Azərbaycan musiqisi Ukraynada
Musiqi sərhəd tanımır.
Çünki o elə bir
ünsiyyət vasitəsidir
ki, bütün qəlblərə hakim kəsilə
bilir. Dilindən, dinindən asılı
olmayaraq incə qəlbi, yüksək duyumu olan hər
kəs gözəl və ecazkar musiqidən zövq ala bilir. Ürəyəyatımlı, ülvi hissləri
əks etdirən gözəl musiqi insanları qovuşdurur, dostluq körpüsünə
çevrilərək xalqlar
arasında səmimi münasibət yaradır.
Azərbaycan musiqisi də
dünyanın hansı
bir ölkəsində
səslənərsə, böyük
məhəbbətlə qarşılanar,
insanları valeh edər. Aprelin 1-dən
4-dək Ukraynada keçirilən
Azərbaycan musiqisi günlərində dost ölkənin
sənətsevərləri Azərbaycanın milli və professional musiqi nümunələrindən mənəvi
qida aldı. Musiqi günlərində iştirak
edən sənətkarlarımız
keçirilən tədbirlərdən,
onlara bəslənən
hörmət və məhəbbətdən ürəkdolusu
danışırlar. Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti, UNESCO-nun sülh artisti, professor Firəngiz Əlizadə səfər təəssüratlarını
bizimlə bölüşdü.
Ukraynada Azərbaycan musiqisi günlərinin ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğunu vurğulayan Firəngiz xanım tədbirin Kiyevdə ulu öndərin adını daşıyan
parkda onun abidəsini ziyarət etməklə başlandığını
söylədi: “Bildiyiniz
kimi, ulu öndərimiz Heydər Əliyevin musiqi incəsənətinə böyük
diqqət və məhəbbəti vardı.
O, nəinki musiqini sevirdi, musiqiçilərə,
xüsusən də bəstəkarlara gözəl
tövsiyələr verir,
professional musiqimizin inkişafı
üçün yeni yollar göstərir, Azərbaycan Bəstəkarlar
İttifaqının fəaliyyətinə
həmişə xüsusi
qayğı və diqqətlə yanaşırdı.
Çox
sevindirici haldır ki, belə qayğı
və diqqət bizə möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən də
daim göstərilir.
Kiyevdə keçirilən Azərbaycan musiqisi günləri Ukrayna ilə ölkəmizin dostluq münasibətinin təzahürüdür. Onu da deməliyik ki, ölkəmiz müstəqillik
əldə etdikdən
sonra ilk Azərbaycan Bəstəkarlar İttifaqı
böyük tərkibdə
xaricdə yaradıcılıq
səfərində olurdu.
Təbii
ki, bu, möhtərəm
Prezidentimizin rəhbərliyi
ilə ölkəmizin
əldə etdiyi siyasi və iqtisadi uğurların nəticəsidir. Səfərimiz müvəffəqiyyətlə keçdi. Ukrayna Mədəniyyət və
Turizm Nazirliyi, Ukrayna Milli Bəstəkarlar
İttifaqı, Azərbaycanın
Kiyevdəki səfirliyi,
Azərbaycan Bəstəkarlar
İttifaqı, Müslüm
Maqomayev adına Azərbaycan Mədəniyyət
Mərkəzi, Ukraynadakı
azərbaycanlı diasporunun
birgə səyləri
ilə baş tutan tədbir ölkələrimizin mədəniyyəti
üçün yaddaqalan
hadisələrlə zəngin
oldu.
Kiyevin konsert salonlarından
Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov kimi klassiklərlə yanaşı, orta və gənc nəsil bəstəkarların
da əsərləri səsləndi. Bununla
bahəm Ukrayna tamaşaçıları mahir
ifaçılarımızın sayəsində Azərbaycanın
tar, qanun, kamança kimi qədim musiqi alətləri ilə də tanış oldular. Konsertlərdə Ukrayna və
Azərbaycan ifaçılarının
bir səhnəni bölüşməsi xüsusi
maraq doğururdu.
