Uşaq xor kollektivlərinin müsabiqəsi

 

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi davam edir. Müsabiqə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib. Münsiflər heyətinə Dövlət Xor Kapellasının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülbacı İmanova, Dövlət Xor Kapellası nəzdində uşaq xor kollektivinin xormeysteri, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, BMA-nın dosenti Aqil Qafulov daxildir.

   Aprelin 1-də Lənkəranda (Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar), ayın 2-də Salyanda (Salyan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Şirvan) keçirilən zona baxış-müsabiqəsində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin çıxışları dinlənilib.

   Aprelin 5-6-da Sumqayıtda (Sumqayıt şəhəri, Qobustan, Abşeron, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şamaxı), habelə Qubadlı və Laçın rayonları məktəblərinin xor kollektivləri çıxış edib. Növbəti mərhələlər Bərdə (8-9 aprel), Ağcabədi (10-11), Naxçıvan (13-14), Şəki (15 aprel), Gəncə (16-17), Bakıda (20, 22 və 23 aprel ) təşkil olunacaq. Zona baxış-müsabiqələrinin qalibləri Bakıda keçiriləcək yekun turda iştirak edəcəklər.

 

 

   Ceyhun

 

   Mədəniyyət.- 2013.- 10 aprel.- S. 4.