“Atəşgah
məbədi”nə infotur
Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə turizm şirkətləri və KİV nümayəndələri üçün Bakının Suraxanı rayonu ərazisindəki «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğuna infotur təşkil edildi. 50 nəfərlik heyətin iştirak etdiyi tur “Atəşgah məbədi”ndə aparılmış bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanışlıq, eyni zamanda qoruqla turizm şirkətləri arasında əməkdaşlığın qurulması məqsədi daşıyırdı.
Qeyd edək ki, 2009-cu ildən «Atəşgah məbədi» ərazisində genişmiqyaslı bərpa və konservasiya, elmi-tədqiqat, abadlaşdırma işləri həyata keçirilir. Bu il martın 29-da Prezident İlham Əliyev burada aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
«Atəşgah məbədi» Azərbaycanın maddi mədəniyyət abidələri sırasında özünəməxsus yer tutur. XVII-XVIII əsrlərə aid abidə UNESCO-nun «Dünya irsi siyahısı»na daxil edilməsi məqsədilə gözləmə siyahısına təqdim olunub.
Atəşpərəstlərin qədim
etiqad yeri
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev bildirdi ki, ölkəmizə gələn turistlər arasında “Atəşgah məbədi”nə hər zaman böyük maraq olub. Nazirlik nümayəndəsi infoturun turizm şirkətləri ilə qoruqlar və mədəniyyət obyektlərinin sıx əməkdaşlığının qurulması baxımından da əhəmiyyətini qeyd etdi.
Sonra «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babayi infotur iştirakçılarına abidə ilə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, abidənin tarixi eramızdan əvvəl III-II minilliklərə gedib çıxır. Həmin vaxt bura atəşpərəstlərin etiqad yeri olub. VIII əsrdə Azərbaycanda İslam dininin yayılması və ərəb işğalından sonra bura dağıdılıb. Sonralar, XVII əsrin sonu - XVIII əsrin əvvəllərində abidə bərpa olunub: “O vaxt məşhur İpək Yolu Azərbaycandan keçirdi, bir çox ölkələrlə sıx ticarət əlaqələri vardı. Bu ölkələrdən biri də Hindistan idi. XVIII əsrdə ticarət məqsədilə Azərbaycana, o cümlədən Abşerona hindlilərin axını yaranmışdı. Onlar Atəşgahdan öz dini etiqadlarına uyğun istifadə etməyə başlamışdılar. Varlı hindli tacirlərin köməyi ilə Bakı xanı bu ərazini onlara ticarət məqsədilə verib. Həmin dövrdə hindlilər bu ərazinin ətrafını abadlaşdırıb özlərinin sitayiş yerinə çeviriblər. Bu səbəbdən də bəzi tarixi mənbələrdə Atəşgah hindlilərin adı ilə bağlanır. Əslində isə, qeyd etdiyim kimi, Atəşgah qədimdən ölkəmizdə atəşpərəstlərin etiqad yeri olub. XVI əsrdən başlayaraq Azərbaycana gələn məşhur səyyahların hamısı Atəşgahı ziyarət edib».
Rəşid Babayi qeyd etdi ki, XVII əsrdə məbədin ətrafında ibadətxana, 26 hücrə və karvansara inşa edilib. Məbədə gələn zəvvarlar burada istirahət ediblər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli alıb. Hazırda 5 hücrə tamamilə hazırdır. Digər hücrələrdə də tamamlama işləri gedir. Beşkünc planda tikilmiş abidənin həyətində yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır: “Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - «Balaxana» yerləşir. Azərbaycan memarlığının elementlərini özündə əks etdirən tikili özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlayıb. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı var. Bundan başqa, məbədi odla təmin edən qaz xətləri, 2 qurbangah, atəşpərəstlərin ölü yandırdıqları yer var. Bildiyiniz kimi, atəşpərəstlərin dini qaydalarına görə, ölünü torpağa qoymaq olmazdı, torpaq müqəddəs hesab edilirdi. Bu səbəbdən də onlar ölüləri xüsusi hazırlanmış yerlərdə yandırırdılar».
