AİTF
sərgisi ölkəmizdə turizmin
inkişafının göstəricisidir
Prezident İlham Əliyev XII Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi ilə
tanış olub
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” şirkətlərinin təşkilatçılığı ilə aprelin 4-dən 6-dək Bakıda “AİTF-2013” XII Azərbaycan beynəlxalq turizm və səyahətlər, həmçinin “HOREX Caucasus-2013” VII Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimat sərgiləri keçirilib.
Aprelin 5-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində keçirilən sərgilərlə tanış olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına məlumat verib ki, son illər Azərbaycanın turizm potensialını nümayiş etdirmək məqsədilə keçirilən bir sıra mühüm tədbirlər bu sahəyə marağı daha da artırıb. Bu baxımdan Bakıda hər il ənənəvi keçirilən “AİTF” və “HOREX Caucasus” beynəlxalq sərgilərinin xüsusi rolu var.
Bildirilib ki, Azərbaycanın və ümumilikdə Cənubi Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri - “AİTF” sərgisi təsis edildiyi gündən etibarən maraqla qarşılanıb və böyük nüfuz qazanıb. Məhz buna görə sərgi iştirakçılarının sayı ildən-ilə artır. Builki sərgidə bir sıra aviaxətlər və aviaagentliklər həm milli qrupların tərkibində, həm də ayrıca stendlərdə təmsil olunub. Türkiyənin “Turkish Airlines”, Çinin “China Southern Airlines”, Qazaxıstanın “Air Astana”, Sloveniyanın “Adria Airways”, Yunanıstanın “Aegean Airlines” şirkətləri və digər aviaşirkətlər sərgidə ayrıca stendlərlə iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar.
“Azərbaycanda istirahət” bölməsi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və xanımına məlumat verilib ki, burada regionlarımızın iqlim xüsusiyyətləri, təbii ehtiyatları və çoxmillətli mədəniyyəti təqdim olunur. Sərgidə şəhər və rayonların ən məşhur kurort zonaları, mehmanxana və pansionatları barədə stendlər də nümayiş etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin “Tanay” şirkətinin stendinə baxıblar. Bildirilib ki, şirkət artıq 6 ildir Azərbaycanda uğurla fəaliyyət göstərir. Keyfiyyətli məhsulları ilə seçilən şirkət Azərbaycandakı mehmanxanaların 70 faizini öz məhsulları ilə təmin edir.
Almaniyanın “Wanzi” şirkəti ilə tanışlıq zamanı qeyd olunub ki, Bakıdakı sərgidə ilk dəfə iştirak edən şirkətin əsas fəaliyyət istiqaməti hotel, istirahət və supermarketlər kompleksləri üçün avadanlıq hazırlamaqdır. Şirkət bu sahədə dünyada aparıcı qurumlardan hesab edilir və onun məhsulları yüksək keyfiyyəti ilə seçilir.
Dövlət başçısı və xanımı İsveçrənin “Franke” şirkətinin stendi ilə də tanış olublar. Bildirilib ki, artıq 8 ildir Azərbaycan bazarında yerini tutan bu şirkət ölkədə fəaliyyət göstərən ictimai obyektlər üçün müxtəlif təyinatlı avadanlıqlar hazırlayır. Şirkətin məhsulları İsveçrə ilə yanaşı, İtaliya, Almaniya və Avstriyada istehsal olunur.
Almaniyanın “Mühldorfer” şirkətinin stendi də maraqla qarşılanıb. Şirkət yataq dəstlərinin istehsalı üzrə dünyada aparıcı qurumlardan biridir. 1920-ci ildən fəaliyyət göstərən şirkət dünyanın müxtəlif ölkələrində hotel və mehmanxana komplekslərini yataq dəstləri ilə təmin edir. Məhsulları yüksək keyfiyyəti və rahatlığı ilə seçilir.
Avstriyanın “Kny Design” şirkətinin stendi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, bu şirkət işıq dizaynı və dekorativ işıqlandırma sahəsində dünyada böyük nüfuza malikdir. Şirkət işıqlandırma dizaynı sahəsində böyük layihələr reallaşdırır.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya “AF Hotel-Aqua Park” ailəvi istirahət kompleksində yaradılan şərait barədə də məlumat verilib. Qeyd olunub ki, Xəzər dənizi sahilində yerləşən kompleks təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda analoqu olmayan ailəvi istirahət mərkəzidir. Fəaliyyətə başladığı gündən kompleks həm xarici qonaqların, həm də yerli sakinlərin sevimli istirahət mərkəzinə çevrilib. Qonaqlar burada yüksək səviyyədə hotel, əyləncə və idman xidmətlərindən istifadə edə bilərlər. “AF Hotel-Aqua Park” qonaqların arzusu ilə paytaxta və regionlara ekskursiyalar da təşkil edir.
İndoneziyanın stendi ilə tanış olan Prezident İlham Əliyevə və xanımına bu ölkənin turizm imkanları barədə məlumat verilib. Qeyd edilib ki, İndoneziya artıq ikinci dəfədir, bu sərgidə iştirak edir.
Dövlətimizin başçısı və xanımı Birləşmiş Ərəb Əmirliklərinin stendi ilə də tanış olublar. Prezident İlham Əliyevə bu ölkənin, xüsusilə də Dubayın turizm imkanları barədə məlumat verilib. Bildirilib ki, Bakıdan Dubaya birbaşa aviareysin açılması qarşılıqlı turizm axınını təmin etməyə imkan yaradır.
Türkiyənin stendi ilə tanışlıq zamanı qeyd olunub ki, bu ölkə sərgidə geniş şəkildə iştirak edir. Türkiyə şirkətlərinin müxtəlif stendlərində ölkənin turizm marşrutları, infrastrukturu barədə geniş məlumatlar əksini tapıb. Diqqətə çatdırılıb ki, son illərdə Türkiyədən Azərbaycana gələn turistlərin sayında artım qeydə alınıb. Qardaş ölkənin turizm şirkətlərinin nümayəndələri Bakıda keçirilən beynəlxalq sərgiyə böyük önəm verirlər.
Dövlətimizin başçısı və xanımı Bolqarıstan, Sloveniya və Monteneqronun stendləri ilə də tanış olublar.
Qeyd
edək ki, “AİTF-2013” sərgisinə 35
ölkədən 60-dan çox istiqaməti
təmsil edən 251 şirkət qatılıb. Sərgidə
bir çox ölkələrin
milli stendləri ilə fəal
iştirakı artıq ənənəyə çevrilib.
Builki sərgidə rekord
sayda - 20 ölkə öz
milli ekspozisiyası ilə iştirak
edib. Onların arasında sərginin daimi iştirakçıları olan Türkiyə, Rusiya, Gürcüstan, Bolqarıstan, Şimali
Kipr, Çexiya, Birləşmiş
Ərəb Əmirlikləri, Sloveniya və
Misirin milli qrupları
da var. Fransa,
Macarıstan, İndoneziya, İran,
Monteneqro, Mərakeş, Ukraynanın
Krım Muxtar Respublikası, Tailand və Tunisin milli qrupları bu il ilk dəfə sərgidə
təmsil olunublar.
Mədəniyyət.-
2013.- 10 aprel.- S. 8.