Tarixi-mədəni irsimiz zəngin xəzinədir
Beynəlxalq
Abidələr və Tarixi Yerlər Günü “Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda təntənə
ilə qeyd edildi
18 Aprel - Beynəlxalq Abidələr
və Tarixi Yerlər Günü hər il respublikamızda
geniş tədbirlərlə qeyd olunur. Bu il də əlamətdar
günlə bağlı Mədəniyyət və Turizm
Nazirliyinin tabeliyində fəaliyyət göstərən
tarix-mədəniyyət qoruqlarında "Açıq
qapı" günü elan olundu, ekskursiyalar, sərgilər təşkil
olundu.
Beynəlxalq Abidələr və
Tarixi Yerlər Günü münasibətilə “Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda
geniş bayram şənliyi keçirildi. Tədbirdə
hökumət rəsmiləri, millət vəkilləri, alimlər,
diplomatik korpusun və ictimaiyyətin nümayəndələri,
mədəniyyət işçiləri iştirak edirdilər.
Tədbirin bədii hissəsi
"xalq gəzintisi" formatında təşkil
edilmişdi. Əvvəlcə iştirakçılar meydan
tamaşalarını, açıq səma altında təşkil
olunan sərgiləri izlədilər. “Natiq” ritm qrupu, kəndirbazlar
qrupu, “Zorxana” kollektivi, musiqiçilərin
çıxışları maraqla qarşılandı. Sonra
ötən ay Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyevanın iştirakı ilə
açılışı olmuş "Atəşgah məbədi"
Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki tikililərin
və abadlaşdırılmış məbədətrafı
ərazilərlə ictimaiyyətin tanışlığı
oldu.
* * *
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Beynəlxalq Abidələr və
Tarixi Yerlər Gününün bu il ölkəmizdə daha
geniş, əsl bayram əhval-ruhiyyəsində keçirilməsindən
məmnunluğunu ifadə etdi. Qeyd olundu ki, son illər ölkəmizdə
təşkil olunan beynəlxalq tədbirlər, eyni zamanda Azərbaycanın
beynəlxalq tədbirlərdə artan fəallığı,
mədəni irslə bağlı konfranslar, təqdimatlar mədəniyyətimizin
sərhədləri aşaraq bəşər mədəniyyətinin
ayrılmaz tərkib hissəsinə çevrilməsinə zəmin
yaradıb. Azərbaycan xalqının tarixi irsini, zəngin adət-ənənələrini,
dəyərlərini qoruyub saxlamaq, onu gələcək nəsillərə
çatdırmaq hər zaman diqqət mərkəzindədir.
Bu sahədə ölkə başçısı İlham Əliyevin,
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi
ilə həyata keçirilən işlərin xüsusi əhəmiyyəti
qeyd olunmalıdır: “Sevindirici haldır ki, maddi-mədəniyyət
abidələri ilə yanaşı Azərbaycan xalq
yaradıcılığının mühüm
qollarını təşkil edən aşıq sənəti,
milli xalçaçılıq sənəti, tar
ifaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edilib. Azərbaycan muğamı,
xalqımızın qədim ənənələrini
özündə yaşadan Novruz bayramı UNESCO-nun
siyahısında yer alıb. Bütün bunlar bəşəriyyət
qarşısında sübut edir ki, əsrlər boyu bəşəri
incilər yaradan xalq yüksək hörmətə layiqdir”.
Nazir qeyd etdi ki, 12 il öncə -
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə
ölkəmizdə turizm sahəsi ilə bağlı əlamətdar
hadisə baş verib: “2001-ci ilin 18 aprel tarixində Gənclər
və İdman Nazirliyi ləğv edildi, Gənclər,
İdman və Turizm Nazirliyi yaradıldı. Bu, təsadüf
deyildi. Məhz bu gündə bu sərəncamın
imzalanması ulu öndərin uzaqgörənliyini əks
etdirirdi. Çünki o, bilirdi ki, Azərbaycan turizmi mədəni
irs üzərində qurularsa çox inkişaf edər. Bu
gün ölkə başçısı İlham Əliyev tərəfindən
həyata keçirilən turizm siyasətində bu amillər
xüsusilə nəzərə alınıb”.
Daşınmaz tarix və mədəniyyət
abidələrinin bərpası və qorunması,
qoruqların fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində görülən işlərdən
danışan nazir hazırda dövlət mühafizəsinə
götürülmüş 6308 daşınmaz tarix və mədəniyyət
abidəsi olduğunu diqqətə çatdırdı.
