Bizlərdən biri - Bayram xan Baharlı
Aprelin 4-də Azərbaycan Yazıçılar Birliyinin
“Natəvan” klubunda jurnalist-etnoqraf Ənvər
Çingizoğlunun “Bayram
xan Baharlı” kitabının təqdimatı
oldu.
Tədbiri Sumqayıt Dövlət Universitetinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru Bəhram Məmmədli açaraq bildirdi ki, türk dünyasının
görkəmli şairi
və dövlət xadimi Bayram xan
Baharlıya həsr olunan kitab Azərbaycan
tarixinə, ədəbiyyatına
yeni bir töhfədir. O, nəşrin
ərsəyə gəlməsində
Sevda xanım (Baharlı) Məmmədovanın
dəstəyini xeyirxahlıq
nümunəsi adlandırdı.
Qeyd olundu ki, Bayram xan Baharlı
Azərbaycan xalqının
tarixində və ədəbi irsində mühüm rol oynayıb. Ancaq xeyli vaxt etnik mənsubiyyəti müəmmalı qalıb.
Uzun müddət ədəbi ictimaiyyətə özbək,
daha çox isə türkmən xalqının görkəmli
nümayəndəsi kimi
təqdim edilib. Ancaq gec də olsa,
bu görkəmli şəxsiyyətin kimliyinə
bir aydınlıq gəldi, Bayram xan Baharlının məhz azərbaycanlı olduğu gün üzünə çıxdı.
Araşdırıcı Orxan Baharlı
bildirdi ki, Baharlılar dövlətçiliyimizin
və mədəniyyətimizin
inkişafında mühüm
xidmətləri olan Azərbaycanın ən qədim tayfalarından biridir. Dünyanın dörd bir yanında (İranda, Hindistanda, Özbəkistan
və Türkmənistan)
yaşayıb-yaradıblar, harada olmasından asılı olmayaraq, həmişə seçilib-fərqləniblər.
Ötən əsrin 37-ci illərində
isə repressiya tufanı onlardan da yan keçməyib.
“Şuşa”
nəşriyyatının direktoru
Vasif Quliyev Ənvər Çingizoğlunu
təbrik etdi, onun ərsəyə gətirdiyi kitabı oxucular üçün dəyərli töhfə
adlandırdı.
Tarix üzrə elmlər doktoru, professor Ədalət
Tahirzadə Ənvər
Çingizoğlunun Avşar,
Qacar, Cavanşir, Baharlı kimi görkəmli Azərbaycan
tayfaları haqqında
kitablar, yüzlərlə
məqalə yazdığını
nəzərə çatdırdı,
ona gələcək fəaliyyətində uğurlar
arzuladı.
Bakı Slavyan Universitetinin müəllimi, tarix üzrə fəlsəfə
doktoru Mahal Qacar, tarix və
texnika elmləri doktoru, professor Ziyadxan Nəbibəyli, yazıçı-jurnalist
Məhəmməd Baharlı,
sabiq millət vəkili Aydın Əliyev (Avşar), Respublika Hərb Tarixi Muzeyinin “Arxiv fond” şöbəsinin
rəis müavini Lalə Hüseynova, şair Oqtay Rza və başqaları
kitab haqqında ürək sözlərini
bildirdilər.
Sonda Nəcəfqulu bəy
Şeydanın nəticəsi,
Baharlılar nəslinin
tanınmış ziyalı
xanımı, Sevda Məmmədova (Baharlı)
çıxış edərək
Ənvər Çingizoğluna
və tədbir iştirakçılarına minnətdarlığını
bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 10 aprel.- S. 14.