“Mənim
üçün musiqi
ilahidən gələn qüvvədir”
Elnarə İsmayılova: “Azərbaycan
musiqisi o dərəcədə
gözəldir ki, ifa etdiyim ölkələrdə hər zaman müsbət qarşılanıb, sevilib”
Bu xanım
Almaniyada çox sevilir. Peşəkar musiqiçidir. 20 ilə yaxındır
Almaniyada yaşayır.
Mahir
piano ifaçılığı, yüksək intellektual səviyyəsi ilə Azərbaycanı “köhnə
qitə”də layiqincə
təmsil edir. Elnarə İsmayılova dahi bəstəkar Lüdviq
van Bethovenin vətəni
Bonn şəhərində keçirilən piano ifaçılığı
müsabiqəsinin qalibi
olub. Almaniyanın Bayroyt şəhərində
ənənəvi olaraq
keçirilən Rixard
Vaqner festivalında görkəmli bəstəkar
və pianoçu Ferents Listin əsərlərinin ən
parlaq və özünəməxsus fərqliliklə
ifa və interpretasiyasına görə
mükafata layiq görülən ilk azərbaycanlıdır.
Almaniya-Avstriya Mədəniyyət
və Musiqi Cəmiyyətinin fəxri
üzvüdür, Almaniyada
beş kompakt
diski çıxıb.
Elnarə İsmayılova Bakıda Bülbül adına
orta ixtisas musiqi məktəbinin
fortepiano sinfini və Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını (indiki
Bakı Musiqi Akademiyası) bitirdikdən
sonra Almaniyaya köçüb. Bizimlə
söhbətə də
elə buradan başladı:
- Sərhədlərin
yeni açıldığı
vaxtlarda Almaniyada beynəlxalq konsert keçirilirdi. Mənim də daxil olduğum azərbaycanlı
musiqiçilər heyəti
həmin tədbirdə
iştirak edirdi.
İlk səfərdən sonra əlaqələr yarandı
və mən 1995-ci ildə Almaniyada daimi işləməyə
dəvət aldım.
Çıxışlarla bərabər təhsilə
də maraq göstərirdim. Onu da deyim ki, Azərbaycanda
musiqi təhsili yüksək səviyyədədir
və konservatoriyanı
bitirmiş şəxs
kimi bunu Almaniyada bir daha yəqin etdim. Köln və Essen musiqi akademiyalarının aspirantura
bölmələrini fərqlənmə
diplomları ilə bitirdim. Hazırda hər iki akademiyada dosent işləyirəm.
- Gənc ikən xarici ölkəyə getmək,
orada daimi yaşamaq, işləmək,
uyğunlaşmaq çətin
olmadı ki?
- Alman dilini müəyyən qədər bilirdim. Bundan əlavə, musiqiçinin
öz dünyası, öz dili var. Ünsiyyət üçün
musiqinin özü bəzən ən gözəl vasitəyə
çevrilir. Ünsiyyət baxımından elə ciddi problemlərim olmasa da, iqlimlə
bağlı müəyyən
sıxıntılar yaşadım.
Günəşli Azərbaycandan boz,
tutqun səmalı Almaniya təbiətinə
düşdüm. Lakin məni
yenə də musiqi xilas etdi.
Mədəniyyət, mentalitet,
adət-ənənə və
s. fərqlər var idi. Gənc idim, yenilikləri
qəbul edirdim. Lakin önəmli olan özlüyünü qorumaqla
yeniliyi qəbul etməkdir və mən çalışdım
ki, birini itirmədən ikincini qazanım. İnsanın kimliyi vacib amildir. İstənilən ölkədə buna əhəmiyyət verirlər. Sən o zaman təsdiqlənirsən
ki, kökün, kimliyin var. Öz mədəniyyətin var.
- Azərbaycana
tez-tez gəlirsiniz?
- İlk 4 il çox
gərgin olduğundan
gələ bilmirdim. Həm təhsil, həm konsertlər çox olurdu. Aspiranturanı bitirdikdən sonra
işlər qaydasına
düşdü və
ürək rahatlığı
ilə gəlib-gedə
bilirəm. Bura gələndə
insan rahatlıq tapır, dincəlir.
Almaniyada
isə işimlə əlaqədar gərginlik
çox olur.
- Orada tələbələriniz var. Bura
da tez-tez gəlirsiniz. Gənclər sizə hansı
təsiri bağışlayır?
- Hər millətin emosiyası, temperamenti musiqi ilə sıx bağlıdır. Avropalı musiqini
daha sakit temperamentlə, azərbaycanlı
içdən, daxilən
yaşayaraq ifa edir. Onlar sakit, romantik
üsluba daha yaxındırlar. Biz isə daha çılğınıq.
Təhsil baxımından isə
ölkəmiz heç
də onlardan geri qalmır. Qeyd etdiyim kimi, Azərbaycanda
musiqi təhsili beynəlxalq səviyyədədir.
Lakin Avropa, alman bəstəkarlarını
onların öz vətənində öyrənmək
həmin bəstəkarın
musiqi dünyasını
milli çalarları
ilə mənimsəmək
deməkdir.
- Azərbaycan musiqisini orada təbliğ edirsinizmi?
- İlk
illər peşəkarlığımı
göstərmək, təsdiq
etmək üçün
Avropa bəstəkarlarının
əsərləri ilə
çıxış etməli
oldum. Hər hansı ada,
pilləyə çatdıqdan
sonra artıq konsert proqramlarıma, dahi Avropa bəstəkarları
ilə yanaşı, Azərbaycan bəstəkarlarının
əsərlərini də
daxil etdim. Bu, həmişə maraq, sevgi və
müvəffəqiyyətlə qarşılanırdı. Almaniyada yeni mədəniyyət hər zaman maraq doğurur. Bizim musiqi o dərəcədə
gözəldir ki, ifa etdiyim ölkələrdə
hər zaman müsbət qarşılanıb,
sevilib. Musiqimiz hər kəsin
ruhuna, mənəviyyatına
toxuna bilir.
