Turizm sənayesinin bələdçisi
AİTF-2013
işgüzar görüş və razılaşmalar,
maraqlı təqdimatlarla yadda qaldı
Bakıda keçirilən XII Azərbaycan
beynəlxalq turizm və səyahətlər sərgisi
(“AİTF-2013”) aprelin 6-da işini yekunlaşdırdı. Xəzər
regionunun turizm və mehmanxana sənayesi üzrə ən
böyük ixtisaslaşdırılmış sərgisi olan
AİTF dünyanın 35 ölkəsindən 251 şirkəti
bir araya gətirdi. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən artıq 12-ci dəfə
keçirilən sərginin beynəlxalq nüfuzunu Dünya
Turizm Təşkilatı (UNWTO) və Beynəlxalq Turizm Sərgiləri
Assosiasiyasının (İTTFA) tədbirə verdiyi dəstək
də sübut edir.
2013-cü
ilin turizm mövsümündə yeni üfüqlər
Sərginin artan nüfuzu xarici sahibkarların tədbirə göstərdikləri maraq və iştirakçı coğrafiyasının genişlənməsində də özünü göstərir. Builki sərgi Azərbaycanın zəngin turizm potensialını da əyani nümayiş etdirdi, 2013-cü ilin turizm mövsümündə yeni üfüqlər açdı. Turizm şirkətlərimiz həm xaricdə, həm də ölkə daxilində istirahətin təşkili üzrə geniş xidmət çeşidini təklif edirdilər. Ölkəmizin zəngin təbii şəraiti, mətbəxi, tarixi-mədəni irsi olan iyirmidən çox regionu öz turizm imkanlarını sərgiləyərək xarici şirkətlərin və ziyarətçilərin diqqətini cəlb etdi.
Sərgidə 20 ölkənin milli stendlə iştirakı da «AİTF»in artan nüfuzunu göstərdi. Sərgi günlərində indoneziyalıların bambukdan hazırlanmış ksilofon alətində gözəl ifaları, isveçrəlilərin təklif etdikləri dadlı yeməklər ziyarətçi cəlb etmək uğrunda əsl rəqabətin getdiyini göstərirdi. Şərq bəzək məmulatları ilə maraqlanan, Qərb ölkələrinin eksklüziv içkilərini, ətirli qəhvələri dadmaq istəyən, tərəvəz və meyvələrdən düzəldilmiş «heykəltəraşlıq» nümunələrindən zövq alan ziyarətçilərin istəyini pulsuz putyovkalar və nəqliyyat biletləri təklif edən oyunların xoş həyəcanı tamamlayırdı. Sərgi çərçivəsində müxtəlif görüşlər keçirildi, müqavilələr imzalandı, yeni turizm proqramları və qiymət siyasəti müzakirə olundu.
Sərgi təqdimatlarla zəngin oldu
Hər il olduğu kimi, bu dəfə də sərgi çərçivəsində bir sıra təqdimatlar oldu. Bu xüsusda Avropa İttifaqının «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının genişləndirilməsi» adlı tvinninq layihəsinin təqdimatını ayrıca qeyd etmək gərəkdir. 9 milyon avroluq büdcəyə malik olan 15 aylıq layihə Litvanın Turizm üzrə Dövlət Departamenti və Avstriya Federal Təchizat Agentliyi tərəfindən həyata keçiriləcək.
Yunanıstanın «Aegean Airlines» şirkəti 28 may
tarixində açılması planlaşdırılan
Bakı-Afina birbaşa aviareysini,
Azərbaycanın milli hava
daşıyıcısı «AZAL» konserni
isə Bolqarıstana yeni aviamarşrutu
təqdim etdi. Bakı Ekspo Mərkəzinin konfrans
zalında Dubayın «Atlantis Holidays» şirkətinin «ah2020.com»
ünvanlı yeni «online»-sifariş sisteminin təqdimatı
da maraqla
qarşılandı. Macarıstandan nümayəndə heyəti
isə yay mövsümündə həftədə
iki dəfə həyata keçiriləcək
Budapeşt-Bakı birbaşa aviareysinin açılmasının nəzərdə
tutulduğunu bildirdi. «Pulse Management»
şirkəti «Beach house collection: Maldiv adaları» mövzusunda seminar keçirdi. Daha bir yenilik isə «Xaricdə daşınmaz əmlak» adlı bölümün təqdimatı
oldu.
