“Qafqazın
mirvarisinin mədəni dəyərləri”
Xəbər verdiyimiz kimi, 2012-ci
ilin oktyabrından Heydər Əliyev Fondunun dəstəyi ilə
Fransada “Azərbaycan: Qafqazın mirvarisinin mədəni dəyərləri”
layihəsi çərçivəsində mədəniyyət
tədbirləri keçirilir.
Ölkəmizin Fransadakı səfirliyindən
aldığımız məlumata əsasən, bu günlərdə
layihə çərçivəsində daha bir tədbir
Fransanın Puatu-Şarant regionunun La Roşel şəhərində
keçirilib.
Regionun deputatı Jan-Lük Draponun və La Roşel meriyasının yardımı ilə reallaşan tədbir çərçivəsində əvvəlcə xalçaçılıq, sənətkarlıq, arxeologiya və keramika məmulatları, milli musiqi alətlərimiz və milli geyimlərimizin nümayiş olunduğu sərgi açılıb. Açılışda çıxış edən La Roşel şəhərinin meri Maksim Bono ölkəmizlə sıx əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib.
Səfir Elçin Əmirbəyov çıxış edərək tədbirin ölkəmizin mədəni dəyərlərinin tanıdılmasında əhəmiyyətli olduğunu, region ilə qurulan münasibətlərin iqtisadi və siyasi sahədə də davam etdiriləcəyinə ümidvar olduğunu deyib. O, Fransa regionlarında keçirilən bu tədbirin 2012-ci ilin oktyabrından bu yana sayca 10-cu olduğunu və iyul ayına qədər daha 9 şəhərdə təşkil ediləcəyini qeyd edib.
La
Roşel şəhərinin “Ankan” musiqi və konfrans salonunda təşkil
olunmuş Azərbaycan musiqi
və rəqslərindən ibarət konsert
proqramı böyük maraqla
qarşılanıb. Tədbir yerli “Süd-Uest” (Sud-Ouest) qəzetində
işıqlandırılıb.
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 5.