Ukraynada Azərbaycan musiqisi
günləri başa çatıb
Xəbər verdiyimiz kimi, aprelin 1-dən 4-dək Ukraynada Azərbaycan musiqisi günləri keçirilib.
Ukrayna Bəstəkarlar İttifaqının konsert zalında təşkil edilən “Ukrayna-Azərbaycan musiqi əlaqələri: müasir ölçmələr mövzusunda dəyirmi masa” musiqi günlərinin yekun tədbiri olub. Tədbir Ukrayna Mədəniyyət Nazirliyi, Ukrayna Bəstəkarlar İttifaqı, ölkəmizin Kiyevdəki səfirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Dəyirmi masada ABİ-nin məsul katibi, musiqişünas Lalə Hüseynovanın “Azərbaycanın musiqi mədəniyyəti müstəqillik illərində” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə ABİ-nin sədri Firəngiz Əlizadə, Ukrayna Bəstəkarlar İttifaqı idarə heyətinin sədri İqor Şerbakov və başqaları çıxış ediblər.
Həmin gün F.Əlizadənin
başçılıq etdiyi nümayəndə
heyəti Azərbaycanın Ukraynadakı səfirliyində olub. Səfir Eynulla Mədətli
qonaqları səfirliyin yeni təmir olunmuş binası, o
cümlədən müasir
“Naxçıvan” və “Qarabağ”
salonları ilə tanış edib. Azərbaycan
səfirliyi və Ukraynanın Azərbaycanlılar Konqresi musiqi günlərinin
uğurla keçirilməsi münasibətilə
təntənəli qəbul təşkil edib.
Mədəniyyət.-
2013.- 10 aprel.- S. 3.