Bildirdi ki, son 5 ildə aşkarlanan 1700-dən artıq abidə
AMEA-nın müvafiq institutları ilə
razılaşdırıldıqdan sonra reyestrə daxil edilməsi
üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Bu faktlar Azərbaycan mədəniyyətinin, tarixinin qüdrətini
göstərir. Lakin bəzən bu irsə laqeyd yanaşmalara
da rast gəlinir: “Azərbaycan torpağı, tarixi-mədəni
irsimiz zəngin bir xəzinədir. Bu sərvətə
böyük hörmətlə, diqqətlə yanaşmaq hər
birimizin borcudur. Əfsuslar olsun ki, bəzi yerlərdə
müəyyən maraqlara görə, məsuliyyətsizliklər
səbəbindən tarixi abidələrə
sayğısızlığa rast gəlirik. Hesab edirəm ki,
biz ictimaiyyət olaraq, dövlət olaraq, Azərbaycan alimlərinin,
ziyalılarının gücündən istifadə edərək,
kütləvi informasiya vasitələrinin köməyindən
yararlanaraq belə hadisələri aşkara
çıxarmalı, təkrarlanmaması üçün
mübarizə aparmalıyıq. Tarixi abidələrimizi
qorumalı, təbliğ etməliyik. Məhz bununla biz
xalqımızın keçmişinə hörmətlə
yanaşmış oluruq. Mən sizləri bu istiqamətdə
fəal olmağa dəvət edirəm. İnanıram ki, biz
xalq olaraq bundan sonra bu mirası qoruyacaq, gələcək nəsillərə
ötürəcəyik. Və belə bayramların
keçirilməsinə gələcəkdə
çoxsaylı əsaslarımız olacaq. Biz
keçmişimizə fəxrlə baxdığımız
kimi, gələcəyə də nikbinliklə baxırıq”.
* * *
Sonra Mədəniyyət və
Turizm Nazirliyinin təsis etdiyi "Milli irs
mükafatı"nın təqdimetmə mərasimi
keçirildi. Əvvəlcə 2012-ci ildə ölkədə
mədəni irsin təbliği sahəsində
görülmüş işləri əks etdirən
video-çarx təqdim olundu.
Vurğulandı ki, mükafatın
təsis edilməsində məqsəd Azərbaycanın mədəni
irsinin inkişafı naminə elmi tədqiqatların
aparılması, tarix və mədəniyyət abidələrinin
mühafizəsində qabaqcıl standartların tətbiqi,
daşınmaz tarix və mədəniyyət abidələrinin
bərpa və konservasiyası, təmir-bərpa işlərinin
müasir texnologiyalar əsasında layihələndirilməsi,
mədəni irsimizin tanıdılması və təbliği,
bu sahədə ixtisaslı kadrların hazırlanması
üzrə nailiyyətlər barədə geniş ictimaiyyətin
məlumatlandırılmasından ibarətdir. Mükafat
memarlıq, arxeologiya və etnoqrafiya, mədəni turizm, tarix
və mədəniyyət abidələrinin bərpası, mədəni
irsin tədqiqi, təbliği və mühafizəsi istiqamətləri
üzrə 3 nominasiyada verilir.
Müxtəlif nominasiyalar üzrə
qaliblər elan olundu, nazir Əbülfəs Qarayev “Milli irs
mükafatı"nı və diplomları sahiblərinə təqdim
etdi.
“Azərbaycan irsinin təbliğində
xidmətlərinə görə” nominasiyasında Paolo del
Byanko və “Miras” İctimai Birliyi, “Azərbaycan irsinin tədqiqində
xidmətlərinə görə” Davud Axundov
(ölümündən sonra), Tovuz arxeoloji ekspedisiyası, “Azərbaycan
mədəni irs abidələrinin mühafizəsi, bərpası
və istifadəsində xidmətlərinə görə”
nominasiyasında Memarlıq və İnşaat Universitetinin
rektoru Gülçöhrə Məmmədova və SEBA Azərbaycan-Koreya
Mədəniyyət Assosiasiyası təltif olundular.
Sonra "Atəşgah Həyat”
sığorta şirkəti idarə heyətinin sədri Əkbər
Mədətli səhnəyə dəvət olundu. O, “Atəşgah
məbədi”nin şirkətin vəsaiti hesabına 3 milyon
dollar məbləğində
sığortalandığını xatırlatdı,
müqavilənin yeniləndiyini deyərək müqavilənin
simvolu olan sertifikatı qoruq rəhbərliyinə təqdim
etdi: “Mədəni irsin qorunması sahəsində
görülən işləri dəstəkləyirik, bu
işlərdə az olsa da, payımızın olmasını
istəyirik”.
Tədbirin sonunda iştirakçılar
açıq hava altında təşkil olunmuş konserti izlədilər.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 3.