Xalq artisti Əliağa Ağayev anıldı

 

   Aprelin 5-də Dövlət Film Fondunda Xalq artisti Əliağa Ağayevin anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutan tədbirin iştirakçıları öncə sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış oldular.

   Xatirə gecəsini Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq iştirakçıları salamladı, Əliağa Ağayevin həyat yoluna qısa nəzər saldı. Bildirdi ki, Əliağa Ağayev ilk dəfə səhnəyə böyük dramaturq M.F.Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qara obrazı ilə gəlib və gəlişi ilə Azərbaycan komediya aktyorluğunda, milli teatrkino tariximizdə bir çox yeniliklərə imza atıb.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, bu il bir çox görkəmli sənətkarlarımızın yubileyləri qeyd olunacaq. Xalq artistləri Rübabə Muradova, Fatma Muxtarova, Əli Zeynalov, Kamal Xudaverdiyev, Hökümə Qurbanovanın yubiley tədbirləri nəzərdə tutulub. Xalqın yaddaşında heç vaxt unudulmayan böyük sənətkarlarımızdan biri də Əliağa Ağayevdir. Qeyd olundu ki, Əliağa Ağayev kinoya teatrdan gəlib, ekran əsərlərində olduğu kimi, teatrda da çox parlaq obrazlar yaradıb: “O, doğrudan da, təbiət etibarı ilə çox qayğıkeş insan idi. Onun kinoda yaratdığı parlaq obrazlar təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində özünə milyonlarla tamaşaçı qazanıb. Bu böyük sənətkar xatirələrdə daim yaşayacaq”.

   Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxışında Əliağa Ağayevin kino yaradıcılığından danışdı. Bildirdi ki, o, kinoya hamının sevə-sevə izlədiyi “Görüş ” kinokomediyasında (1955) Şıxəli rolu ilə gəlib. Bundan sonra “O olmasın, bu olsun” filmində Məşədi İbad, “Qara Daşlarda mühəndis, “Kazbekqutusunda Məmişov və s. obrazlar yaradıb. İncə yumor, şirin danışıq və mənalı gülüş onun yaradıcılığı üçün səciyyəvi sayılır. Bütün bunları görkəmli sənətkarın istər səhnə, istərsə də ekran qəhrəmanlarının simasında aydın görmək olur.

   Xalq artistləri Zərnigar Ağakişiyeva, İlham Namiq Kamal, Tofiq İsmayılov və Arif Quliyev Əliağa Ağayevlə bağlı ürək sözlərini və xatirələrini bölüşdülər. Onun kinomilli teatr tariximizdə fitri istedada malik parlaq sənətkar olduğunu vurğuladılar.

   Sonda görkəmli sənətkarın qızı Gülçin xanım çıxış edərək Əliağa Ağayevin 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncama görə Prezident İlham Əliyevə, sənətkarın xatirəsini yad edərək bu tədbirə gəlmiş bütün iştirakçılara dərin minnətdarlığını bildirdi. Daha sonra aktyorun rol aldığı tamaşa və filmlərdən fraqmentlər nümayiş olundu.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2013.- 10 aprel.- S. 5.