Məşəqqəti-həyat, səadəti-ad...

 

   Fəxrəddin(lər) müsibətlərini yaşaya-yaşaya milli-ədəbi fəxarətlərə yetmiş ədib - Nəcəf bəy Vəzirov

  

   Şanlı ədəbiyyat aləmimizin canlı həyat ədibi - Nəcəf bəy Vəzirov. Öz həyatı da bir yaşam dramı, elegial komediya, ələm romanı olmuş Nəcəf bəy Vəzirov. Yaşadığı uşaqlıq, oynadıldığı yeniyetməlik, ilk gənclik “vodevil”ləri onu sənətə, müəllifliyə doğru addımladırdı. Tale-“müəllif” onu sürətlə həyat məşəqqətlərinin bütün “mövzu”larında işləyir, tragikliyin “personaj”lığından tutmuşbaş qəhrəman”lığına qədər - hər dürlü rollara çəkirdi...

   Elmi-filoloji və mətbu mənbələr Azərbaycanın ədəbi-ictimai oyanışında, publisistika və teatral aləmində N.Vəzirov irsinin oynadığı universal rolu kifayət qədər açıqlayıb-qiymətləndirmişdir. Bu mənbələrə görə o, dramaturgiyamızın təşəkkül və inkişafında, ədəbiyyat və publisistikamızın ideya-estetik məzmununun, bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşməsində, milli teatrımızın formalaşmasında müstəsna xidmətləri olmuş görkəmli simadır. Qeyd edilir ki, orijinal yaradıcılıq nümunələri və yorulmaz ictimai fəaliyyətilə xalqın təkcə maariflənməsinə, dünya sivilizasiya şəbəkəsinə daha aktiv qovuşmasına deyil, həm də onun milli azadlıq hərəkatına ruhən və əmələn kömək edən bu sənətkar ədəbiyyatımızda faciə janrının əsasını qoymuş, Azərbaycanın canından-qanından çıxmaq bilməyən çəpərçilik, elatçılıq kimi feodal-patriarxal düşüncələrə qarşı maarifçilik hərəkatının öncüllərindən olmuşdur. Ədəbiyyat-sənət-teatr şünaslığımızın bütün öymə-xeymələrində N.Vəzirovun şəxsiyyəti haqda da yalnız xoş sözlər, fəxarətli rəylər söylənilir. Bu böyük məzə-məzhəkəli komediyanəvis, ağır-uğur dramaturq, milli qeyrət-namuslu ictimai xadimin taleirsi” isə, dinməzcə-söyləməzcə, bütün bu xoşluqların “əksinə” olaraq, ictimai-mühiti naxoşluqlar ərz edir, bu qadir sələfin qədirbilən xələflərini onunVay şələküm-məlləküm” əsərinin ad-lad ovqatı üstdə də kökləyir, ədibliyi yalnız məsud məşhurluq, səadət - səltənət sahəsi, zəngin peşə-iaşə süfrəsi sayanlara bir balaca istiot da dadızdırır...

  

   Ömrünön sözü...

  

   Gələcəyin böyük ədibi, sovet ədəbiyyatının öz (“xoşbaxt”) sosializm oxucularına fəqir-füqəra (“valideynlərini erkən itirmə”) yarlıqları ilə tanıtmağa çalışdığı əksər sənətkarlardan fərqli olaraq, gözünü açıb ata-anasını sağ görsə də, onlar da - özü kimi - sağlam olmamışlar. Atası - bütün Şuşadaquru bəy” kimi tanınan Fətəli illər xəstəsi, anası - yanından yel ötməmiş yorğan-döşəyə düşən Mina xanım isə, həm də bu yeganə oğlunu “sağaldıb məktəbə göndərmək” azar-bezarlısı imiş. Ancaq balaca Nəcəfin səhhəti ananın bu arzusunu beş-altı il gözündə qoyur. Onun madar balası on iki yaşının tamamında məktəbə getsə də, yazıb-oxumağı tez bir zamanda öyrənə bilsə də, dini təhsilindən ayrılıb Şuşa şəhər mülkiyyət məktəbində oxumağa başlasa da, xəstəhallıq haləsi onu kölgə kimi izləyir. Üstəgəl, mülkiyyə məktəbində bəxtinə düşən müəllimin amansız rəftarı! Nəcəf öz qabiliyyətilə bu rəftarın hədəfinə çevrilməsə də, həmin despot-müəllimin uşaqları yerli-yersiz döyməsi, “jandarmeriya tipində işgəncələr verməsi” onu bu məktəbdən uzaqlaşmağa məcbur edir.

