Gənc
vokalçının növbəti uğuru
Xəbər verdiyimiz kimi, aprelin 11-dən 15-dək Qazaxıstan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu ölkənin Kastanay şəhərində “Qızıl mikrofon” beynəlxalq vokal müsabiqəsi keçirilib.
UNESCO və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən, 12 ölkədən iştirakçıların qatıldıqları müsabiqədə Azərbaycanı Bakı şəhəri Georgi Şaroyev adına 35 nömrəli uşaq musiqi məktəbinin şagirdi (məsləhətçi müəllimə, professor, SSRİ Xalq artisti Fidan Qasımova), beynəlxalq müsabiqələr laureatı Emin Eminzadə təmsil edib.
Musiqi məktəbindən bildiriblər ki, Emin Eminzadə müsabiqədə görkəmli müğənni və bəstəkarımız Müslüm Maqomayevin “Azərbaycan” və məşhur ispan mahnısı “Bessame muço”nu ifa edib. Gənc istedad bundan əvvəlki müsabiqələrdə olduğu kimi, yenə də öz ifası ilə tədbir iştirakçılarını heyrətləndirməyi bacarıb və münsiflər heyətinin 10 üzvünün hər biri azərbaycanlı vokalçının ifasını 10 balla qiymətləndirib. Nəticədə Emin Eminzadə iştirakçılar arasında ən yüksək balı toplayaraq birinci olub və “Qızıl mikrofon” müsabiqəsinin laureatı adına layiq görülüb. Azərbaycanlı ifaçıya Kastanay vilayətinin rəhbərliyi tərəfindən diplom və hədiyyələr də təqdim edilib.
Emin
Eminzadə artıq üçüncü
dəfədir ki, beynəlxalq müsabiqələrin
laureatı olur. Gənc vokalçı
2011-ci ildə İtaliyada, 2012-ci ildə İspaniyada keçirilmiş
beynəlxalq müsabiqələrdə uğur
qazanıb.
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 12.