Lacivərd
sahilin incisi
Bakıda
Kann şəhərinin turizm imkanlarına həsr olunmuş təqdimat
keçirildi
Aprelin 15-də Fransanın Azərbaycandakı
səfirliyində Kann şəhərinin turizm imkanlarına həsr
olunmuş təqdimat mərasimi keçirildi.
Tədbiri Fransa səfiri Paskal
Mönye açaraq bildirdi ki, Kann şəhərini azərbaycanlılara
geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanda
bu şəhəri yaxşı tanıyırlar: «Ölkələrimiz
arasında əməkdaşlıq regionlarımızın da əməkdaşlığına
zəmin yaradıb. Fransa azərbaycanlı turistləri qəbul
etməkdən çox məmnundur. Buna görə də
hökumətimiz azərbaycanlılar üçün viza
prosesini sadələşdirməyi qərara alıb. Üstəlik,
vizanın müddətini birillik etməyi nəzərdə
tutur».
Nümayəndə heyətinə
rəhbərlik edən Kann şəhər merinin müavini,
Festivallar və Konqreslər Sarayının prezidenti David Lisnar
ölkəmizlə turizm sahəsində əməkdaşlıq
üçün böyük potensialın mövcud
olduğunu bildirdi. Onun sözlərinə görə,
Bakının çox böyük üstünlükləri
var və bu üstünlüklər böyük tədbirlərin
təşkili üçün geniş imkanlar verir:
«Bakının qədim guşələri, eyni zamanda müasir
infrastrukturu var. Əsas məsələ şəhərin
özünəməxsusluğunu qorumaqdır. Çünki
şəhərin məşhurlaşması üçün ən
vacib məqam onun mədəniyyətinin qorunması və
inkişaf etdirilməsidir. Mədəniyyət bütün
dünyanın yaxşıya doğru dəyişdirilməsinə
şərait yaradacaq. Kann şəhəri ona görə
dünyada məşhur oldu ki, öz kimliyini qorudu, əvvəlki
simasını itirmədi. Düşünürəm,
Bakının da unikallığı saxlanılmalıdır».
Kann şəhərinin turizm
potensialı haqqında danışan qonaq bildirdi ki,
bütün dünyada böyük beynəlxalq festivalların
təşkilatçısı, turizm mərkəzi kimi
tanınan şəhər beynəlxalq brendə çevrilib:
“Bu şəhər lacivərd sahildə ən populyar və
tanınmış kurort hesab olunur və festivalları ilə
məşhurdur».
David Lisnar bir məlumatı da nəzərə
çatdırdı ki, bu il iyulun 4-dən 20-dək Kannda Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
Azərbaycanın mədəniyyət günləri
keçiriləcək: «Kann şəhər rəhbərliyi
bu tədbirə ciddi hazırlaşır. Mədəniyyət
günləri çərçivəsində Kannda Azərbaycan
filmləri nümayiş etdiriləcək, musiqimiz səsləndiriləcək,
ölkənizin turizm potensialı ilə bağlı müxtəlif
təqdimatlar keçiriləcək».
Qonaq qeyd etdi ki, Kann Azərbaycandan
turistlər cəlb etməkdə maraqlıdır.
Festivallar və Konqreslər
Sarayının marketinq direktoru İzabel Qanj bu turizm
marşrutunun üstünlükləri barədə
danışdı. O, azərbaycanlı turistlərin Kanna
aviareyslə İstanbul və ya Parisdən gələ biləcəyini,
hotel seçiminin çox böyük olduğunu dedi. Şəhərdə
130-dan çox hotel, o cümlədən üçulduzlu rahat
mehmanxanalar var.
Sonra Kannda fəaliyyət göstərən
«Majestic», «JW Marriott», «Intercontinental Carlton» və digər
tanınmış hotel şəbəkələrinin rəhbərləri
təqdimatlarla çıxış etdilər.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 4.