"Bakı yaddaşımda doğma şəhər kimi qalıb"

 

   Leonid Kanevski: “Şəhərinizdə ənənəvi qonaqpərvərliyin bir daha şahidi oldum. Bu yəqin ki, sizdə heç zaman dəyişməyəcək”

  

   Onun Bakıya gəlişindən təsadüfən xəbər tutdum. Artıq səfərinin sonuncu günü olduğundan müsahibəyə ayıracaq vaxtı yox idi. Şəhərdə isə gəzmək, görmək istədiyi yerlər çox olduğundan, fürsət bu fürsət deyib onu şəhər gəzintisinə dəvət etdim və bu əsnada maraqlı müsahibə alındı. Təbiətcə zarafatcıl olan yəhudi əsilli rusiyalı aktyor, Rusiya Federasiyasının Əməkdar artisti Leonid Kanevskini “Brilyant əl” filmindən yaxşı tanıyırsınız. Leonid Kanevski küçədə yıxılaraq huşunu itirən sovet turisti Semyon Qorbunkovun (aktyor Yuri Nikulin) qoluna gips (eyni zamanda qızıl və daş-qaş) qoyan əcnəbi kontrabandaçı rolunu oynayıb.

  

   Xatırladaq ki, 1968-ci ildə çəkilən populyar sovet kinokomediyasının bəzi səhnələri (o cümlədən kontrabanda epizodu) Bakıda, İçərişəhərdə lentə alınıb.

   Sovet dövründə “İstintaqı bilicilər aparırlar” («Sledstvie vedut znatoki») adlı çoxseriyalı televiziya filmində mayor Tomin rolu ilə şöhrət tapan Leonid Kanevski 2006-cı ildən Rusiyanın NTV telekanalında “Sledstvie veli...” sənədli serialının aparıcısıdır. O, proqramın növbəti bölümünün çəkilişi ilə bağlı bir neçə il əvvəl Bakıda olub.

   Leonid Kanevskinin ölkəmizə budəfəki səfəri isə daha maraqlı bir layihə ilə bağlıdır. Aktyor dünyada məşhur olan müalicəvi Naftalan neftinin təbliği ilə bağlı reklam çarxında çəkilib. Özü də bu dəfə “Brilyant əl” filmindəki məşhur səhnəni yeni məkanda - Naftalanda oynamalı olub.

   Onunla söhbətə də bu mövzudan başlayırıq:

   - Ölkənizə gəlişimin səbəbi işlə bağlıdır. Naftalan neftinin təbliği ilə bağlı reklam çəkilişlərinə gəlmişəm. Bu, sadəcə, reklam xətrinə görülən iş deyil. Mən həqiqətən də Naftalanı çox bəyəndim və onun müalicəvi imkanlarını təbliğ etməyə razılaşdım. Hər şey ürəyimcə oldu. Heç işlədiyimi də hiss etmədim, əksinə, dincəldim. Bundan başqa, bu çəkiliş mənə yenidən Bakıya gəlmək imkanı yaratdı. Bakıya “Brilyant əl” filminin çəkilişləri zamanı etdiyim ilk səfərimi xatırladım. Həmin günlərin xoş xatirələri hələ də yadımdadır. Professional çəkiliş qrupu ilə işləyirdik. Bakı yaddaşımda doğma şəhər kimi qalıb.

   - Amma sonralar yenə Bakıda olmusunuz...

   - Təxminən üç il əvvəl Rusiyanın NTV telekanalında aparıcısı olduğumSledstvie veli...” adlı sənədli serialın çəkilişləri ilə bağlı Bakıya gəlmişdim. Ötən üç ildə də şəhəriniz çox dəyişib, valeh oldum.

   - “Brilyant əlfilminin çəkilişindən bu günə Bakıda nə dəyişib, nə qalıb?

   - Sakitlik, təmkin, ziyalılıq elə əvvəlki kimidir. İnsanlar yaxınlaşırlar, mədəni formada nə isə soruşurlar, fikirlərini bildirirlər. İnsanlarınız çox mədənidir. Qonaqpərvərlik də olduğu kimi qalıb. Bu yəqin ki, heç zaman dəyişməyəcək.

   Şəhərinizin mənzərəsi isə çox dəyişib. Yeni tikililər, təmizlik məni valeh etdi. Rahatlıq var.

   - Kinoda 70-dən artıq rolunuz var. Bu günə qədər də teatrda çalışırsınız. Ən sevimli rolunuz hansıdır?