Ötən il
«Atəşgah məbədi»nə 15 minə yaxın turist gəlib
R.Babayinin sözlərinə görə, hazırda məbədin yaxınlığında kompleks inşa olunur. Burada idarə, muğam evi, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər və rəsm qalereyası fəaliyyət göstərəcək.
Təmir-bərpadan
sonra qoruğun sahəsi
4,2 min kvadratmetrdən 15 min
kvadratmetrə qədər genişləndirilib. Qoruğun ərazisində xüsusi
memarlıq üslubunda yaradılan muzeydə
Abşeron yarımadasının mədəni
irsinə aid memarlıq və arxeoloji abidələrin nümunələrindən
ibarət ekspozisiya təqdim olunur. Muğam evində
ziyarətçilərin istirahətinin yüksək səviyyədə
təşkili məqsədilə müxtəlif konsertlərin
təşkili nəzərdə tutulur. Direktor qeyd etdi
ki, aprelin 15-dən sonra əsas bina tamamilə
turistlərin ixtiyarına veriləcək: «Qiymətlər əvvəlcədən
müəyyənləşdirildiyi kimi,
böyüklər və xaricilər üçün
2 manat, tələbələr üçün 1 manat, məktəblilər
üçün 20 qəpikdir. Bizim üçün turizm
şirkətləri ilə əməkdaşlıq çox vacibdir. Çünki onların köməyi olmadan biz bura
turist gətirə bilmərik. İndiyə
qədər qoruqda bərpa işləri
getdiyinə görə turizm şirkətləri
ilə elə də sıx əməkdaşlıq edə bilmirdik. Amma «Dərviş travel», «İmprotex
travel», «Millennium turizm» kimi
şirkətlərlə əlaqələrimiz
vardı. İndi isə bu şirkətlərin sırasını
genişləndirmək niyyətindəyik.
Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü
ilə baş tutan bugünkü infoturun məqsədi də elə budur. Mən özüm əməkdaşlarımızı
turizm şirkətlərinə
göndərirəm. Hazırda bizim
idarədə rus, ingilis, fransız, türk dilli bələdçilərimiz var».
Ötən il «Atəşgah məbədi»nə 14 min 560 nəfər
turist gəldiyini deyən qoruq direktoru bildirdi ki, turizm şirkətləri
ilə sıx əməkdaşlıq turist
sayının qat-qat artmasına səbəb olacaq.
Turizm şirkətləri əməkdaşlıqda maraqlıdır
«Okey Tour» turizm şirkətinin turist qəbulu üzrə meneceri Tural Ələsgərov infoturu yüksək qiymətləndirərək Bakıda
və regionlarda yerləşən əksər
tarixi-mədəniyyət obyektləri
ilə əməkdaşlıq
etdiklərini qeyd etdi: «Atəşgah, Yanardağ, Qobustan qoruqları ilə sıx əməkdaşlığımız
var. Hər həftə
sonu Qobustana, Qala və Atəşgaha
turlar təşkil edirik. Məktəbli və tələbələri,
eyni zamanda xarici turistləri bu tarixi-mədəni qoruqlarla tanış
edirik. Atəşgah təmirdə olduğuna
görə bura turlarımız bir qədər zəifləmişdi.
Amma bundan sonra bu
səfərlər mütəmadi
olaraq reallaşdırılacaq.
Bir məqamı da qeyd edim ki,
indiyədək xüsusilə
xarici turistləri buraya gətirəndə yarım saatlıq ekskursiya nəzərdə
tuturduq. Çünki onların dincəlməsi
üçün şərait
yox idi. Artıq burada turistlərin rahatlığı üçün
yaxşı şərait
yaradılıb. Onlar həm
dincələ, həm
də özləri üçün suvenirlər
ala biləcəklər».
«Gilan Turizm»in satış meneceri Vəfa Həsənova da əvvəllər “Atəşgah
məbədi”nə turist
qrupları göndərdiklərini
dedi. Şirkət nümayəndəsi qeyd etdi ki,
xarici turistlər buraya səfər etməkdə çox maraqlıdırlar.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 10 aprel.- S. 4.