Bu həm bizim,
həm də onların uğuru idi. Məsələn,
aprelin 3-də Ukraynanın
Xalq artisti Qurban Abbasovun Asəf Zeynallının «Ölkəm» romansını
ifa etməsi və yaxud Ukraynanın
Əməkdar artisti, beynəlxalq müsabiqələr
laureatı, skripkaçı
Boqdana Pivnenkonun ifasında dahi bəstəkarımız Qara
Qarayevin konsertinin səslənməsi alqışlarla
qarşılandı”.
Həmsöhbətimin
sözlərinə görə,
səfər Ukraynada böyük əks-səda
doğurub: “Mətbuat
səhifələrində konsert
proqramları işıqlandırılır,
jurnalistlər bizimlə
yaradıcılıq söhbətləri
edir və bunlar da mətbuat
səhifələrində öz
əksini tapırdı.
Azərbaycan musiqisi günləri ilə bağlı keçirilən
mətbuat konfransında
çıxış edən
Ukrayna Milli Bəstəkarlar İttifaqının
sədri, bu ölkənin Milli Elmlər Akademiyasının
müxbir üzvü İqor Şerbakov bizim milli və
professional musiqimizə yüksək
qiymət verərək
bu tədbiri iki dost ölkənin mədəni həyatında
əlamətdar hadisə
adlandırdı. O, mətbuat
konfransının iştirakçılarına
ötən il
Bakıda müasir Ukrayna musiqisi günlərinin çox uğurla keçdiyini və bizim Bəstəkarlar
İttifaqının IX qurultayında
qonaq olarkən aldığı təəssüratları
da xüsusi qeyd etdi.
Ukraynada Azərbaycan musiqisi
günləri də bizim üçün xoş təəssüratlarla
yadda qaldı. Xüsusən onların ulu
muğamlarımıza maraq
göstərməsi çox
sevindirici oldu. Hətta onu da deyim
ki, ukraynalılar bizim ustadların orada muğam dərsləri aparmasını
təklif etdilər.
Odur ki, biz tarzən Sahib Paşazadə, qanun ifaçısı Çinarə
Mütəllimova və
kamança ifaçısı
Aida Rəfiyeva ilə
birlikdə «Rast» muğam dəstgahını
şərhlərlə tədbir
iştirakçılarına təqdim etdik. Belə düşünürəm ki,
bu tədbir Azərbaycan və Ukrayna musiqiçiləri arasında yeni layihələrin təməlidir”.
Firəngiz xanımın bu
xoş təəssüratları
bizim üçün
də çox sevindiricidir. Çünki bu, milli və
professional musiqimizin dünya
miqyasında yüksək
səviyyədə təbliğindən
soraq verir. Sənətkarlarımızın hər biri bu xoş təəssüratların
onların yaradıcılığı
üçün də
müsbət təsirindən
bəhs edir.
Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun dediklərindən: “Düşünürəm
ki, bu gözəl
bir ənənənin
başlanğıcıdır. Uzun illər bir-birimizlə elmi, mədəni, ictimai, siyasi və iqtisadi baxımından ünsiyyətdə
olduğumuz Ukrayna ilə belə bir əməkdaşlıq
biz yaradıcı insanlar
üçün böyük
əhəmiyyət kəsb
edir. Ukraynada Azərbaycan musiqisi
günlərinin başqa
bir tədbirlə də üst-üstə düşməsi Azərbaycan
mədəniyyəti üçün
uğurlu bir hadisədir. Həmkarlarım Ukraynada olan zaman mən Kazan şəhərində XI «Avropa-Asiya”
beynəlxalq müasir
musiqi festivalında iştirak edirdim. Orada da bəstəkarlarımızın
əsərləri səsləndi.
Festival Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, professor Firəngiz
Əlizadənin «Metomarfoza»
əsəri ilə açıldı. Bu, Azərbaycan musiqisinə verilən böyük qiymət və bizim üçün də fəxrdir. Şəxsən mənim yaradıcılığımda
bu festival çox əhəmiyyətli oldu.
