Millətin
Xalq artisti
Ən
kütləvi sevgi-sevim banisi - Nəsibə xanım Zeynalova...
“Xalq artisti”... Son illər xəlqi-ictimai
müzakirə (hətta rəsmi müşavirə) mövzusu
olan, ən azı ikili münasibət bəslənən məsələ.
“Niyə Avropada, Amerikada belə adlar, titullar yoxdur, bizdə
var”, “bəyəm Tom Cons, Çelentano, Jerar Depardye, Al
Paçino, Maykl Cekson... dövlət artistləridir?!” kimi nidalı
suallar...
Bu barədə
çox söz deyilir, dilemmalar qurulur. Amma bunun bir vaxtlar “yuxarı Politbüro”nun “aşağılar”la
yaxınlaşma, səmimiyyətqurma
qurğularından biri
olduğu barədə
danışılmır. Yeri gəlmişkən, yaxşı
ki danışılmır.
Çünki bu ad bir çox daşıyıcılarında
birbaşa xalqın nəfinə, ovqatına işləyib. Hələ o sovetin ruhu sağ
olsun ki, bunlara “Sosializm artisti”, “Bolşevik incəsənət xadimi” kimi yarlıqlar yapışdırmayıblar.
Hələ bu da var
ki, sıradanbir-ötəri
işlərdən olan
bu yazının növbəti, Azərbaycan
mədəniyyətinin isə
əbədi Qəhrəmanı
olan Nəsibə Zeynalova ona Xalq
artisti (1967) kimi sənət adı verən siyasi sistemin Bakıya gəlişindən 4 il əvvəl doğulmuşdu
və əgər - bu xalqın oğul və qızlarına bəxş
etdiyi quru “ad”lardan öncə olmazın “iş”lər, işgəncələr verən
o hökumət gəlməsəydi,
kim bilir, bir parça səhnədə az qala bütöv bir xalq obrazı
yaradası bu qız növbəti bir real Sevda, Afət və sonda səhnədə yaratdığına bənzər
bir qaynana olaraq ömrünü başa vurmayacaqdımı?
Bu aspektdə nəzərdə tutulan bir çox mətləbə o çağlar
artistliyə münasibət
məsələlərini, “mütrüb”, “arsız” və s. “xalx” ad-ayamalarını da xatırlamalı.
Amma bu xalqa, bu
millətin hər bir üzvünə öz anası, bacısı, qızı qədər doğma, yaxın, sevgili olmuş Nəsibə xanım Zeynalova bu dünyada necə yaşadı, qazanılması mümkün
olan sənət zirvəsinin son pilləsini
necə fəth etdi, tarixə məlum ənənəvi,
trafaret ölüm-dəfn
ritualını necə
rövnəqləndirdi, vayı
necə “toy”-nişanlaşdırdı!..
Bu qız kimin qızı?..
Bu qız
Azərbaycan milli
realist aktyor məktəbi
banisinin qızı.
Başlıqda dediyimi
başqa səpkidə
təkrari-davam etsəm,
- ata sənət məktəbi banisi, övlad - ən kütləvi sevgi-sevim, ümummilli sənət məhəbbəti banisi!
O ata - Cahangir Zeynalov ticarətçi olub, amma qazanc faizinin
əksər məbləğini
- öz zehni, canı-qanıyla birgə
sənətə sərf
edib. 1916-cı il aprelin 20-də bu ilk və yeganə övladı doğulanda yaxın ətrafına özünəməxsus
bir elanla - “can sağlığında vəsiyyət”
edib ki, bu qız onun
sənət yolunu davam etdirməlidir. Ancaq qızının iki yaşını “ticarətçi-sənətçi”
süfrəsilə qeyd
etməyə hazırlaşırkən
ermənilər Bakıda
kütləvi qırğınlar
törədir və
o, ailəsilə İrana
köçməli olur.
Martda gedib sentyabrda qayıdan ailənin başçısı
gəmidə yatalaq xəstəliyinə tutulur,
az müddət
keçmiş dünyasını
dəyişir. Ermənilərin
sakinlərini qırıb,
özünü viran qoyduğu Bakı Cahangirin milli hisslərini, düşüncələrini
son nəfəsinədək əzir, arzularını heçə-puça çıxarır,
“ailəsinin, yeganə
övladının başsız
qalacağı, kiminsə
bu qızcığazı
teatr sənətinə
meylləndirə bilməyəcəyi
fikirlərindən üzülürdü”
kimi xatirələri də eşitmişəm ki, bunların bir parasını da o vaxtlar 2, televiziya üçün müsahibə aldığım
zaman 72 yaşı olan Nəsibə xanım özü söyləyib mənə.
Bu Xanım Xalq Xanımı...
Bu xanım
milli realist teatr məktəbimizin banisi olan atasının bəlkə də ilk və ən qüdrətli tələbəsi,
fenomenal-professional davamçısı
oldu. Ona qədər xalq içərisindən - təbii
seçmə yoluyla çıxmış aktyorlarımız
az deyildi,
lakin elitarlarla proletarlar arasındakı patoloji-xroniki zövq, sənətə baxış
fərqlərinin azaldılmasında
Nəsibə Zeynalova istedadında ikinci bir aktyor olmayıb,
zənnimcə. O cümlədən
əlahəzrət gülüşün
“ömürartıran”, “uğunma,
“gözselləmə”, “qəşş”,
“qırmanclama” motivlərində!
