Hotel və restoran biznesində çalışanlar
üçün videotəlimlər
Aprelin 12-də
«Qafqaz Baku City Hotel & Residences» hotelində «Kiçik Hotellərin və Restoranların İnkişafına
Kömək» İctimai
Birliyi (DAİR) tərəfindən
hotellərin ön büro (Front Office) əməkdaşları
üçün videotreninqin
təqdimatı keçirildi.
Tədbirdə
Milli Məclisin deputatları, Prezident yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası,
Həmkarlar İttifaqları
Konfederasiyası, Azərbaycan
Turizm İnstitutu və Bakı Dövlət Universitetinin nümayəndələri, ölkəmizdə
fəaliyyət göstərən
hotellərin təmsilçiləri
iştirak edirdilər.
DAİR-in sədri,
BDU-nun müəllimi Samir
Babazadə çıxış
edərək layihənin
məqsədi barədə
məlumat verdi.
Onun sözlərinə
görə, QHT-lərə
Dövlət Dəstəyi
Şurasının yardımı
ilə həyata keçirilən videotreninq
layihəsi hotelçilik
sahəsində çalışan,
bu peşə üzrə təhsil alan insanlar
üçün faydalı
və səmərəli
olmaqla yanaşı, bu sahədə ilk təcrübədir. Qonaqların qəbulu
və xidməti bölməsinin (reception) işinə
həsr edilmiş videotreninq bu bölmənin əməkdaşlarının
davranış qaydaları,
geyim və gigiyena əsasları, sifarişlərin qəbulu
və idarə edilməsi, qonaqların qeydiyyatı, ödənişlərin
aparılması və
digər məqamları
açıqlayır. Videotəlimin peşə sahəsində
çalışan mütəxəssislərə,
tələbələrə, müəllimlərə və
digər maraqlı auditoriyaya elektron formatda yayılması nəzərdə tutulur.
Birlik sədri qeyd
etdi ki, layihənin davamlı olması nəzərdə
tutulur. İkinci mərhələdə hotelçilik və restoran biznesi sahələri üçün
digər videomateriallar
da hazırlanacaq.
Bu sırada hotellərin
yemək və içkilər (Food & Beverages), insan qaynaqları (Human
Resources), təmizlik (Housekeeping), informasiya texnologiyaları və digər bölmələrinin, habelə
ictimai iaşə subyektlərinin əməkdaşları
üçün masa xidməti, qonaqların loyallığını qazanmaq,
bar işi və digər istiqamətləri
sadalamaq olar.
«Atrium Hotel»in rəhbəri Elçin Zeynalabdin qeyd etdi ki, adları
çəkilən sahələr
üçün peşəkar
əməkdaşların hazırlanması
gündəmdə olan
ən vacib məsələlərdən biridir:
«Qonaqpərvərlik sahəsində
peşəkar rəhbər
işçilərin sayı
az olduğundan təşkilatlar daha çox xarici mütəxəssisləri işə
cəlb edirlər. Hotellərin rəhbərləri ilk növbədə
liderlik və peşəkar komandanın
yaradılması bacarığına
malik olmalıdır».
Videomaterialın
nümayişindən sonra
iştirakçılar qonaqpərvərlik
sənayesi üçün
nəzərdə tutulmuş
müxtəlif malların
və xidmətlərin
istehsalçıları və
distribütorları ilə
tanış oldular. Tədbir çərçivəsində «VingCard Elsafe» şirkətinin elektron kilidləri və mini seyfləri, UCS şirkətinin
«Shelter», «R-Keeper», «E-menyu» və
digər elektron xidmətləri, «M-Pro» və
«İceland» şirkətlərinin
ərzaq məhsulları,
«Qarant Sığorta»nın
sığorta sahəsində
xidmətləri, «Gəncə
Şərab-2» müəssisəsinin
«Cabernet Sauvignon» şərabı və digərləri nümayiş etdirilirdi.
Qeyd edək ki, videotreninqin
rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, aparıcı
və ssenari müəllifi «JW Marriott Absheron»
hotelinin satış meneceri Nisə Əliyeva, layihənin rəhbəri «Kiçik Hotellərin və Restoranların İnkişafına
Kömək» İctimai
Birliyinin sədri Samir Babazadədir.
Fəxriyyə
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 9.