“Maestroya həsr olunur”
Bu günlərdə
L. və M.Rostropoviçlərin
ev-muzeyində “Maestroya
həsr olunur” adlı musiqili gecə keçirildi.
Tədbir dünya şöhrətli
musiqiçi, dahi violonçelçi və
dirijor, Mstislav Rostropoviçin anadan olmasının 86 illiyinə
həsr olunmuşdu.
Gecədə maraqlı konsert
proqramı təqdim olundu.
Böyük musiqiçi 1997-ci ildən etibarən Bakıya hər gəlişində azərbaycanlı
ifaçılara ustad
dərsləri keçirdi.
Maestronun
ustad dərslərinin
iştirakçılarından biri də Aleksey Miltıx olub. O vaxt onun 15 yaşı
var idi. Maestrodan aldığı dərslərin
bəhrəsi, Aleksey Miltıxın
istedadının nəticəsidir
ki, indi o, respublikanın Əməkdar
artisti adını daşıyır.
Musiqili gecədə Aleksey Miltıx və beynəlxalq müsabiqələr
laureatı Səidə
Tağızadə öz
çıxışlarını Maestroya həsr etdilər. Onların ifasında N.Myaskovskinin
“Sonata ¹2”, A.Piyaççolonun “Böyük tanqo” əsərləri səsləndi.
Bu əsərlər vaxtilə bəstəkarlar
tərəfindən M.Rostropoviçə
həsr edilib. Proqramı Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru
O.Abbasquliyevin tələbəsi,
pianoçu Səmra Əmiraslanova bəstəkarlar
F.Mendelsonun və F.Listin əsərləri ilə davam etdirdi. Konsert alqışlarla qarşılandı.
Tədbirdə
“Kitab” Cəmiyyətinin
sədri, Miniatür Kitab Muzeyinin yaradıcısı və
rəhbəri Z.Salahova,
BMA-nın prorektoru O.Abbasquliyev, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin
rəhbəri D.V.Petroviç,
“Avropa” liseyinin direktoru Z.Veysova, Q.Qarayev adına 8 saylı musiqi məktəbinin direktoru K.Paşazadə, Azərbaycan
Musiqi Mədəniyyəti
Muzeyinin direktoru A.Bayramova, L. və M.Rostropoviçlər adına
21 saylı musiqi məktəbinin direktoru R.Əzizov və digər görkəmli incəsənət xadimləri
iştirak edirdilər.
Ənənəvi olaraq keçirilən
tədbirlərdə yeni
mövzulu sərgilər
təşkil olunur.
Budəfəki tədbirdə müxtəlif
ölkələrdə M.Rostropoviçin
sağlığında və
vəfatından sonra ona həsr olunmuş
festivallardan bəhs olundu və bu mövzuda muzeyin fondundan çıxarılmış eksponatlar
sərgiləndi. Sərgidə
Moskva, Nyu-York və Bakı festivallarının buklet və proqramları nümayiş olunurdu. Həmin materialların bəziləri
maestronun ailəsi tərəfindən muzeyə
hədiyyə edilib, bəziləri isə muzey tərəfindən toplanıb. Qonaqlar bu festivalların
tarixini əks etdirən fotoşəkillərdən
ibarət slayd şounu izlədilər.
Muzeyin direktoru Şeyla Heydərova çıxış
edərək qonaqlara müxtəlif ölkələrdə
M.Rostropoviçə həsr
olunmuş festivallar haqqında maraqlı məlumat verdi.
Qeyd etdi ki, M.Rostropoviçin sağlığında, 2003-cü il martın 27-də Nyu-York filarmoniyasında təşkil olunan “Slava və dostları”
adlı festival məşhur
festivallardan idi. Nyu-York festivalı ilə bağlı olan zəngin arxivi həmin festivalın təşkilatçılarından
biri Mariya Yantskova muzeyə hədiyyə edib. M.Rostropoviçin vəfatından
sonra da müxtəlif ölkələrdə
onun adı ilə bağlı festivallar təşkil olunur. Belə festivallardan birincisi Bakıda 2007-ci ildən keçirilən beynəlxalq
festivaldır. M.Rostropoviçin
ömrünün çox
hissəsini yaşayıb-yaratdığı
Moskvada da 2010-cu ildə maestroya həsr olunmuş festivalın təməli qoyuldu.
Tədbirdə
çıxış edən
“Kitab” Cəmiyyətinin
sədri Zərifə
Salahova L. və M.Rostropoviçlər ev-muzeyinin
fəaliyyəti ilə
hər zaman maraqlandığını, mədəniyyət
ocağının aktiv
fəaliyyətini təqdir
etdiyini vurğuladı:
“Burada daima maraqlı mövzularda musiqili gecələr təşkil edilir. Sizə bundan sonrakı fəaliyyətinizdə
də uğurlar arzulayıram”.
Rusiya İnformasiya və Mədəniyyəti Mərkəzinin
rəhbəri V.P.Denisov
Bakıya yeni gəldiyini, muzeylə tanışlığın və
musiqi gecəsinin onda dərin təəssürat yaratdığını
bildirdi.
Rəhimə Salmanova,
L.və
M.Rostropoviçlərin ev-muzeyinin elmi işçisi
Mədəniyyət.-
2013.- 10 aprel.- S. 12.