Xalqın
maarifpərvər xanımı
Azərbaycanın maarifpərvər qadınlarından biri, böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir Qarabağ xanı İbrahimxəlil xanın nəslindəndir.
Xanın qardaşı oğlu Məmməd bəy Cavanşirin nəvəsi Əhməd bəyin qızıdır. 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində doğulan Həmidə xanım uşaqlıqda rəsmi məktəb təhsili almamış, Azərbaycan və rus dillərində oxuyub-yazmağı atasından öyrənmişdir. Şəxsi mütaliə yolu ilə savadını, biliyini artıraraq, zəmanəsinin qabaqcıl ziyalılarından birinə çevrilmişdir.
1880-ci illərin sonlarında Həmidə xanım podpolkovnik İbrahim bəy Davatdarov ilə ailə qurmuş, bu evlilikdən iki övladı (qızı Mina, oğlu Müzəffər) dünyaya gəlmişdi. 1902-ci ildə ərini, bir il sonra isə atasını itirən xeyriyyəçi xanım Kəhrizlidə yaşayıb ata mülkünü idarə etmiş, uşaqlarını böyütmüşdü. 1905-ci ildə Tiflisdə Cəlil Məmmədquluzadə ilə tanış olan Həmidə xanım 1907-ci ildə onunla ailə qurur və bu mehriban ailə həyatı 25 il - Mirzə Cəlilin ölümünədək davam edir. Bu evlilikdən iki oğlu - Midhət və Ənvər dünyaya gəlir.
Həmidə xanım Kəhrizlidə yaşayarkən kasıb ailələrə əl tutur, məktəb açdırır, qızların oxumasına xüsusi diqqət ayırır, xəstə uşaqları özü müalicə edir, həyətində tikiş emalatxanası açdırır. Mirzə Cəlilin vəfatından sonra ictimai-ədəbi həyatda fəal mövqe tutan Həmidə xanım ömür-gün yoldaşının əsərlərini tərcümə edib, böyük sənətkarla bağlı kövrək xatirələrini qələmə alıb. 1955-ci il fevralın 6-da vəfat edib, Bakıda Fəxri xiyabanda, Cəlil Məmmədquluzadənin məzarı yanında dəfn olunub.
Onun Kəhrizli kəndində yaşadığı ev 2005-ci ildən muzey kimi fəaliyyətə başlamışdır. Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi fəaliyyət göstərən ev-muzeydə bu günlərdə Həmidə xanımın anadan olmasının 140 illiyi qeyd olunub.
Tədbirdə ev-muzeyin müdiri Zeynəb Quliyeva xeyriyyəçi xanımın həyat və fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Kəhrizli sakinləri Mürşüd Nəsirov, Ayulduz Nəsirova, Kəhrizli kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Allahverdi Salmanov, bələdiyyə sədri Rais Məhərrəmov Həmidə xanımın maarifpərvər və xeyirxah əməllərindən söz açıblar. Şagirdlər şair Vaqif Kəhrizlinin Həmidə xanıma həsr etdiyi şeirləri və xeyriyyəçi xanımın özünün qələmə aldığı bayatıları söyləyiblər.
Xeyriyyəçi xanımın 140 illik yubileyi ilə bağlı tarix-diyarşünaslıq muzeyində də dəyirmi masa təşkil edilib. Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri R.Quliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə Allahverdiyeva, şair Yəhya Paşayev, Gündüz Nəcəfov, rayon Mədəniyyət evinin direktoru Məzahir Mehdiyev, muzeyin əməkdaşları iştirak ediblər.
Elmira
Adıgözəlova,
Ağcabədi Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin
direktoru
Mədəniyyət.- 2013.- 10 aprel.-
S. 14.