Beləliklə,
«AİTF-2013» sərgisi bu
il də
müxtəlif ölkələrin
turizm ekspertləri və səyahət həvəskarlarının, aparıcı
turizm şirkətləri
və sahibkarlarının
beynəlxalq görüş
yerinə çevrildi.
AİTF-lə eyni vaxtda gerçəkləşən
«Horex Caucasus-2013» 7-ci Qafqaz
Beynəlxalq mehmanxana,
restoran və supermarketlər üçün
avadanlıq və ləvazimatlar” sərgisi isə qonaqpərvərlik
sahəsində yeni xidmətlərin aparıcı
istehsalçıları və
distribütorları ilə
tanış olmaq, səmərəli müqavilələr
imzalamaq və etibarlı podratçılar
əldə etmək üçün imkan yaratdı.
“AİTF-2013” ümidlərimizi doğrultdu”
Yuliya Çerezova, «Nomos Travel» (Yunanıstan) şirkətinin icraçı
direktoru:
- Şirkətimiz
böyük potensiala malikdir və «AİTF» sərgisində ilk dəfə
iştirak edir. Məqsədimiz Yunanıstanı özümüz gördüyümüz
kimi, yəni tarix və mədəniyyət,
günəş və
dənizlər ölkəsi
kimi təqdim etməkdir. Sərgidə ziyarətçilərin ölkəmizin mədəniyyətinə
olan böyük marağını gördüm.
İnsanları yalnız hotel, çimərlik
və əyləncə
mərkəzləri deyil,
həm də muzeylər, tarixi memarlıq abidələri,
rəsm qalereyaları
maraqlandırır. Əlbəttə,
bu, çox xoşdur! Yerli turoperatorlarla əməkdaşlıq
sahəsində bir neçə müqavilə
imzaladıq. Sərginin yüksək
səviyyədə təşkil
olunmasını, Bakı
Sərgi Mərkəzinin
pavilyonlarındakı mehriban
mühiti və peşəkarlığı xüsusi
qeyd etmək istəyirəm. Mən turizm
sahəsində 15 illik
fəaliyyətim dövründə
bir çox sərgidə olmuşam.
«AİTF» sərgisi insanın
özünü evdəki
kimi hiss etməsinə
şərait yaradır.
Biz ilk dəfə martın əvvəlində
Azərbaycan-Yunanıstan işgüzar
forumu çərçivəsində
Bakıda olduq. Həmin vaxtdan yenidən Azərbaycana qayıtmaq istəyirdim və səbirsizliklə bu sərgini gözləyirdim.
Əminliklə deyə bilərəm
ki, sərgi bütün ümidlərimizi
doğrultdu.
Təmsil etdiyim «Nomos
Travel» şirkətinin Afinada
yerləşən baş
ofisi ilə yanaşı, Rodos, Kit və Korf şəhərlərində
də filialları mövcuddur. 28 may tarixindən
etibarən «Aegean Airlines» aviaşirkəti
tərəfindən həftədə
iki dəfə Afina-Bakı-Afina aviareysi üzrə uçuşlar
təşkil ediləcək.
Azərbaycanlı turistlərin
nəzərinə çatdırıram
ki, qarşıdan gələn mövsüm üçün «all-inclusive» sistemi
əsasında uçuş,
transfer, hotellərdə yerləşdirmə
və qidalanma xərcləri də daxil olmaqla, orta qiyməti həftəlik 500 avro təşkil edən turizm paketlərimiz hazırdır. Azərbaycan vətəndaşları üçün vizaların
tez bir zamanda
verilməsi ilə bağlı kömək göstərilməsi barədə
Yunanıstanın Azərbaycandakı
səfirliyinin konsulluq
şöbəsi ilə
razılaşmamız var. Azərbaycan
vətəndaşlarını səbirsizliklə Yunanıstanda
gözləriyik.
Budapeşt-Bakı birbaşa
aviareysinin açılışı
planlaşdırılır
Mixay Aranoşşi, Macarıstanda turizm üzrə məsləhətçi:
- Macarıstanın
milli korporasiyası olan «Macarıstan Turizm» QSC-nin əsas məqsədi ölkənin turizm potensialını xaricdə
təbliğ etməkdir.
