Tarixin öyrənilməsində muzeylərin rolu
Ulu öndər Heydər Əliyevin
90 illiyinə həsr olunmuş respublika elmi konfransı
Aprelin 18-də Milli Azərbaycan
Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin 90 illiyinə
həsr olunan “Azərbaycan tarixinin öyrənilməsində
muzeylərin rolu və problemləri” mövzusunda III respublika
elmi konfransı öz işinə başladı.
Açılış mərasimində
çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı
konfransın artıq ənənə halını
aldığını bildirdi: “Budəfəki konfransda muzeylərdə
elmi fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi,
muzey pedaqogikası və tarixi tədqiqatlar, Azərbaycan
tarixinin təbliğində muzeylərin təhsil müəssisələri
ilə qarşılıqlı əlaqələri müzakirə
olunacaq”.
Daha sonra “Heydər Əliyev və
Azərbaycanda milli muzey işi” mövzusunda
çıxış edən Nailə Vəlixanlı bildirdi
ki, ulu öndər xalqımızın əsrlər boyu
yaratdığı mənəvi sərvətin, dəyərlərin,
tarixi-mədəni irsin toplanması, qorunub saxlanılması,
zənginləşdirilməsi üçün əlindən
gələni etmişdir. Məhz onun təşəbbüsü
və rəhbərliyi ilə 1980-ci ildə respublikada muzey
işinə aid xüsusi qərar qəbul edilib, muzey şəbəkəsinin
inkişafına geniş imkanlar yaradılıb, muzeylər
mühüm mədəniyyət ocaqlarına, xüsusilə,
gənc nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin
mərkəzlərinə çevrilib.
Ulu öndər Heydər Əliyev
Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə
respublikanın rayonlarında tarix-diyarşünaslıq muzeyləri
və böyük şəxsiyyətlərin ev-muzeyləri
yaradılıb: “Bu muzeylər tarixi dəyərləri
qorumaqla yanaşı, mənəvi tərbiyə
ocağına çevrildi. Təəssüf ki, ulu öndər
siyasi arenadan uzaqlaşandan sonra mədəniyyətimizə
ağır zərbə vuruldu. Heç bir əsas olmadan
Böyük Vətən Müharibəsi Tarixi Muzeyi
bağlandı, yeni mərkəzlərin yaradılmasına
ayrılan vəsait azaldıldı. Ümummilli liderin yenidən
hakimiyyətə qayıtması ilə, həyatın hər
sahəsində olduğu kimi, muzeylərdə də canlanma
baş verdi. Tarixi abidələrin qorunub saxlanmasında muzeylərin
müstəsna əhəmiyyətini dərindən bilən
dahi rəhbər bu sahə ilə bağlı xüsusi
tapşırıqlar verdi. Bu gün Heydər Əliyev kursunun
layiqli davamçısı olan Prezident İlham Əliyev muzeylər
şəbəkəsinin genişləndirilməsinə
xüsusi qayğı və diqqət göstərir”.
Sonra L.Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin elmi
işçisi Ülkər Şirəliyeva “Heydər Əliyev
və Azərbaycan xalçaçılıq sənəti”,
Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Alla Bayramova “Musiqi əsərlərinin
unudulmasının qarşısının alınmasında
muzeylərin rolu”, Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor
müdiri, tarix elmləri doktoru Kamil İbrahimov “İçərişəhərdə
konservasiya olunmuş arxeoloji qazıntı sahələri
tariximizi təbliğ edən açıq səma altında
muzey kimi” mövzusunda çıxış etdilər.
Çıxışlardan sonra tədbir
iki seksiyada işini davam etdirdi. Elmi konfrans bu gün
işini başa vuracaq.
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 6.