Nəsillərin
sənət yolu
Türkiyədə
geniş tanınan Abuzər və Turan Manafzadələr
Bakıda silsilə konsert proqramları ilə
çıxış edirlər
Məşhur azərbaycanlı
pianoçu İslam Manafovun övladları - beynəlxalq
müsabiqələr laureatları Abuzər və Turan Manafzadələr
aprelin 1-dən 12-dək Bakı və Sumqayıtın musiqi məktəblərində
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş fortepiano musiqisindən ibarət silsilə konsert
proqramları ilə çıxış ediblər.
İstedadlı ifaçılar
Şopen, Skryabin, List və digər görkəmli bəstəkarların
əsərlərini yüksək professionallıqla ifa ediblər.
Qardaş Türkiyədə
yaşayıb-yaradan bu ailə musiqi ənənələrinə
bağlılığı ilə seçilir.
Tanınmış pianoçunun övladları onun yolunu
layiqincə davam etdirirlər.
Türkiyənin Mimar Sinan
Konservatoriyasının məzunları Abuzər və Turan
Manafzadələr 2006-cı ildə “Onay sanat piano müsabiqəsi”ndə
iştirak ediblər, Turan baş mükafata, Abuzər isə
ikinci mükafata layiq görülüb. Azərbaycanlı
ifaçılar 2009-cu ildə Bolqarıstanın paytaxtı
Sofiyada Lubomir Pipkov adına beynəlxalq musiqi müsabiqəsində
mükafat qazanıblar.
Dünyanın məşhur
pianoçu sənətkarlarından Vladimir Viardo, Oksana
Yablonskaya, Vincenzo Balzani və Myrthala Salazardan ustad dərsləri
alan Abuzər və Turan Manafzadələr 2009-cu ildə Qəbələ
Beynəlxalq piano müsabiqəsinin də
iştirakçıları olublar. İndiyədək Azərbaycan
və Türkiyənin bir çox şəhərlərində
uğurla çıxış edən istedadlı virtuozlar
Almaniyada da konsertlər veriblər.
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 12.