   - Sevmədiyim rol yoxdur. Rol övlad kimidir, hamısı doğmadır.Don Juantamaşasında Sqanarel, “Başdan çıxaran Kolobaşkintamaşasında İvçikov sevimli rollarımdır. İki il öncə isə həyatımda möcüzə baş verdi. Moskvada uzun illər çalışdığım Kiçik Bronnaya Dram Teatrının baş rejissoru Sergey Qolomazov mənə Nikolay QoqolunMüfəttiş” əsərində şəhər rəisi rolunu təklif etdi. Qoqol sevdiyim yazıçıdır. İlk dəfə idi ki, onun əsərində oynamaq imkanı qazanırdım. Uğurlu tamaşa oldu, bu günədək teatrın repertuarındadır və anşlaqla keçir.

   - Gözlədiyiniz rol idi, yoxsa arzuladığınız?

   - Arzuladığım rolun hansı olduğunu deməyəcəyəm. Göz dəyər (gülür). Nə vaxtsa sizinlə yenidən görüşsəm, bəlkə də, arzuladığım rol haqqında danışaram. Qoqolun əsərlərində oynamağı çox istəmişəm. Aktyor sənəti dramaturq, ssenarist, rejissordan asılıdır. Hər rola hazır olmalısan. Hətta fasilələr olsa belə, aktyor formada qalmalıdır. Qəfil elə rol təklifi gələr ki, bütün istedadını ortaya qoymalı olarsan.

   - Tanınmış rusiyalı aktyor Sergey Bezrukov müsahibələrinin birində deyib ki, uzun illərdir teatrda Sergey Yesenin rolunu oynayır. Atası Vitali hər tamaşaya baxır və deyir ki, hər dəfə Yesenin haqqında nə isə tapıram, öyrənirəm və ona vurulmaqda davam edirəm. Sizin sevdiyiniz tamaşalar və ya aktyorlar varmı?

   - Təbii ki, var. Mən həm də yaxşı tamaşaçıyam. Bəzən həyat yoldaşım mənə deyir ki, tamaşaya çox qapılırsan. Həyəcanlanıram, ağlayıram. Əgər həqiqətən gözəl aktyor oyunu varsa, maksimum zövq alıram. Sergey Makovetski, Andrey Mironov, Anatoli Papanov, Lev Durov, Olqa Yakovleva və digərlərinin adını çəkə bilərəm. Sergey Bezrukov olduqca maraqlı aktyordur. Onlara hərdən həsədlə baxıram, işlərinə vuruluram. Bu, paxıllıq deyil, heyranlıqdır. Bəzən oyuna baxdığım zaman düşünürəm ki, bunu mən edərdim. Bəzən isə əksinə. Məsələn, Robert de Niroya, Cek Nikolsona baxdığımda düşünürəm ki, bunu bacarmaram. Məncə, onlar dahidirlər.

   - Elə rol varmı ki, onu oynaya bilməzsiniz?

   - Yəqin ki, hər bir aktyorda bu olur. Elə rol var ki, düşünürsən, bu mənlik deyil, alınmaz. Mənim üçün bu, Romeo roludur.

   - Ukraynada anadan olmusunuz. Rusiyada oxuyub işləmisiniz və hazırda da paralel olaraq həm Rusiyada, həm də İsraildə çalışırsınız. Vətən sizin üçün haradır?

   - Doğmalarım yanımdadırsa, demək, artıq vətəndəyəm. Təbii ki, anadan olduğun yer də vətəndir, ömrümün çox hissəsini keçirdiyim yer də. Həyatımda iz qoyan məkanlar vətəndir mənim aləmimdə. Bu həm Kiyevdir, həm Moskvadır, həm Tel-Əvivdir. Rahatlığım isə yaxınlarımın və dostlarımın olduğu yerdədir.

   - Ailəniz haqqında da məlumat verin.

   - Ailəm həyat yoldaşım Anna, qızım Natalya və babasına bənzəyən 1 yaş 3 aylıq qız nəvəmdən ibarətdir. Qızım Natalya Kanevskaya geyim üzrə rəssamdır. Teatrda və kinoda çalışır. Mənim də bir çox tamaşalarıma geyimlər hazırlayıb. Moskvada və Tel-Əvivdə çalışır. “Müfəttiş” tamaşası üçün də geyimləri o hazırlamışdı və mən onun işini çox bəyənirəm.

   - Leonid Kanevskinin arzusu nədir?

   - Özümə ilk növbədə cansağlığı arzulayıram. İstəyirəm, doğmalarım həmişə yanımda olsun. Canları sağ olsun və ən əsası xoşbəxt olsunlar. Məncə, bundan böyük arzu ola bilməz.

   - Azərbaycan teatrı, Azərbaycan kinosu haqqında məlumatınız varmı?

