Şahdağdünya miqyasında ən müasir kurortlardan birinə çevrilməlidir”

 

   Aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

  

   İclasda çıxış edən dövlət başçısı bu ilin birinci rübündə ümumi daxili məhsulun 3,1 faiz artdığını, qeyri-neft sektorunda artımın 11,4 faiz olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, qeyri-neft sektorunun inkişafı bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatı neft-qaz amilindən asılılığını azaldır və dayanıqlı inkişaf artıq reallıqdır.

   Prezident regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının uğurla icra olunduğunu bildirib. Bölgələrdə quruculuq işləri aparılır, sosial infrastruktur yaradılır, xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikilir.

   Dövlət başçısı regionlarda turizm infrastrukturunun yaradılmasını xüsusi qeyd edib. Bildirilib ki, bu ilin əvvəlində “Şahdağkompleksinin ilk turistləri qəbul etməsi əlamətdar hadisədir: “Heç bir dövrdə Azərbaycanda dağ-xizək mərkəzi olmamışdır. Hesab edirəm ki, bu layihənin icra edilməsi artıq öz səmərəsini göstərir. Dövlət əsas texniki və maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu da özəl sektora, regionun inkişafına verdiyimiz töhfədir. Eyni zamanda, biz Azərbaycan vətəndaşları üçün gözəl bir istirahət və əyləncə mərkəzi yaratdıq. Bu yaxınlarda mənə verilən məlumata görə, birinci iki ay ərzində 50 min insan artıq bu kompleksdən istifadə edib. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, orada cəmi bir kiçik mehmanxana fəaliyyət göstərir, 50 min insanın oraya gəlməsi çox əlamətdar hadisədir. Gələn qış mövsümünə qədər ən azı üç yeni böyük mehmanxana öz qapılarını qonaqların üzünə açacaq. “Şahdağkurortu dünya miqyasında ən müasir, ən gözəl kurortlardan birinə çevrilməlidir. Qarşıya məhz belə məqsəd qoyulmuşdur.

   Bu layihəni başlayarkən, sözün düzü, bir az fikirləşirdim ki, görəsən, biz bunu icra edə biləcəyik, yoxsa yox?! Ancaq çox şadam ki, bu məsələnin həllində də biz uğurlara imza atdıq. Bu, onu göstərir ki, istənilən layihəmiz, əgər biz bu layihəni başlayırıqsa, mütləq uğurla başa çatmalıdır. Hesab edirəm ki, bu, ölkəmizin ən gözəl istirahət zonalarından biri olacaq.

   Çox şadam ki, bu layihədən sonra Qəbələ rayonunda da xizək kurortunun yaradılmasına başlayıblar. Mən bu yaxınlarda orada olarkən gördüm ki, artıq Qəbələdə ikinci xizək kurortu yaradılır. Bu kurort da bu ilin sonuna qədər hazır olacaqdır”.

   Prezident ikinci regional inkişaf proqramının bu il başa çatacağını qeyd edərək ilin sonuna qədər üçüncü dövlət proqramının hazırlanacağını bildirib.

 

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 2.