Dahi Hacıbəylilərdən biri
Üç
böyük qardaşdan böyüyü - Zülfüqar bəy
Hacıbəyli
Ömrünün son anına qədər
bəylik salğarını qoruyub, ətrafına alicənablıq
ab-havası dalğalandıran Zülfüqar bəy...
Üzeyir, Ceyhun və Niyazi kimi
ustadların ilkin-əzəl ustadı - Zülfüqar
qardaş, Zülfüqar ata, Zülfüqar vətəndaş...
Sözün hər iki mənasında
böyük Zülfüqar Əbdülhüseyn oğlu
Hacıbəyli!..
Deməli,
korifeylər yönətməni
Onun haqqında düşünərkən,
çox fikir-xəyaldan sonra, “Görəsən, o olmasaydı
da Üzeyir, Ceyhun, Niyazi artıq bizə tanış zirvələrə
çıxa biləcəkdilərmi?” sualı da notlanır.
Üzeyirlə Ceyhun Bakıya gəlib
böyüyənə (sözün hər iki mənasında)
qədər Şuşada “Əbdülhüseyn kişinin
övladları” kimliyilə bərabər, özlərindən
bir-iki bayram böyük “Zülfüqarın qardaşları”
kimi də tanınır,
ağırlanıb-uğurlanırmışlar. Sonralar
dünyanın ən ünlü konsert-tamaşa salonlarında
öz incə sənət çubuğu ilə mədəniyyət
“hərbə-hədə”ləri edəsi, “imperator-maestro”
olası Niyazi balası isə hələ genefondumuzun növbəti
korifeylik iddialı hamiləliyində, yaradacağı “dahilər
üçbucağı”nın “iki yazaq, bir yadda”sında idi...
1884-cü il aprelin 17-də
Şuşada - təbii konservatoriya-şəhərdə anadan
olmuş Zülfüqarın Üzeyir və Ceyhunun sənət
və şəxsiyyət görüşlərinin, milli-mənəvi
baxışlarının formalaşmasında
oynadığı “böyük qardaş” rolu haqda sənədlər,
söhbətlər, xatiratlar çoxdur. Xüsusən də
onun öz publisistik yazıları, xatirə-qeydləri bəhs
edir bu barədə. O sənədlər, söhbətlər,
elmi-populyar yazılar belə bir ümumi rəy də
doğurur ki, Zülfüqar bəy Hacıbəyli professional
musiqimizin banisi Ü.Hacıbəyli, böyük bəstəkar
və dirijor M.Maqomayev, əfsanəvi səhnə ustaları
H.Sarabski, H.Ərəblinski kimi sənət nəhəngləri,
milli mədəniyyət fədailəri sırasında məxsusi
yer tutur.
Düşüncələri, əsərləri...
Hələ uşaqkən öz ailəsi
və Şuşanın mədəni mühiti tərəfindən
ona aşılanmış sənət-sehr duyğuları
Zülfüqarda özünü musiqiyə həsr etmək
istəyi yaratmışdı. Eşitdiyi el nəğmələri,
xalq mahnıları onun özüylə bərabər
böyüyür, sənət əsərlərinə
çevrilirdi. Bəzən də not
yaradıcılığına ara verib, düşüncələrini
mətbu yazılarla bəyan edirdi. Məsələn, fərdi
zövqlə ictimai-milli zövq arasındakı ziddiyyət
Zülfüqar Hacıbəyli qələmində belə
şərh olunurdu: “1908-ci ildən bəri - yəni “Leyli və
Məcnun” adlı ilk Azərbaycan operasının meydana
çıxmasından başlayaraq xalqımız ümumən
Yaxın Şərq üçün yeni olan bu sənət
«dilinə» də yiyələnir, tamaşalarda fəal
iştirak edir. Əlbəttə, bu yeni zövqə
qarşı xalqda antipatiya yaratmaq heç də yaxşı,
inkişaflı gələcək vəd etmir. Bunları
yazmağa məni vadar edən odur ki, ilk Azərbaycan
operası səhnəyə qoyularkən Nikolay istibdadı
dövründə bəslənmiş, böyümüş,
tərbiyələnmiş, milli hissini unutmuş bəzi Azərbaycan
ziyalıları bu cür yenilik başlanğıcına təhqiranə
nəzər ilə baxmağa bünövrə qoydular...”
Dərin milli düşüncə
sahibi olan Zülfüqar Hacıbəyli həmin
dırnaqarası ziyalıların nihilist fikirlərindən
çəkinməyərək, bir-birinin ardınca maraqlı
operettalar, opera, digər janrlı əsərlər,
kompozisiyalar yaradır. Özündən kiçik
qardaşı Üzeyir bəyin “O olmasın, bu olsun”,
“Arşın mal alan” kimi dahiyanə operettaları ilə birgə
Azərbaycan tamaşaçısı Zülfüqar bəyin
“Evliykən subay”, “Məşədi Xudu”, “Əlli
yaşında cavan”, “On bir yaşlı arvad ” və başqa
operettalarını da çox maraqla qarşılayır,
alqışlayırdı. “Kəndçi qızı”, “Əsgər
nəğməsi”, “Çoban qızı” və s.
mahnıları dövrün dillər əzbəri idi. Bu əsərlər
də Azərbaycan professional bəstəkar
yaradıcılığının ilk nümunələri
sırasında idi. Bir vaxtlar müasirləri, sonralar
musiqişünaslar onun yarımçıq qalmış operalarından
(“Üç aşiq və Məlikməmməd”,
“Nüşabə”) da maraqlı (və yanıqlı) söhbətlər
edirdilər.