   - Təəssüf ki, teatrlarınıza getməyə imkan tapmamışam. “Qorxma mən səninləyəm” filmi isə sevə-sevə izlədiyim ekran əsəridir. Sizin filmlərdə çəkilmək imkanım da olmayıb. Təəssüf ki, yeni filmləriniz haqqında məlumatlı deyiləm.

   - Sovet dövründə və sonrakı illərdə filmlərdə çəkilmisiniz. Hansı dövrdə çəkilmək daha asan idi?

   - Aktyor nöqteyi-nəzərindən hər zaman yüz faizlik işləmək tələb olunur. Texnika baxımından isə hər şey dəyişib. Əvvəl plyonka olduğundan limit var idi, artıq dubl etməyə imkan verilmirdi. İndi isə kinokameralar rəqəmsaldır. Rahat fokus qurulur. Bununla belə, bəzən texniki yenilikləri qavramaq çətinlik yaradır. Müqayisədə, indi daha asandır, dünən çəkilən film, bu gün montaj olunur, təhvil verilir.

   - "Sledstvie veli..." televiziya proqramının bir bölümünün də Bakıda çəkildiyini dediniz. Burda da istintaq aparırdınız? Uzun illərdir, bu veriliş yayımlanır. Reytinqi saxlamaq üçün nə edirsiniz?

   - Bəli, apardıq və maraqlı veriliş alındı. Reytinqə gəldikdə, artıq 8 ildir ki, veriliş efirdədir. Hər hansı kriminal hadisəni danışmaq, təbii ki, asandır və bunu bütün kanallardan izləmək mümkündür. Fərqlilik ondadır ki, biz zamanı göstəririk, tarixi danışdırırıq, dramatik süjet şəklində tamaşaçıya təqdim edirik. İnsanı münasibətlər önə çəkilir, o zaman necə geyinirdilər, nə yeyirdilər, ünsiyyət hansı formada idi - bütün bu suallara izləyici asanlıqla cavab tapır, mənzərə tamamilə açılır. Hadisələr daha çox sovet illərini əhatə edir. Məni sevindirən odur ki, gənclər mənə yaxınlaşıb verilişin maraqlı olduğu haqqında fikirlərini deyirlər, ailəliklə baxırlar və sevirlər. Düşünürəm ki, tarix olduğu üçün onlara maraqlıdır.

   - Tarixi çox sevirsiniz demək ki...

   - Əlbəttə... Məsələnin digər tərəfi də özümlə bağlıdır. Bütün olanlar gözümün qabağında baş verib, gördüklərim, eşitdiklərimdir. İnsanlar mənə ona görə güvənirlər ki, mən o illərdə yaşamışam və hər şeyi olduğu kimi onlara danışıram.

   - Nə oxuyursunuz?

   - Bu yaxınlarda Boris Akuninin “Qara şəhər” romanını oxudum. Bütün dostlarıma da tövsiyə etmişəm. Hadisələr I Dünya müharibəsi ərəfəsində böyük neft şəhəri Bakıda cərəyan edir. Olduqca maraqlı əsərdir. Fandorin adlı xəfiyyənin quldurlarla mübarizəsindən bəhs edir. Qeyd etdiyim kimi, Qoqol sevdiyim yazıçıdır. Onu tez-tez oxuyuram.

   - Aktyor Leonid Kanevski necə istirahət edir?

   - Meşə, göl, ümumiyyətlə adam az olan yerlərdə istirahəti xoşlayıram, Finlandiya, Baltikyanı ölkələri çox sevirəm. Adam az olan yerdə daha rahatdır, sakitliyin özü də dincəldir insanı. Dostlar da yanımda olanda tam rahat oluram.

   - Bir qədər də İsraildəki teatrınız haqqında danışın...

   - 1991-ci ildə Tel-Əviv şəhərində “Geşer” (tərcüməsi - “körpü” deməkdir) adlı dram teatrını yaratdım. Paralel olaraq rus və ivrit dilində tamaşalar qoyuruq. Son illər artıq daha çox ivrit dilində oynayırıq. 20 il ərzində bir çox nüfuzlu beynəlxalq teatr festivallarında iştirak etmişik. Teatrımızın öz binası var. Dövlət statusu da almışıq.

   - Azərbaycan tamaşaçısına nə arzulayardınız?

   - Fərq etməz, ingilis malıdır, ya fransız, keyfiyyətli məhsul hər zaman alınır. Teatr da belədir. Tamaşanın dili olmur. Əgər səhnə əsəri sənətdən xəbər verirsə, o mütləq baxılacaq. Arzu edirəm bu cür tamaşalar qoyulsun və tamaşaçı da zövqlə baxsın.

  

 

    Reyhan İsayeva

 

    Mədəniyyət.- 2013.- 10 aprel.- S. 7.