- Daha çox hansı bəstəkarlarımızın əsərlərini ifa edirsiniz?
- Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Firəngiz Əlizadə və digər bəstəkarların
musiqilərini ifa edirəm. Firəngiz Əlizadə Almaniyada
tanınmış bəstəkardır.
Tofiq Quliyevin “Qaytağı” əsərini ifa etdiyimdə bütün zala çaxnaşma düşür. Məni Almaniya
radiosuna dəvət etdilər və radionun qızıl fonduna mənim ifamda Qara Qarayevin
əsərləri daxil
edildi. Bu bizim musiqimizə, Qara Qarayev sənətinə
verilən yüksək
qiymətdir.
- Almanların hansı xüsusiyyətləri
sizi heyran edir?
- Olduqca sadiqdirlər. “Dost” sözü onlarda adi bir söz
deyil. Dost qazandınızsa, bu artıq ömürlükdür.
Əcnəbi olaraq ora getdikdə bu cür dostların olması insana əmin-amanlıq, güvən
verir.
- Musiqiçi kimi uğurlarınız çoxdur. Elnarə İsmayılova nəyə
can atır?
- Avropada, Almaniyada bizim mədəniyyəti daha geniş təbliğ etmək istəyirəm. Ona görə hansısa ölkəyə konsertə
getdikdə mütləq
milli musiqimizi ifa edirəm. Hətta bir vokalçıya Azərbaycan dilində mahnılarımızı da
öyrətmişəm, mənim
müşayiətimlə mahnılarımızı
çox gözəl oxuyur. Təbliğat prosesinə artıq
başlamışam. Tələbələrim var, onlara da
öyrədirəm. İmtahan proqramlarına
daxil edirəm. Çalışıram ki, mədəniyyətimizi,
musiqimizi tanıtdırım.
- Musiqidən başqa incəsənətin
hansı sahəsinə
marağınız var?
- Ədəbiyyatı
çox sevirəm.
Poeziyaya marağım böyükdür.
Nizami Gəncəvi, Seyid Əzim Şirvanı, Ömər
Xəyyamın əsərlərini
oxumuşam, Avropa klassiklərindən Şekspir,
Höte, Balzak və digərlərinin adını çəkə
bilərəm. Rus klassik
ədəbiyyatını, müasir
ədəbiyyatdan yaponiyalı
Haruki Murakami, braziliyalı
Paolo Koelye və başqa yazıçıları
qeyd edə bilərəm. Yazıçı Anarın əsərlərini
çox sevirəm.
O, yaşayaraq yazır
və yaşadır. Bəstəkarların həyatı ilə
bağlı kitabları
oxumağı çox
xoşlayıram. Xarici dilləri
çox sevirəm.
Dünyada nə qədər
dil varsa, hamısını öyrənmək
istərdim. Ana dili də öz
növbəsində. Türk, rus,
alman, ingilis, fransız dillərini bilirəm. İtalyan dilini də
öyrənməyə başlamışam.
Hesab edirəm ki, dil insan zəkasını
açıq saxlayır.
Mənim
üçün ən
vacib dil musiqidir. Onu da mən 5 yaşından mənimsəməyə
başlamışam.
- Beş yaşından musiqini öyrənirsiniz... Ailədən gəldi bu meyl?
- Məndən
böyük bacım Bülbül adına
orta ixtisas məktəbində təhsil
alırdı. Mən də
onun fortepiano dərslərinə
gedirdim və beləcə musiqiyə vuruldum. Onun ifa etdiklərini
təkrar etməyə
çalışırdım. Dinləməyi də çox
sevirdim. Evə qonaq
gələn kimi qaçırdım piano arxasına
ki, ifama qulaq assınlar.
- Kumiriniz varmı?
- Həyat o qədər çoxtərəflidir
ki, hər hansı kumir seçmək çətindir.
Uşaqlıqda pərəstiş etdiyim insanlar çox olub. Məşhur
musiqiçilərə həsəd
aparırdım. Görkəmli
pianoçularımız Fərhad
Bədəlbəyli, Elmira Səfərova,
dünyada tanınmış
pianoçular Svyatoslav
Rixter, Tatyana Nikolayeva,
Emil Gilels və digərlərinə həsrətlə
baxırdım. İndi
isə sevdiyim insanlar tək musiqiçilər deyil, filosof, vətənpərvər
insan, görkəmli siyasətçi və s. ola bilər.
- Sizin üçün musiqi nədir?
- Mənim üçün musiqi hər şeydir - hava, su, həyat,
sevgi - hər şey. Bu mənim
şəxsi münasibətimdir.
Bir qədər bədii formada ifadə etsək, musiqi Yaradanın bizə müraciətidir, Tanrının
bizimlə ünsiyyət
dilidir. Mənim üçün musiqi göydən, ilahidən gələn qüvvədir.
- Dünyanı
nə xilas edəcək?
- Məhəbbət,
tolerantlıq, bir-birini
anlamaq. Mühakimə etməmək. Bəzən bunu etmək çətindir. Lakin anlayışla
tolerant cəmiyyət qurmaq
mümkündür. İnsan neqativ
hisslərdən azad olmalıdır. Sevgi və
anlayışla yaşamalıdır.
O zaman hər kəs xoşbəxt ola bilər.
Reyhan İsayeva
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 11.