Təhsil
və mədəniyyət dövlətin sütunudur
Milli
Kitabxanada “Heydər Əliyev və Azərbaycanda dərslik
siyasəti” adlı sərgi açılıb
Aprelin 18-də Azərbaycan Milli
Kitabxanasında ulu öndərin 90 illik yubileyinə həsr
olunmuş “Heydər Əliyev və Azərbaycanda dərslik
siyasəti” mövzusunda sərgi açıldı. Mədəniyyət
və Turizm, Təhsil nazirlikləri və Milli Kitabxana tərəfindən
təşkil edilən tədbirdə tanınmış alim və
mütəxəssislər, elm, mədəniyyət xadimləri
iştirak edirdi.
Tədbiri kitabxananın direktoru Kərim
Tahirov açaraq ümummilli liderin təhsilə, kitaba, mədəniyyətə
göstərdiyi diqqət və qayğıdan
danışdı, sərgidə nümayiş olunan
kitabların bunun bariz nümunəsi olduğunu
vurğuladı.
Təhsil naziri Misir Mərdanov
çıxışında Azərbaycanda, bütün sahələrdə
olduğu kimi, kitabxanaçılıq və kitab sahəsində
də inkişaf olduğunu diqqətə çatdırdı,
bu inkişafın təməlinin dahi rəhbər tərəfindən
qoyulduğunu vurğuladı: “Ulu öndər Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi 1970-ci illərdə ilk dəfə
olaraq dərsliklərin məktəblilərə pulsuz
paylanması qərara alındı. Heydər Əliyev ikinci dəfə
hakimiyyətə qayıtdıqdan sonra da bu kursu davam etdirdi, dərsliklərin
məktəblilərə pulsuz paylanması haqqında qərar
imzaladı. Təhsil Nazirliyi olaraq biz də hər zaman bu siyasəti
dəstəkləmişik. Orta və ali məktəblərdə
tələbə və şagirdlərin kitablarla təmin
olunması üçün hər il kitabxanalara müxtəlif
adda kitablar təqdim olunur. Bu isə Heydər Əliyevin fəaliyyəti
dövründə Azərbaycan təhsilinə, onun səviyyəsinin
yüksəlməsinə, yeni, müasir dərsliklərin nəşrinə
olan diqqət və qayğısının nəticəsi idi.
Sərginin təşkilinə görə Mədəniyyət
və Turizm Nazirliyinə, eyni zamanda Milli Kitabxananın rəhbərliyinə
təşəkkürümü bildirirəm”.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirdi ki, Heydər Əliyev
haqqında danışarkən ilk növbədə onun
qurduğu Azərbaycan dövləti və uğurlu siyasətindən
söz açmalıyıq: “Onun əsas ideyalarından biri də
Azərbaycanın təhsil sisteminin inkişafına, xalqın
maarifləndirilməsinə yönəlmişdi. Azərbaycan
xalqı tarix boyu böyük faciələr yaşayıb və
mənim fikrimcə, bu faciələrdən biri də XX əsrin
20-30-cu illərində xalqın əlifbasının bir
neçə dəfə dəyişdirilməsi idi. Öz
keçmişini, mədəniyyətini, tarixini bilməyən
böyük təhlükələrlə rastlaşa bilər.
Belə hal milləti geridə qoyur, onun bir xalq kimi
formalaşmasına əngəl törədir. Vaxtilə Heydər
Əliyevin təhsilə və kitaba qayğısı
olmasaydı, bu gün müstəqillik dövrünün gənclərinin
təhsili indiki səviyyədə olmazdı. Hazırda həmin
siyasətin nəticəsi olaraq təkcə dərsliklər
deyil, dünya ədəbiyyatı nümunələri də məktəblərə
pulsuz paylanır.
Cəmiyyət inkişaf edir, yeni texnologiyalar təqdim olunur. Bu gün Milli Kitabxanada bizə təqdim olunan elektron kitabxana sistemi, kitaba, kitabxanaçılığa müasir
baxışın göstəricisi,
Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham
Əliyevin kitabxana sahəsində imzaladığı
qərar və fərmanların nəticəsidir.
Təhsil və mədəniyyət
dövlətin sütunudur.
Hər iki sahəyə ulu öndərin göstərdiyi diqqət və qayğı xalqımızın inkişafı
və gələcəyinə
ünvanlanıb. Heydər Əliyevin
uzaqgörən siyasəti
bu gün də davam etdirilir
və bu sahədə minlərlə
yeni layihələr gerçəkləşdirilir”.
Tədbirdə
Zərifə Əliyeva
adına liseyin direktoru, Əməkdar müəllim
Məhəbbət Vəliyeva,
Heydər Əliyev adına liseyin direktoru, Əməkdar müəllim Fikrət Xəlilov, Əməkdar müəllim Samirə Bektaşi və digər çıxış
edənlər ulu öndərin Azərbaycan
təhsilinə göstərdiyi
qayğıdan söz
açdılar.
Sonda iştirakçılar 1500 adda
kitabın nümayiş
olunduğu geniş sərgi ilə tanış oldular.
Lalə Azəri
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 4.