Azərbaycanda mədəni turizmin imkanları genişdir

 

   «Polar EAST» şirkətinin direktoru Cavad Cəfərov: “Ölkəmizdə turizmin inkişafında bizim də payımızın olmasını istəyirik”

  

   Türkiyənin «Polar WEST» turizm şirkəti ötən ildən Azərbaycanda fəaliyyətə başlayıb. Bakıda «Polar EAST» adı ilə tanınan şirkət əsasən ölkəyə turist cəlb etməklə məşğuldur. Şirkətin rəhbəri Cavad Cəfərov qəzetimizə müsahibəsində fəaliyyət istiqamətləri, gələcək planları barədə danışdı:

  

   - 15 ildir turizm sahəsində çalışıram. «Polar WEST»in əsas sahibi Akın bəy uzun müddət Almaniyada yaşayıb, bu ölkənin ən böyük turoperatorlarında yüksək vəzifələrdə çalışıb. Türkiyədə «Polar WEST» adı ilə fəaliyyət göstəririk. Dünyanın müxtəlif ölkələrindən Türkiyəyə turist cəlb edirik. Ötənilki turist sayımız 200 minin üzərindədir. Bunun 20-22 minini tarixi-mədəni turlar təşkil edir. Türkiyənin müxtəlif bölgələrində, o cümlədən Antalyada, Bodrumda ofislərimiz var. Ötən ildən İstanbulda da ofis açdıq. Xarici turistlərdən əlavə, yerli bazarda da türk müştərilərlə işləyirik. Bu istiqamətdə onlayn xidmətimiz (www.tatilematile.com) də mövcuddur. MDB bazarında ATS markası altında fəaliyyət göstəririk. İldə MDB ölkələrindən Türkiyəyə 10 min nəfərə yaxın turist aparırıq. Azərbaycandan da müştəri payımız az deyil. Buradan qəbul etdiyimiz turistlərin sayı 8-10 min nəfər təşkil edir. Azərbaycan bazarını nəzərə alsaq, az rəqəm deyil. Təbii ki, bu sayı artırmaq istəyirik. Amma buna mane olan səbəblər var. Qiymət faktoru, uçuş xərci, Azərbaycandakı tətil günlərinin sayı və s. bu məsələyə təsir göstərir. Ölkəmizdə insanların əksəriyyəti yalnız yay tətilində məzuniyyətə çıxır. Xüsusilə də istirahətə uşaqlarla gedənlər məcburən yayı gözləməlidir. Ona görə də azərbaycanlıların tətili may-sentyabr aralığına təsadüf edir. İlin digər aylarında istirahətə gedənlərin sayı cüzidir. Dubaya, Avropanın müxtəlif ölkələrinə 2-3 günlük turlar hər zaman var. Uzunmüddətli tətil isə ancaq yay mövsümünə təsadüf edir.

   - Azərbaycanda fəaliyyətinizi hansı istiqamətdə quracaqsınız?

   - Burada şirkət qurmaqda məqsədimiz Azərbaycana çoxsaylı turist səfərlərini təşkil etməkdir. Türkiyədəki təcrübəmizi buraya da gətirəcəyik. Təbii ki, turist sayı baxımından Azərbaycanla Türkiyəni müqayisə etmək doğru olmaz. Çünki Türkiyədə turizm sahəsinin inkişafı uzun illər öncəyə təsadüf edir. Azərbaycan isə bu yolda yenidir. Amma qayğı, diqqət və inkişaf olan yerdə mütləq nəticə də olur. Azərbaycan da bu sahədə lazımi nəticələr əldə edəcək.

   - Ölkəyə turist gətirmək üçün Azərbaycanda hansı tədbirlərin həyata keçirilməsi vacibdir?

   - Biz düşünürük ki, Azərbaycanda mədəni turizmin imkanları daha genişdir. Dünyanın bütün ölkələrində oluruq, xırda bir imkanı belə turizm paketi kimi yüksək qiymətə sata bilirlər. Azərbaycanın bu sahədə heç bir əskiyi yoxdur: nə tarixi abidələr, nə mətbəx, nə də təbiət olaraq. Bunların hamısını biz çox gözəl təqdim edə bilərik. Ərazimiz də elə böyük deyil. Türkiyədə 11 günlük turlar edirik. Bu ölkənin ərazisi çox böyük olduğuna görə belə qısamüddətli gəzinti turları turistlər üçün yorucu olur. Amma Azərbaycanda yollar qısa, bütün regionlar bir-birinə yaxın. Lahıc, Qəbələ, Şəki, Bakı, cənub bölgəsi də daxil, bir həftənin içərisinə bütün Azərbaycanı əhatə edə bilən turlar təşkil etmək mümkündür. Bu səbəbdən də «Polar EAST»ı burada açdıq. İstəyirik, Azərbaycan turizminin inkişafında bizimbir payımız olsun.

   - Turist cəlb etmək üçün lazım olan bütün şərtlər Azərbaycanda varmı?