Festivalda
mənim simli orkestr üçün «Xalq şənliyindən səhnələr» suitamla
yanaşı, kamança
və fortepiano üçün
«Qayıt» lirik pyesimin də ilk ifası müvəffəqiyyətlə
keçdi. Əsəri kamançada
Mədinə Şahgərdiyeva,
fortepianoda isə Sevinc Kərimova ifa etdilər. Mən bunu öz yaradıcılığımın
deyil, ümumən Azərbaycan musiqisinin uğuru kimi qəbul edirəm. Musiqiçilərimizin həm Kiyevdə,
həm də Kazan şəhərində uğurlu
çıxışları Azərbaycan musiqi tarixinə yaddaqalan səhifə yazdı”.
Ukraynada Azərbaycan musiqisi
günlərinin təntənəsi
əminik ki, digər ölkələrdə
də böyük əks-səda yaradıb.
Çünki burada Azərbaycanın
bəstəkarlıq məktəbini
layiqincə təmsil edən musiqiçilərin
çıxışları insanları valeh etmiş və onlarda xoş ovqat yaratmışdır.
Təbii
ki, bu da
təqdim olunan əsərlərin musiqi dilinin rəvanlığı,
melodik çalarların
gözəlliyi və
həmin əsərlərin
peşəkar ifaçılığı
ilə bağlıdır.
Yaxşı olar ki, bu yerdə konsert
proqramlarının repertuarından
bəzilərini qeyd edək. Aprelin 2-də
UMBİ-nin musiqi salonunda keçən konsertdə «A la muqam» (solistlər: Əməkdar
artist Sahib Paşazadə - tar, Çinarə Mütəllibova
- qanun, Aidə Rəfiyeva - kamança), Oleq Felzenin «Bayatı-Şiraz» (solist Samir Əsədov - skripka), Vasif Allahverdiyevin tar üçün
«Qarabağnamə» (solist
Sahib Paşazadə), Aliyə
Məmmədovanın kamera
orkestri üçün
«Nurlu kədər», Həsən Rzayevin «Çahargah», Ceyhun Allahverdiyevin «Dəniz və səma», «Sevəcəyəm», Firudin
Allahverdiyevin simli orkestr üçün konsertinin III hissəsi səslənib. Konsert böyük bəstəkarımız
Fikrət Əmirovun «Nizami» simfoniyası ilə tamamlanıb. Aprelin 3-də isə Ukrayna Milli Filarmoniyasının
N.Lisenko adına sütunlu salonunda keçən möhtəşəm
konsertdə Sərdar Fərəcovun «Koroğlu»
freskası, Asəf Zeynallının «Ölkəm»
romansı, Azər Dadaşovun «Reminissensiya», Cəlal Abbasovun «Where are
you Ulyses?», Rauf Əliyevin «Monoloq», Qara Qarayevin skripka konserti, Firəngiz Əlizadənin
«Nağıllar», Dadaş
Dadaşovun qanun üçün «Naxışlar»
(ifaçı Çinarə
Mütəllibova), Musa Mirzəyevin
«Azərbaycan rəqsi»
əsərləri səslənib.
Ukrayna səfərini Azərbaycan
musiqisinə səyahət
kimi də dəyərləndirmək olar.
Çünki burada milli və professional musiqimizin demək olar ki, bir çox
janrlarına müraciət
edilib. Hətta Azərbaycan musiqisi
barədə məruzələr
də təqdim olunub. Azərbaycan Bəstəkarlar İttifaqının katibi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Lalə Hüseynova «Azərbaycan musiqisi müstəqillik illərində», sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Turan Məmmədəliyeva «Gənc
Azərbaycan bəstəkarları
yaradıcılıq axtarışlarında»
mövzularında çıxış
ediblər.
Bütün deyilənlərdən belə
nəticəyə gəlirik
ki, Ukraynada Azərbaycan musiqisi günlərinin təntənəsi
hər iki ölkənin mədəniyyət
tarixində silinməz
izlər qoyaraq yeni yaradıcılıq layihələrinə yollar
açacaq.
Səadət
Təhmirazqızı,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 11.