Zülfüqar Hacıbəyli
yaradıcılığının əhəmiyyəti həm
də qədim Azərbaycan musiqi ənənələrinin
yenilənmə, zənginləşmə və inkişafı
prosesini sürətləndirməsində idi. Onun fortepiano ilə
simfonik orkestr üçün yazdığı “Azərbaycan
qadınının rəqsi” (əsl adı: “Kölə
qadınların rəqsi”), bəstəkar Zakir Bağırovla
birgə işlədiyi “Kantata” uzun illər ictimai zövq
meyarı kimi səsləndirilib və dinlənilib.
Zülfüqar Hacıbəylinin adı
ilk Azərbaycan operasından 7 il sonra - 1915-ci ildə
yazdığı “Aşıq Qərib”lə mədəniyyət
tariximizə gözəl bir opera müəllifi kimi də
düşüb. Bütün bunlar - bu təvazökar, məhsuldar,
vətənpərvər bəstəkarımızın mədəniyyət
aləmindəki xidmətləri, gec və az da olsa, qiymətləndirilib;
1943-cü ildə Əməkdar incəsənət xadimi fəxri
adı, 1946-cı ildə “Şərəf nişanı” ordeni
ilə təltif edilib.
Xəstəxanada...
sağlam söz
“Bu dünyaya tezikdim, o dünyaya
gecikdim...”
“Mənbə”lərin
şifahi formatda olanı da olur. Yəni, yuxarıdakı
“sitat”ı heç bir mənbə-məxəzdə
axtarmamalı. Nədən ki,
Zülfüqar Hacıbəyli
bu sözləri
1949-cu ildə (xəstəxanada
müalicə olunarkən)
19 yaşlı bir şəfqət bacısına
deyib, həmin xanım isə bunu (sonralar baş həkim işləyərkən) 1989-cu ildə
telemüsahibəmiz zamanı
mənə danışıb.
Z.Hacıbəyli
xəstəxanada olduğu
günlərdə tez-tez
ona baş çəkən (xidməti
və hüsn-rəğbəti
mənada) o şəfqət
bacısı məşhur
bəstəkarın maraqlı
söhbətlərinə qulaq
asar, əsərlərini,
mahnılarını çox
sevdiyini bildirər, hərdən də Üzeyir bəyin o vaxtlar dillər əzbəri, müharibədən
çıxmış könüllərin
həzinlik-hərarət məlhəmi
olan “Şəfqət
bacısı” mahnısını
zümzümə edərmiş.
Günlərin bir günü də o şəfqət bacısı
Üzeyir bəyin daha məşhur, daha populyar olmasıyla
ilgili, Zülfüqar bəyə belə bir sual verir:
“Ay Zülfüqar əmi,
rəhmətlik Üzeyir
bəy Sizdən neçə yaş böyük idi ki?” Mətləbi anlayan Zülfüqar Hacıbəyli hələ
ili çıxmamış,
məzar torpağı
bərkiməmiş qardaşının
hüznünü yaşasa
da, bu gənc
qızın xatirinə
“incik” bir rola da girib:
“Üzeyirin nə həddi vardı, yaşca da məndən
böyük olaydı?
O məndən düz
17 ay uşaq idi... - Bunu deyib, kədərli
bir görkəm alan bəstəkar
əlavə edir: - Onunla müqayisədə mən bu dünyaya
tezikmişdim, o dünyaya
isə... gecikdim!”
Ovqat şəfası...
Bir gün o şəfqət
bacısı Üzeyir
bəyin kəşməkəşli
tale yolu haqda atasının söylədiklərini
də Zülfüqar bəyə danışır.
“Zəmanə qulaqları” xofundan xısın-xısın danışır.
Söyləyir ki: “Zülfüqar əmi, xəbəriniz varmı ki, bir neçə
dəfə repressiya qurbanlığından qurtulan
Üzeyir bəyi axırıncı dəfə
də Məmməd Səid Ordubadi xilas edib?”.
Özünü heç
nədən xəbərsiz
kimi göstərən
Zülfüqar bəy:
“Necə xilas edib?!” - deyə
soruşanda şəfqət
bacısı əsl vətəndaş-soydaş fəxarətilə
deyir: “Heç nə, Ordubadi yoldaş Bağırova deyib ki, Hacıbəyovu
aradan götürsəniz,
onda gərək bütün teatrların qapılarından qıfıl
asaq. Axı, bütün teatrlarda Hacıbəyovların əsərləri
oynanılır!..”
Bu Hacıbəyovlardan
biri də Zülfüqar bəy idi...
Tahir Əhmədalılar
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 10.