   Bunlar hər saat, hər gün “həyat-müəllif”in nə qələmə, nə vecə aldığı milyonlarla psixo-travmatik dramlardan bir “şəkil”. “Pərdə”lər isə hələ qabaqda...

   ...Tarixi “səbəblər və nəticələr” aspektindən yanaşsaq, həmin o məktəbdən və sonralar baş verən digər sovuşma-qaçışmalar, bezmə-dözmələr balaca Nəcəfi böyük ədibliyə, “müqtədir maarifçi”liyə, “alicənab ictimai xadim”liyə yaxınlaşdırırmış. O, ürəyində bu mənzilə çatmaqçün nə qədər tələssə də, ətraf maneələr ucbatından gecikirmiş. Amma o, bu yorucu yollardan çəkilmir, üzünə gülməyən bəxt-taledən küsmür, canının daimi “atribut”ları olan xəstəliklərdən beziksə də, onun ani dincəliş istəyinə, heç olmasa qısamüddətli istirahət tələblərinə tabe olmurmuş.

   Deyək ki, heç mərəzlər də tabe olmur, bu gəncin arzularının ipinə-sapına yatmırmış. Mənbələrin nəqlinə görə, bəzən candan usanmalar, hər şeydən çəkinmələr, uzaqlaşmalar da olurmuş. Bunların doğurduğu ruh düşkünlükləri, artıb-azalan səhhət zəifləmələri bu qəlbiqırıq yeniyetməyə imkan vermirmiş ki, qanadısınıq könül quşu həyatın daha vacib budaqlarına qonsun. Onun həmin məktəbdən uzaqlaşmasını ətraf, hətta bəzi yaxın qohumları belə tənbəlliyi, bacarıqsızlığı, çətinlikdən qorxması kimi qiymətləndirirmişlər. Bunun isə, uşaq psixologiyası üçün nə demək olduğunu bilmək üçün o qədər də böyük olmağa ehtiyac yoxdur. Həmin qohumlardan biri kənd-kəsəkdə mirzəlik edib ata-anasını dolandıra bilməsi üçün Nəcəfə rusca yazıb-oxumağı öyrətmək fikrinə də düşür. Lakin içi istedadqürur hisslərilə dolu bu oğlan neçə-neçə bu kimi “sədəqə”-qayğıları qəbul etmir, on beşcə yaşındaykən - bütün bu müsibəti-Nəcəfciyəzliklərə qalib gəlmək eşqilə - onu “Müsibəti-Fəxrəddin” müəllifliyinə ucaldası paytaxta gəlir.

  

   Dayanacaqlı-dayanacaqsız səfərlər...

  

   Bayatılarımızdan biri deyir “Gəzməyə qürbət ellər”... Nəcəf bəysə qürbətlərə gəzməkçün yox, təhsil, millətinin mənəvi müsibətlərinə çarələrçün gedirmiş. Səhhəti isə onun gəzib-dolaşdığı yerləri “şəhərlər... müsibəti-səfərlər...” yozumuna salmışdı. Hələ Allah bilir - o yeknəsəq qatar fitləri, təkər taqqıltıları dövrlərinin güdazına getmiş zaman qırıntıları onun qələmindən neçə-neçə əsər alıb aparmışdı!

