Bakıda
növbəti musiqi bayramı
Dahi
bəstəkar Qara Qarayevin adını daşıyan beynəlxalq
festival tanınmış ifaçı və kollektivləri
bir araya gətirib
Aprelin 14-də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi
Festivalının təntənəli açılış mərasimi
və ilk konserti keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
gerçəkləşən festival müxtəlif ölkələrin
tanınmış ifaçı və kollektivlərini bir
araya gətirib. Tədbirdə mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev, nazirliyin məsul işçiləri,
diplomatik korpusun nümayəndələri, mədəniyyət
və incəsənət xadimləri, musiqisevərlər
iştirak edirdilər. Əvvəlcə
iştirakçılar filarmoniyanın foyesində Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının Qara Qarayevə həsr
olunmuş foto və kitab sərgiləri ilə tanış
oldular.
Açılış mərasimində
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev dahi musiqiçi Qara
Qarayevin 95 illiyinə həsr olunmuş festivalın
iştirakçılarını salamlayaraq, 2013-cü ilin
ölkəmizin musiqi mədəniyyəti üçün rəngarəng
silsilə tədbirlərlə zəngin olacağını
vurğuladı. Bildirdi ki, il ərzində xarici ölkələrdə
Azərbaycan mədəniyyəti günlərinin təşkili,
bu yaxınlarda “Muğam aləmi” III beynəlxalq muğam
festivalının reallaşması, ulu öndər Heydər Əliyevin
90 illik yubileyi ilə əlaqədar təşkil olunan silsilə
tədbirlər, həmçinin bu il növbəti dəfə
gerçəkləşəcək Qəbələ beynəlxalq
musiqi festivalı, Üzeyir Hacıbəyli beynəlxalq musiqi
festivalı, beynəlxalq caz festivalı, eləcə də
görkəmli incəsənət xadimlərinin və
musiqiçilərin il ərzində yubiley və xatirə gecələrinin
keçirilməsi belə deməyə əsas verir.
Nazir müavini qeyd etdi ki, ilin ən
parlaq hadisələrindən biri Azərbaycanın böyük
bəstəkarı, görkəmli pedaqoq, SSRİ Xalq artisti
Qara Qarayevin 95 illik yubileyidir: “Bu münasibətlə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən həm ölkədə,
həm də xaricdə silsilə tədbirlər keçirilib
və keçirilməkdədir. İndiyədək Rusiya,
Ukrayna, Macarıstan, Latviya, Türkiyə və digər
ölkələrdə Azərbaycanın tanınmış
dirijorları Yalçın Adıgözəlov, Rauf Abdullayev,
Fəxrəddin Kərimov və digərlərinin rəhbərliyi
ilə dahi bəstəkarın simfonik əsərləri səsləndirilib,
Qara Qarayev adına uşaq musiqi məktəbində silsilə
tədbirlər təşkil olunub. Bu günlərdə Moskva
Konservatoriyasının böyük zalında
P.İ.Çaykovski adına Akademik Simfonik Orkestrinin və
dirijor Elşad Bağırovun iştirakı ilə Qara
Qarayevin 95 illiyinə həsr olunmuş təntənəli gecə
keçiriləcək və görkəmli bəstəkarın
yaşadığı binaya xatirə lövhəsi vurulacaq.
Keçirilən tədbirlər sırasında Qara Qarayev
adına V Beynəlxalq Müasir Musiqi Festivalı xüsusi qeyd
olunmalıdır”.
Diqqətə
çatdırıldı ki, Qara Qarayevin
yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin
parlaq səhifələrini təşkil edir. Milli bəstəkarlıq
məktəbinin banisi Üzeyir Hacıbəylidən dərs
alan və onun ənənələrini yeni səpkidə davam
etdirən Qara Qarayev öz yaradıcılığı ilə
əsl sənət məktəbi yarada bilmiş, Azərbaycan
xalq musiqisini ümumbəşəri musiqi nailiyyətləri
ilə sintez edərək parlaq əsərlər ərsəyə
gətirmişdir. Qara Qarayev qırx illik
yaradıcılığı dövründə, demək olar
ki, bütün janrlara müraciət etmiş, üç
simfoniya, simfonik janrda 20-dən çox əsər, 50-dən
çox kamera əsəri, o cümlədən fortepiano
üçün 24 prelüd bəstələmiş, iki opera,
iki balet, bir müzikl, çoxsaylı teatr tamaşası və
filmlər üçün musiqilər yazmışdır.
Bunlardan “Vətən” operası, “İldırımlı
yollarla”, “Yeddi gözəl” baletləri, “Leyli və Məcnun”
simfonik poeması dahi bəstəkara dünya musiqi sənətində
şöhrət qazandırıb.
Qara Qarayevin tərcümeyi-halını
vərəqləyərkən əfsanəvi bir ömrün
heyrətamiz akkordlarını eşidirsən. O, 23
yaşında Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri olmuş, 24 və 30 yaşında iki dəfə
SSRİ Dövlət mükafatına, 40 yaşında Lenin
mükafatına layiq görülmüş, 30 yaşında
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü
seçilmiş, bir il sonra Azərbaycan Dövlət
Konservatoriyasının rektoru təyin edilmişdir. 34
yaşında isə Azərbaycan Bəstəkarlar
İttifaqının birinci katibi seçilmişdir.
Qara Qarayev, dahi bəstəkar
olmaqla yanaşı, həm də gözəl pedaqoq olub. Arif Məlikov,
Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Oqtay
Zülfüqarov, Fərəc Qarayev, Azər Dadaşov, Xəyyam
Mirzəzadə, Firəngiz Əlizadə, Polad
Bülbüloğlu və digər tanınmış bəstəkarlar
Qarayev məktəbinin görkəmli yetirməlidir.
Nazir müavini Ə.Vəliyev
müasir musiqinin səsləndiriləcəyi festivalın rəngarəng
və maraqlı proqramı ilə dinləyicilərə
yüksək incəsənətlə yaxından ünsiyyət
imkanı yaradacağına əmin olduğunu bildirdi:
“Festivalda Azərbaycan, Almaniya, Avstriya, Fransa, Hollandiya, Rusiya,
İspaniya və Türkiyənin musiqiçiləri,
müasir musiqini mükəmməl ifa edən solist və
kollektivlər iştirak edir. Konsertlərin proqramında XX əsr
musiqi təfəkkürünün inkişafında yeni yollar
açmış Avropanın tanınmış bəstəkarlarının
əsərləri səsləndiriləcək. Festival çərçivəsində
Beynəlxalq Muğam Mərkəzində, Dövlət
Mahnı Teatrında, Dövlət Filarmoniyasında konsertlər
təşkil olunacaq. İnanıram ki, bu möhtəşəm
festival müasir musiqi sənətinin yeni bir mərhələsinin
davamı olacaq və musiqisevərlərə gözəl anlar
yaşadacaq”.
Sonra Xalq artisti, dirijor Rauf
Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri
çıxış etdi. Konsert proqramında Dmitri
Şostakoviç, Qara Qarayev, Xəyyam Mirzəzadə, Fərəc
Qarayev və Ottorino Respiginin əsərləri səsləndirildi.
Qara Qarayev adına V Beynəlxalq
Müasir Musiqi Festivalı aprelin 19-dək davam edəcək.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 8.