“Azərbaycan
mədəniyyəti” - bilik müsabiqəsi
Mədəniyyət və Turizm
Nazirliyi Azərbaycan mədəniyyətinin tarixi və
müasir nailiyyətləri barədə gənclərə
biliklərin aşılanması, böyüməkdə olan nəslin
mənəvi-estetik tərbiyəsinin gücləndirilməsi,
ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliğ
edilməsi məqsədilə "Azərbaycan mədəniyyəti"
mövzusunda uşaq musiqi və incəsənət məktəblərinin
şagirdləri arasında respublika bilik müsabiqəsi
keçirir.
Müsabiqə 3 turdan ibarət
olmaqla, 12-16 yaşlı şagirdlər arasında
keçirilir. İlk mərhələyə aprelin 3-də
yekun vurulub. Şəhər və rayon mədəniyyət və
turizm şöbələri tərəfindən yaradılan
komissiya bilik yarışında növbəti turda iştirak
edəcək şagirdləri müəyyənləşdirib.
Qeyd edək ki, müsabiqə Azərbaycan mədəniyyəti mövzusunda tərtib edilmiş suallar əsasında test üsulu ilə keçirilir. Nazirliyin Regionlarla iş sektorundan verilən məlumata görə, aprelin 8-də Xaçmazda (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Qubadlı, Abşeron, Sumqayıt, Zəngilan, Şuşa), aprelin 9-da isə Şəmkirdə (Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Gəncə, Kəlbəcər, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Yevlax, Ucar) müsabiqənin zona turları gerçəkləşib. Ən yüksək nəticə göstərmiş şagirdlər yekun turda iştirak etmək hüququ qazanıblar. İkinci turun davamı aprelin 12-də İsmayıllı və Mingəçevirdə, 16-da Saatlı və 19-da Cəlilabadda keçiriləcək. Müsabiqəyə may ayında yekun vurulacaq. Qaliblər Mədəniyyət və Turizm Nazirliyinin qiymətli hədiyyələri və fəxri fərmanları ilə təltif olunacaq.
Ceyhun
Mədəniyyət.-
2013.- 10 aprel.- S. 3.