   Şuşa - Bakı - Moskva - Sankt-Peterburq - Yelizavetpol - İrəvan... Bunlar bütün ömrü uzunu milli-mənəvi qayğı və təəssübkeşlik yükü daşımış Nəcəf bəy Vəzirovun “yol vərəqəsi”nə düşmüş şəhərlərin bir qismidir.

   Elə buradaca vurğulanmalıdır ki, bu səfərlərin birinci dayanacağı - Bakı - çox maraqlı, xeyli xoştəəssürat, mənən məhsuldar olmuşdur. Əvvəla, burada verdiyi imtahan yüksək qiymətləndirilərək, real gimnaziyanın birbaşa ikinci sinfinə qəbul edilmişdir. Qeyri-adi bilik və bacarığı hesabına sonuncu sinifdəykən, əlaçı şagird-müəllim sifətilə dövlətli uşaqlarına dərs deyib, çörəkpulu qazanmışdır.

   Gimnaziyada oxuyarkən, təkcə buranın yox, artıq bütöv bir millətin müəllimi kimi tanınmaqda olan, şagirdlərə yalnız sinif dərsi yox, bütöv həyat məktəbi öyrədən Həsən bəy Zərdabi ilə aralarında çox yaxın, milli nüanslarla süslənmiş dostluq münasibətləri yaranır. Zərdabinin söhbətləri, elmi-ictimai, həyati-fəlsəfi görüşləri gənc Nəcəfin təbiət elminə yönəlib-yiyələnməsində təhrikedici məsləhət rolu oynayır. O, rusdünya yazıçılarının əsərlərini oxuyur, klassik təbiətşünaslıq nəhənglərinin elmi-metodoloji qənaətlərini axtarıb-arayıb, peşəkar bir həvəslə mənimsəyir.

   1874-cü ildə real gimnaziyanı bitirən Nəcəf təhsilinə davam üçün Rusiyaya gedir. Əlbəttə, bir il öncə Bakıdakı bir “hadisə”ni də düşüncələrinə əbədi yol yoldaşı etmək şərtilə. Sonralar müəllifin o “hadisə”ni vəsf edən xatirələrindən ikicə cümlə: “1873-cü ildə - altıncı klasda oxuduğum zaman birinci dəfə rus teatrına getdim. O gecə mənə nəhayət dərəcədə təsir etdi...”

   Beləliklə, çətin həyat dramından çıxıb, teatral səhnəyə vurulmuş bu gənc dünyanın ictimai-siyasi, sosial-sentimental səhnələrinə üz tutmalı olur. Yığcam Qala-Şuşadan böyük Bakıya, yarımada-bəlasəda Bakıdan birbaşa imperiya paytaxtına düşən iyirmi yaşlı Nəcəfdə ilk olaraqVelikoderjava!” hiss-həyəcan yaranır. “Əyalətlərində rəzalət, mərkəzində qüdrət...” kimi təəssüratlara qapılır. Bir ara Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olmaq istəyir. Lakin bir neçə səbəbdən buna nail ola bilmir və yenidən Moskvaya qayıdıb Meşə və Təbiətşünaslıq Akademiyasına daxil olur. Tələbəliyi Rusiyada azadlıq hərəkatının genişləndiyi illərə təsadüf edir. Hələ Bakıda ikən Həsən bəy Zərdabinin milli azadlıq düşüncələrilə yüklənmiş Nəcəf bu ümumbəşəri ideya-mübarizənin Moskva qolundan kənarda qala bilmir. Qızğın inqilabi mühitə düşən bu cənublu tələbə siyasi təkamül fikirli gənclərlə dostlaşır, təhsil aldığı ali məktəb daxilində baş verən ictimai-siyasi çıxışlarda, qeyri-leqal təşkilatlarda iştirak edir. 1878-ci ildə Akademiyanı bitirib Qafqaza təyinat alan Nəcəfin elə həmin il Bakıda (H.Zərdabinin təşəbbüs və xeyir-duası ilə) yaratdığı “İmdadiyyə” dərnəyi isə tarixi faktdır ki, bu, onun Moskva inqilabçılığından bəhrələnmişdi. Bu rüşeymlər, siyasilikdən çox mənəvi-mədəni inqilabçılıq həsb-halları N.Vəzirovu bütün ömrü boyu tərk etməmişdir. Həmin milli-mənəvi-fəlsəfi duyğular mübarizə yollarında daim onun müqəddəs arzu-əməl yüklərinin əyilməsinə, bəzən aşınıb-aşmasına səbəb olmuşdur. Bunca böyük çalışma-çarpışmalar, ədəbi-bədii məhsullar müəllifi, hətta mahiyyətcə “taleyin ironiyası” təsiri bağışlayan meşəbəyi “vəzifə”sindən xaric olunma (iki dəfə) “şərəf”inə də nail olmuşdur. Elə İrəvan quberniya idarəsində tibb şöbəsinin katibi, Qazaxda “mübahisəli işlər şöbəsi”ndəki kargüzarlıq görəvləri də N.Vəzirovun fiziolojiictimai-sosioloji səviyyə topuğundan çox-çox aşağı vəzifələr idi...

