hamısının cavan uşaqları dərslərini
yarımçıq qoyub, hökumətə ixlas ilə qulluq
eləməkdədirlər ki, on üç ildən sonra bir
nişana sahib olsunlar.
Bəylərimiz
və xanlarımız mülklərindən hər il on min manat mədaxil ola-ola, naçalnik
divanxanasında mirzəlik eləyirlər ki, bir kokardalı
böyük görəndə baş yendirsinlər.
Budur bizim işlərimiz,
biz buyuq. Amma özgələr bizi bir şey hesab edir...”
Bu məcmuə
- Milli ocaq...
Bəli, Mirzə Cəlilin
“Molla Nəsrəddin”i bu millətin milli ocağı idi.
Bu ocağın başına canları millətin
çeşid-çeşid problemlərindən buz
bağlamış ədiblər, ziyalılar, ictimai dərd
ortaqları, ictimai qələm əhli toplaşırdı:
baş Mirzənin səsinə ilk səs verən Ömər
Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim
bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd
Səid Ordubadi, Mirz Əli Möcüz və başqaları.
Bu jurnal dövrün
universal nəşriyyatı rolunu oynayırdı. Müəlliflər, oxucular, bütün dərd-sərlilər
ürək-diləklərindən keçən hər mətləbi
bu xiridar “nəşriyyat”da çap etdirirdilər. Bu məhsulların hər biri də ümumxalq mənəviyyat-mədəniyyət
“bazar”ının baş matahı dəyərində, milli səhhət
mahiyyətində idi.
M.Ə.Sabir bu məcmuədə
yuxulu gəncliyə belə səslənirdi:
Pa atonnan! Nə ağır
yatdı bu oğlan, ölüb ə!
Nə də tərpənməyir
üstündəki yorğan, ölüb ə!
Əli
Nəzmi yazırdı:
“Dil” var ikən, gəlin “lisan” deməyək,
Döndərib
farscaya “zəban” deməyək.
Ərəbi göndərək
öz evlərinə,
Farsa da - qal bizdə
“mehman” deməyək.
Bu jurnalın nəinki
təkcə o dövr qədir-qiymətini, habelə perspektiv
şan-şöhrətini bilən məşhur alman və
polyak rəssamlar - O.Şmerlinq və İ.Rotter də “Molla Nəsrəddin”çi
olmaqdan qürur duyurdular. Böyük
soydaşımız Əzim Əzimzadə isə “Molla Nəsrəddin”dəki
işlərilə həm də milli karikatura
yaradıcılığımızın bünövrəsini
qoydu, banisi oldu.
“Molla Nəsrəddin”
bütün nəşri dövründə o çağ
yaradıcılarımız üçün, yuxarıda
dediyim kimi, ən universal nəşriyyat, ümummilli auditoriya,
tribuna, müasir radio-televiziya rolunu oynadı. Dövrün digər qəzet və jurnallarından
fərqli olaraq, “Molla Nəsrəddin”də çap edilən,
imzası görünən müəllifin milli dəyəri,
milli təəssübkeşliyi birmənalı
qarşılanır və bu gün də eləcə dəyərləndirilir.
O vaxta qədər də az yazmamış
M.Ə.Sabirin bu gün başqalarından seçib-sevdiyimiz
Sabirə çevrilməsinin də əsas səbəbkarı
məhz “Molla Nəsrəddin” idi.
1906-cı ildən
Tiflisdə alovlanan bu Azərbaycan dilli, ümummilli misilli
ocağımız 1918-ci ilədək Tiflisdə nəşr
olundu. 1921-ci ildə sovet-bolşevik küləyindən
sönmə ehtimalı ilə Təbrizə
köçdü. 1922-ci ildə yenidən Bakı... Və 1931-ci ilə - böyük naşirin vəfatına
qədər burada nəşr edildi.
Saylarının
sayı-hesabı bəlli olsa da, mənəvi-mədəni qədir-qiyməti,
milli oyanışımızda oynadığı rolu intəhasız
olan bu jurnal haqda bir qəzet səhifəsində bundan
artıq nə demək olardı ki?!
Xitabim təkcə müasir
oxuculara deyil, həm də Sizədir, ey 107 il bundan əqdəm
bizi deyib gələn, hər bir Vətən
övladının boynunda halal-haqqı olan və əbədi
olaraq bizimlə qalan “qoca Molla Nəsrəddin”, uca Mirzə Cəlil!..
Tahir
Abbaslı
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 13.