Sənətin Solmaz çiçəyi

 

   Aprelin 12-də Azərbaycan Teatr Xadimləri İttifaqında Əməkdar rəssam Solmaz Musayevanın 85 illik yubileyi ilə bağlı tədbir keçirildi.

  

   Tədbiri Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov açaraq ömrünün böyük bir hissəsini teatr rəssamlığına həsr edən Solmaz Musayevanın A.Şaiq adına Azərbaycan Dövlət Kula Teatrında fəaliyyətindən, kukla teatrı sənətinə töhfələrindən danışdı.

   Tədbirin aparıcısı sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə yubilyarı Azərbaycan teatr rəssamlığında solmaz çiçəyə bənzədərək onun dünyaya gəldiyi ailə, böyüdüyü mühit və yaradıcılığı barədə iştirakçılara dolğun məlumat verdi. Bildirildi ki, Solmaz Musayeva 1965-81-ci illərdə Dövlət Kukla Teatrında quruluşçu rəssam, 1987-ci ilədək isə baş rəssam vəzifəsində çalışıb. 60-a yaxın tamaşanın, 6 cizgi filminin rəssamı olub. Solmaz Musayevanın 25 kukladan ibarət zəngin koloritli “Azərbaycan qadın toyu” kompozisiyası Rəssamlar İttifaqında nümayiş etdirilən zaman ulu öndər Heydər Əliyevin diqqətini çəkib və o, rəssamın istedadını yüksək qiymətləndirib. Rəssamın yaratdığı kuklalar Şərq ölkələrinin tətbiqi sənət üzrə Pakistanda keçirilən festivalında birinci dərəcəli mükafata layiq görülüb.

   Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, tanınmış yazıçı-dramaturq Əli Əmirli, vaxtilə Dövlət Kukla Teatrının direktoru olmuş Əməkdar mədəniyyət işçisi Hüseyn Əhmədov, teatrın hazırkı rəhbəri Rəşad Əhmədzadə, rəssam Lətifə Quluzadə, kuklaların dili ilə balaca tamaşaçıları ofsunlayan Tamella Bünyadova, Rəhman Rəhmanov ilk peşəkar kukla rəssamımızın ömür və sənət yoluna işıq saldılar, yubilyara ən xoş arzularını bildirdilər. Vurğulandı ki, Solmaz xanımın sənətdə və həyatda bir devizi var: “Fədakarlıq, intizam və məsuliyyət”.

   Yubilyarın içdən gələn “Teatr üçün darıxmışam” sözləri hər kəsi kövrəltdi və Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə xahiş etdi ki, Solmaz xanım doğma sənət ocağında daha bir tamaşaya səhnə həyatı versin.

   1987-ci ildən fərdi yaradıcılıqla məşğul olan Əməkdar rəssamın yaratdığı milli etnoqrafik kuklalar respublikamızın, xarici ölkələrin muzeylərində, həmçinin şəxsi kolleksiyalarda qorunub saxlanır.

   Tədbirin sonunda Solmaz Musayevanın gəlini, musiqişünas, sənətşünaslıq doktoru, professor Zümrüd Dadaşzadə və oğlu Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov tədbirin təşkilinə görə Azərbaycan Teatr Xadimləri İttifaqına və Dövlət Kukla Teatrına, eləcə də bu əlamətdar gündə yubilyarın görüşünə gələn sənət dostlarına təşəkkürlərini bildirdilər.

 

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 7.