Korporasiyanın Moskvadakı ofisinə
bu ilin 1 yanvar tarixindən ölkəmizin turizm məhsullarını Azərbaycan,
Qazaxıstan, Özbəkistan
və Belarusda təşviq etmək tapşırığı verilib.
Bu istiqamətdə Azərbaycanda ilk addım
«AİTF-2013» sərgisində iştirakımız oldu.
Ötən il
keçirilən sərgini
ziyarət etmişdim və həmin sərgi mənə turizm sahəsində yüksək səviyyəli
işgüzar forum təəssüratı
bəxş etmişdi,
odur ki, builki sərgidə iştirak etmək barədə qərar qəbul etdik. Stendimizdə
4 turoperator, 1 mehmanxana
şəbəkəsi, 2 hotel və «Wizz Air» aviaşirkəti təmsil
olunur. Azərbaycan
vətəndaşlarını Macarıstanla tanış
etmək və yerli turoperatorlarla əməkdaşlıq yaratmaq
üçün sərgidə
4 əsas turizm məhsulunu təqdim edirik. Bunlara ölkənin paytaxtı
Budapeşt, Avropanın
ən böyük göllərindən biri -
Balaton gölündə istirahət,
işgüzar turizmin təşkil olunması
(MICE - iclaslar, həvəsləndirici
tədbirlər, konfranslar
və sərgilər)
və Macarıstanda müalicəvi-sağlamlıq turizmi
daxildir.
Qeyd etmək istəyirəm
ki, bu ilin
yay mövsümündə
həftədə iki dəfə gerçıkləşəcək
Budapeşt-Bakı birbaşa
aviareysinin açılışı
planlaşdırılır. Bu layihənin reallaşması
ölkələrimiz arasında
fəal turist mübadiləsi üçün
böyük imkan yaradacaq. Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutor stendimizə baş çəkərək vəd
etdi ki, səfirlik Azərbaycan vətəndaşlarına vizaların
verilməsi ilə bağlı məsələlərdə
bütün lazımi
köməkliyi göstərəcək.
Sərgidən çox razıyıq,
ölkəmizə olan
maraq çox böyükdür. Milli stendin
bütün iştirakçıları
yerli şirkətlərlə
danışıqlar aparıblar
və müqavilələr
imzalayıblar. «AİTF-2013»
sərgisi Azərbaycanla
əməkdaşlığın genişləndirilməsi baxımından
bizim üçün
başlanğıc nöqtəsidir.
Stendimizdə təqdim olunan
bütün şirkətlər
2014-cü ildə keçiriləcək
sərgidə də iştirak etmək istədiklərini bildiriblər.
“Gələn il də Bakı sərgisində iştirak
edəcəyik”
Amin Sqayer, Tunis Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr
şöbəsinin meneceri:
- İlk
dəfədir ki, Azərbaycanda turizm sərgisində iştirak
edirik və deyə bilərəm ki, bu sərgi
Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən
sərgilərdən heç
də geri qalmır. Tunisin milli turizm idarəsi turoperator olaraq Azərbaycanla davamlı işgüzar əlaqələrin yaradılmasında
maraqlıdır. Bizim «AİTF-2013» sərgisində iştirakımız
daha çox tədqiqat-reklam xarakteri daşıyır, perspektivdə
isə bazarı dərindən öyrənmək
istəyirik. Hələlik Tunisə birbaşa aviareyslər olmadığından
turist qruplarının
kütləvi mübadiləsindən
danışa bilmərik.
Düşünürəm ki, belə bir reys təşkil
edildikdən sonra ölkələrimiz arasında
turizm sahəsində razılaşmalar əldə
olunacaq. Tunisə səfər
etmək istəyən
insanlar indi Azərbaycandan Türkiyə
və Ukrayna vasitəsilə ölkəmizə
gəlirlər. Biz Tunisə
yaxından maraq göstərən yerli həmkarlarla ünsiyyətin
nəticələrindən razıyıq və hesab edirik ki,
stendimizi ziyarət edənlərin bir çoxu gələcəkdə
turoperatorların potensial
müştəriləri ola bilər. Buna görə də
sərgidə iştirakımızdan
çox razıyam.
Əminəm ki, biz gələn il
də «AİTF» sərgisində
yenidən iştirak edəcəyik.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 10 aprel.- S. 9.