   ...Və mövqe və mahiyyətcə yuxarıdakı hal-əhvallardan çox yuxarı olan aşağıdakı qısaca-

  

   Mətləb-məramlar...

  

   Əsasən də bu mənada ki, yuxarıda - çəkdiyi əzab-əziyyətlərin, yaşadığı həyat məşəqqətlərinin bir qisminə toxunulan N.Vəzirov haqda həmin bu “aşağıda” bölümündə yalnız sənət nəhənglərimizdən biri olaraq bəhs ediləcək. Özüona görə çox qısaca ki, N.Vəzirov bütün söz kimsələri üçün işlədilən “həyat və yaradıcılığı” trafaretinin ikinci tərəfi teatrsevər və ədəbiyyatbilər oxucularımıza kifayət qədər bəllidir. Onun orijinal ədəbi üslubu, təkrarsız remarkaları dövrünün sosial-material aləmi ilə birgə, psixoloji, regional-leksikoloji rəngarəngliyini də tabloanə, peyzajvari şəkildə sərgiləyir...

   Böyük ədib dünyada əbədi qalası əsərlər üzərində çaba-çalışmalardan vaxt kəsib, qəzet və jurnallarda “gündəlik tələbat” mövzularına da qələm çalırdı. “Həyat”, “İrşad”, “Açıq söz”, “Tazə həyat” və digər qəzetlərin oxucuları “Dərviş” və s. imzalarla çıxış edən Nəcəf bəyin məqalələrini də Həsən bəy, Mirzə Cəlil, Üzeyir bəy, Mirzə Ələkbər yazıları qədər sevgimaraqla izləyirdilər. Lakin o, sözdən çox göz ovuna aludə olan dövrün səhnəsi üçün daha artıq işləməyə səy edirdi. Nədən ki, bu yanğı dolu ziyalı-yazıçı “Pəhləvanani-zəmanə”lik, “Müsibəti-Fəxrəddin”lik, “Yağışdan çıxdıq, yağmura düşdük”lüklərlə qarşıdurmalara daha çox aşiq idibir tərəfdən də bütün bu mənəvi mübarizələri cismani xəstəliklərlə müşayiət olunan ömrün sonları idi...

   ...1926-cı ilin yayı. Tələbələrini təcrübə məşğələləri üçün həmişəki eşqlə Şamaxıya - Çuxuryurda aparmış N.Vəzirov iyulun 9-da, saat 19-da ürək partlamasından vəfat edir...

   Amma, gəlin, özümüzü 1854-cü ilin 7 apreli üstə - böyük ədibimizin doğum günü ab-havasına kökləyək...

  

 

   Tahir Əhmədalılar

 

  Mədəniyyət.- 2013.- 10 aprel.- S. 13.