Onun şəxsi həyat “marşrut”larında
da təbəssümləyici
“dayanacaq”lar var ki, biri
də orta məktəbdə rəqqasəlik
etməsidir. Təsəvvür
edirsizmi, - Nəsibə
xanım Zeynalova rola girmədən (roldankənar) rəqqasəlik
edir! Bu nədir (!), bu qədər istedadlı, bacarıqlı,
qabiliyyətli adam adicə rəqs edir? Kimisə yamsılamadan?! Hansısa
real və ya tipoloji rəqqasəninsə
şəbehini çıxarmadan?!
Amma Rza Təhmasibin dram dərnəyinə
üzv olma ili (1932) başqa
gülüş doğurur:
16 yaşında! Beş
il sonra adı gülməli bir teatrda (Kolxoz
və Sovxoz Teatrında) peşəkar
aktrisa kimi işə başlayıb,
bir il sonra
(1938) yenicə yaranan və 75 ildir bizi eninə-boyuna güldürüb-düşündürən
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrına birinci dərəcəli aktrisa götürülüb. İnstitutlar, universitetlər, akademiyalar
bitirmiş bir çox zorəntəblilərlə
müqayisədə - elələrinin
“benefis”inə “gülməli”
bir təhsil ocağını - Bakı
Teatr Məktəbini bitirib.
Nəsibəyə hələ tələbə
ikən də çox ciddi rollar üçün ehtiyac duyulub. Deyirlər, bu fağır tələbə “rahətlokum
dərslər”dən çox,
ağır-ağır rol
mətnləri oxumalı
olurmuş. “Şıltaq qızın yumşaldılması” əsəri
səhnəyə hazırlanır.
- Bəs, adı çəkiləndə aktyorların
dad döydüyü Şekspirin
bu bəşəri əsərindəki dəymədüşər
Katarina rolunu kim?.. - Əlbəttə, tələbə Nəsibə!
Bəyəm o hazırda Fridrix
Şillerin “Mariya Stüart”ında Yelizavetanı
oynamır? - Elədir,
amma tələsmək
lazımdır, hələ
tezliklə onu Molyerin “Don Juan”ında
Elvira roluna dəvət
edəcəklər!..
...Ay səni, istedad!
Hamı görür, hamı sevib-sevinir, Ağasadıq
Gəraybəyli, Məhərrəm
Haşımov, Aleksandr
Tuqanov onun müəllimi olmaq fəxarətləri yaşayır...
Bu ecaz sənət qızının atası
və o müəllimlərin
yaxşı tanıdığı
dostları Cahangir Zeynalov isə o dünyada...
Ay səni dünya!
Bu nida
hər iki dünyayadır. Əkiz, həmkar
dünyaların hər
ikisinə aiddir.
Birində alqışlar, o birində “rəhmət”lərlə
sirab edilən Nəsibə xanım dünyalarınadır. Onun yaratdığı
obrazlardan hansı daha yaxşıdır ki, ondan daha
xüsusi, daha məxsusi bəhs edək (Tələsməyin).
Yaxşı, əla olmayanı
varmı? Hansı daha
zəifdir ki, ona göz yumub,
keçək bu birinə? Sanballarını demirəm, sayını
dəqiq bilən varmı? “Ögey
ana” filmindəki “xırrıpıt!” (itburnu çiçəyi
soyuqdəyməni “bıçaq
pendiri kəsən kimi - xırrıpıt kəsir”) ifadəsindəki
dil-üslub və sir-sifət sinxronizmini xatırlayırsızmı?
“Həmişəxanım”
(S.Qədirzadə) komediyasında
özündənrazı xanımların
müştəbehlik portretini
necə yaratdığını
xatırlayan teatrsevərlər
də az
deyil, məncə. Daha hansını deyim? “Ulduz”, “Bizim
Cəbiş müəllim”
filmlərində yaratdığı
təkrarsız obrazlar
haqda danışsam, bütün xalqın yekdil fikrini təkrar etmiş olmarammı?
Bəs, “Qaynana” haqda?!
Bu, “görünən dağa bələdçilik”
etməyə bənzəməzdimi?
Amma bu haqda
şahidi olduğum bir “hədis”i danışmaya bilməm:
...Yuxarıda toxunduğum (72 yaşının
tamamında) televeriliş
üçün küçədə
“natura-plan”lar çəkirik. Onunla rastlaşıb əl
çəkməyən adamların
əlindən macal tapa bilmir, gah
“qır-saqqız”ların üstünə
qeyzlənir, gah hirslənib kameranı söndürürük. Elə
bu vaxt anasının
əlindən tutmuş
6-7 yaşlı bir qızcığaz ona yaxınlaşıb, həyəcanlana-heyrətlənə
deyir: “Nəsibə nənə, vayyax mən böyüyəndə
yaxci gəyin olacağam!..”
Vəssalam, o vaxt veriliş
alındı.
Amma deyim ki, bu vaxt - vaxt
darlığından - bu
yazı yaxşı alınmadı.
Sağlıq olsun...
Tahir Abbaslı
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 13.