   - Bunun üçün əlimizdə bütün imkanlar var, əlaqələrimiz genişdir. Bütün tanınmış operatorları Azərbaycana cəlb edə bilərik. Amma bütün faktorların Azərbaycanın lehinə çevrilməsi lazımdır. Birincisi, qiymət faktorudur, hotellər məsələsidir. İkincisi, hava nəqliyyatında bəzi təşviqedici addımların atılmasıdır. Belə təcrübə dünyanın əksər ölkələrində var. Məsələn, Şimali Kipr turist cəlb etmək üçün təyyarədə hər sərnişin yerinə müştəri gətirən turoperatorlara 120 avro bonus verir. Bu operatorlar da həmin bonusu Avropadakı həmkarlarına verirlər ki, onlar üçün turist gətirmək cəzbedici olsun. Müxtəlif ölkələrdə bu qiymətlər müxtəlifdir. Dövlətin bu işdə dəstəyi çox vacibdir. Çünki özəl şirkətlər tamamilə kommersiya maraqlarından çıxış edirlər. Buna görə də onları qiymətləri endirməyə məcbur etmək mümkün deyil. Amma dövlət başlanğıcda müxtəlif istiqamətli güzəştlər edə bilər.

   - Sizcə, dövlətin dəstəyi bu məsələdə hansı formada olmalıdır?

   - Azərbaycana çarter səfərlərini təşviq etmək lazımdır. Hotellərə tətbiq edilən vergini ilk vaxtlar azaltmaq olar. Çünki hotellər qiymət bahalığını çox zaman bununla izah edirlər. Digər tərəfdən, burada hotellərin əksəriyyəti ticarət məqsədilə fəaliyyət göstərmir. Bəzi hotellərdə hətta «turist istər gəlsin, istər gəlməsin, mənim qiymətim budur» məntiqi də var. Bir məqamı da qeyd edim ki, mədəni turizm həvəskarlarının qalması üçün 3 və 4 ulduzlu hotellərə daha çox ehtiyac var. Çünki Avropadan bu məqsədlə ölkəmizə gələn turistin məqsədi sadəcə hoteldə yatıb, səhər yeməyini yeyib gəzməyə getməkdir. Ona bahalı hoteldə qalmaq sərf etmir. Mədəni turizm həvəskarları daha çox gəzməyə pul xərcləyirlər. Bu məqsədlə nə qədər çox turist gələrsə, hotelə az pul versə belə, ölkədə alış-veriş edir, yemək yeyir, muzeylərə girir, xalça və suvenirlər alır və s. Bunların hamısından isə bir şəkildə ölkə büdcəsinə vəsait daxil olur.

   Ümumiləşdirsək, Azərbaycana turist gətirmək üçün əsas üç məsələni qeyd etmək olar. Birincisi, ölkəyə uçuşların təşviq edilməsi, hotellərdə qiymətlərin normallaşdırılması və viza məsələsi. Düzdür, viza ilə bağlı məsələ həll edilib. Artıq Azərbaycana gələn turistlər onlayn vasitəsilə viza ala bilirlər. İnşallah, bu özünün müsbət nəticəsini də verəcək. Bundan sonra isə qalır tanıtımın həyata keçirilməsinə. Bu artıq turizm şirkətlərinin işidir.

   - Azərbaycanda ötən ildən fəaliyyət göstərirsiniz. Bizdə müzakirə edilən məsələlərdən biri turizm şirkətləri və hotellərin normal əməkdaşlıq qura bilməməsidir. Hotellərlə anlaşa bilirsinizmi?

   - Bunun bir səbəbi də təcrübəsizlikdir. Azərbaycandakı bir çox hotellər «patron» məntiqi ilə fəaliyyət göstərir. Dünyada daha çox rast gəlinən və uğur qazanan bir praktika var ki, sahibkar hoteli tikironu peşəkar işlətməçi qrupuna həvalə edir. Hotel sahibi heç nəyə qarışmır, sadəcə, vaxtaşırı hesab-kitabını edir. Əgər bu qrupla işləmək onu qane edirsə, davam edir, əks halda işlətməçi qrupunu dəyişir. Bizdə sahibkarlıq fəaliyyəti yeni olduğuna görə hər kəs öz obyektini özü idarə etməyə çalışır. Amma bunun üçün mütləq həmin sahədə təcrübən olmalıdır. Düşünürəm ki, bunlar da zamanla öz həllini tapacaq.

   - Şirkətiniz əsas fəaliyyətini ölkəyə turist gətirmək istiqamətində qurub. Daha çox hansı ölkələrdən turist gətirmək niyyətindəsiniz?

   - Mədəni turizm həvəskarları daha çox Avropada, xüsusilə Almaniyadadır. Bundan başqa, Çexiyada, Skandinaviya ölkələrində də belə insanlar çoxdur. Təbii ki, biz bu ölkələrlə kifayətlənmək niyyətində deyilik. Şərq ölkələrindən cənubi koreyalıların, yaponların da mədəni turizmə maraqları böyükdür. Son 5-6 ildə Türkiyəyə bu ölkələrdən gələn turistlərin sayı artıb. Azərbaycanı da Türkiyədəki marşrutlara qata bilərik. Çünki bu insanlar gəzməyi çox sevirlər, avtobusla 1 ay boyunca səyahət etsələr də yorulmurlar. Bizim insanların tətil tərzi fərqlidir. Bizdə daha çox istirahətə meyl edirlər. Amma avropalılar, yaponlar gəzməyi sevirlər. Onlar üçün də istirahət budur. Hazırda Azərbaycanı tanıdan broşurlar, kataloqlar hazırlayırıq, mədəni turizm marşrutları üzərində işləməyə başlamışıq. Mədəniyyət və Turizm Nazirliyinin tövsiyə etdiyi marşrutları gözdən keçiririk.

  

 

      Fəxriyyə Abdullayeva

 

      Mədəniyyət.- 2013.- 12 aprel.- S. 9.