Bəstəkar yaradıcılığında kontekst

 

   Qara Qarayev adına musiqi festivalı çərçivəsində elmi-nəzəri konfrans

  

   Aprelin 15-də Muzey Mərkəzində Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində “Bəstəkar yaradıcılığında kontekst, diskurs, dekonstruksiya və intertekstuallığın rolu və yeri” mövzusunda müasir musiqi problemlərinə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.

  

   Tədbirin moderatoru, sənətşünaslıq doktoru Rauf Fərhadov məruzələr haqqında məlumat verdikdən sonra məruzəçilərin çıxışları başlandı. İlk məruzəçi, musiqişünas Cahangir Səlimxanovun “Luciano Berionun simfoniyası və müasir dövrdə çoxmədəniyyətli mənsubiyyət əlamətləri” mövzusunda çıxışı maraqla qarşılandı və mövzu ətrafında xeyli fikir mübadiləsi aparıldı.

   Konfransda gürcüstanlı musiqişünas Ketevan Bolaşvilinin “Pyer Bulez: yaradıcılığın səmtləri”, Gülarə Sadıxzadənin “Dəbdə kimdir? Avropa akademik musiqi festivallarında müasir musiqi”, Anna Əmrahovanın “Müasir musiqidə forma yaradıcılığının özəllikləri. Koqnitiv aspekt”, Zümrüd Dadaşzadənin “Qara Qarayev. XXI əsrdən baxış” mövzularında məruzələri də dinlənildi.

   Tbilisi Konservatoriyasının professoru Ketevan Bolaşvili Qara Qarayevin adını daşıyan festivalda iştirakdan məmnunluğunu bildirdi: “Belə möhtəşəm festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Festivalın proqramı çox dolğun və rəngarəngdir. Müasir musiqi problemlərini əks etdirən bu cür konfranslar musiqişünaslar üçün xüsusilə maraqlıdır”.

   Konfransda məruzələr dinlənildikdən sonra mövzular ətrafında fikir mübadiləsi aparıldı.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 5.