Əzim
Əzimzadənin xatirəsinə həsr olunur
Aprelin 15-dən 17-dək Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda görkəmli fırça ustası, Xalq rəssamı Əzim Əzimzadənin xatirəsinə həsr edilmiş karikatura sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Əzim Əzimzadənin sənət yolunu uğurla davam etdirən 20 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov görkəmli fırça ustası Əzim Əzimzadənin sənətkarlığından söz açaraq onun yaradıcılığını örnək, sənət məktəbi adlandırıb. Bildirilib ki, sənətkarın böyük ilhamla yaratdığı əsərlər Azərbaycan karikatura sənətinin parlaq səhifələrini bəzəyir. Onun bənzərsiz əsərlərinin təsiri özündən sonra gələn bir çox fırça ustalarının yaradıcılığında təzahürünü tapıb.
Xalq rəssamı Arif Hüseynov, Xalq artisti İlham Namiq Kamal, sənətşünas Ziyadxan Əliyev, "Kirpi" jurnalının baş redaktoru Polad Qasımov, karikaturaçı-rəssam və sərginin təşkilatçısı Hafiz Nəsiroğlu çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, aprel ayı Azərbaycanın karikatura sənəti tarixində əlamətdar aydır. 1906-cı il aprelin 7-də Cəlil Məmmədquluzadə tərəfindən yaradılan “Molla Nəsrəddin” jurnalı işıq üzü görüb. Aprelin 30-u isə Azərbaycan karikatura məktəbinin banisi Əzim Əzimzadənin doğum günüdür.
Sonra
sərgiyə baxış olub. Sərgidə
tanınmış rəssamlar Hafiz Nəsiroğlu,
Kirman Abdin, Bayram Hacızadənin əsərləri ilə
bir cərgədə Tural
Həsənli, Elman Mirzəyev, Bayram Qasımxanlı və digər müəlliflərin
əsərləri maraqla
qarşılanıb.
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 12.