Azərbaycanla Rusiya arasında mədəni əlaqələr uğurla inkişaf edir

 

   Aprelin 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiyanın mədəniyyət naziri Vladimir Medinski ilə görüşüb. Rusiyalı nazir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Dünya Forumunda iştirak etmək məqsədilə paytaxtımıza səfər edib.

  

   Söhbət zamanı nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəni əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

   Nazir ölkəmizin son dövrlərdə mədəni həyatında baş verən mühüm hadisələr, keçirilən beynəlxalq mədəniyyət tədbirləri barədə qonağa məlumat verib. Qeyd olunub ki, bu günlərdə Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı işə başlayacaq. May ayının sonunda Azərbaycan paytaxtının II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəyini deyən nazir ölkəmizdə gerçəkləşən beynəlxalq festival və müsabiqələrdə Rusiyanın mədəniyyət xadimləri və musiqi kollektivlərinin də iştirak etdiyini nəzərə çatdırıb.

   İki ölkə teatrlarının qarşılıqlı sənət mübadiləsini önə çəkən Əbülfəs Qarayev Azərbaycan Dövlət Rus Dram Teatrının Rusiyaya uğurlu qastrol səfərlərini və rusiyalı rejissorların ölkəmizdə bir neçə tamaşaya quruluş verməsini təqdirəlayiq hal kimi qiymətləndirib: “Bütün bu hallar bizi sevindirirbiz hər zaman rejissorları, aktyorları, musiqi xadimlərini sıx əməkdaşlığa dəvət edirik. Bu səbəbdən də, həmişə olduğu kimi, hazırkı dövrdə də iki ölkə arasında mədəni əlaqələrin inkişafında böyük bir canlanma nəzərə çarpır”.

   Nazir Rusiyanın vilayətləri ilə də sıx mədəni əlaqələrin olduğunu bildirərək, ölkələrimiz arasında uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

   Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçirilən I Dünya Forumunda iştirakından məmnunluğunu ifadə edib: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə ilk dəfə keçirilən bu foruma dünyanın dörd bir yanından məzunlar gəlmişlər. Bu gün onların əksəriyyəti müxtəlif ölkələrin siyasi xadimləri, dövlətlərin xarici siyasətini təmsil edən insanlardır. Belə bir təşəbbüsə və qonaqpərvərliyə görə ilk növbədə Azərbaycanın dövlət başçısına və xalqınıza minnətdarlığımı bildirirəm”.

   Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrdən söz açan nazir bu sahədə bir çox müqavilə və sazişlərin imzalandığını, həmin razılaşmalara əsasən səmərəli əməkdaşlığın davam etdiyini vurğulayıb. Gələn həftə Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin Rusiya paytaxtında keçiriləcək konfransına Azərbaycanın mədəniyyət və turizm nazirinin də dəvət edildiyini xatırladan Vladimir Medinski belə bir tədbirin Moskvada ilk dəfə təşkil olunduğunu deyib.

   İki ölkə arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edən qonaqTarixi əsaslara söykənən mədəni əlaqələrimizi daima davam etdirmək və bu sahədə daha böyük nailiyyətlər qazanmaq arzusundayıq”, - deyə bildirib.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 3.