Zərif
xatirələrin işığında
Görkəmli oftalmoloq alim, pedaqoq, akademik Zərifə
xanım Əliyevaya həsr olunmuş kitabın təqdimatı
Aprelin 22-də M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında
yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala
Mirələmovun “Görkəmli adamların həyatı”
biblioqrafik silsiləsindən Azərbaycan və ingilis dillərində
nəşr edilmiş “Zərifə Əliyeva” kitabının
təqdimat mərasimi keçirildi.
Mərasimi kitabxananın direktoru Kərim
Tahirov açaraq görkəmli oftalmoloq alim, pedaqoq, akademik Zərifə
xanım Əliyevanın tibb elminə verdiyi töhfələrdən
danışdı. Qeyd olundu ki, yazıçı Hüseynbala
Mirələmovun “Görkəmli adamların həyatı”
seriyasından “Heydər Əliyev” və “İlham Əliyev”
kitabları da çap olunub. Müəllifin yeni kitabı
2010-cu ildə Moskvadakı “Molodoya qvardiya” nəşriyyatında
rus dilində işıq üzü görüb. Bu il isə
“Azərbaycan” nəşriyyatında Azərbaycan və ingilis
dillərində çapdan çıxıb. Bu kitablar bir nəslin
üç böyük şəxsiyyətinə müəllifin
dərin ehtiramının ifadəsidir.
Mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev müəllifi belə
bir kitab ərsəyə gətirdiyinə görə müəllifi
təbrik edərək bildirdi ki, aprelin 28-də görkəmli
oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın
90 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək:
“O, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı
olması ilə yanaşı, sənətini sevən, həmişə
xalqının, ətrafındakı insanların
qayğısını çəkən xanım idi. Zərifə
xanım sovet dövründə istehsalatın insanların
sağlamlığı üçün zərərli sahələrində
çalışanların qayğısına qalırdı,
həmin müəssisələrdə bir neçə tibb məntəqəsinin
yaradılmasına nail olmuşdu. Göz üçün zərərli
istehsalat sahələrində şəxsən özü tibbi
müayinə günləri keçirər, xəstələri
qəbul edib onlara tövsiyələr verərdi. Zərifə
xanıma həsr edilən bu kitab onun əziz xatirəsinə
ehtiramdır”.
Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, “The language house” şirkətinin baş direktoru və kitabın ingilis dilinə tərcüməçisi Kifayət Əhmədqızı böyük alimin zəngin həyatını və elmi fəaliyyətini əks etdirən, maraqlı bədii-publisistik materialların və fotoşəkillərin toplandığı kitabı yüksək qiymətləndirdilər. Qeyd edildi ki, kitabda fakt və xatirə, bədii təsvir, lirik tərənnüm və fəlsəfi mühakimə bir-birini tamamlayır. Kitabda göz həkimi, humanist insan Zərifə xanım Əliyeva barəsində yer almış maraqlı xatirələrin işığında onun obrazı daha nəcib, səmimi və ülvi təsir bağışlayır.
Kitabın müəllifi, millət vəkili, yazıçı-publisist Hüseynbala Mirələmov nəşrin hazırlanması zamanı oftalmoloq alimin həyatı ilə bağlı rastlaşdığı maraqlı faktlardan söz açdı. Eyni zamanda bildirdi ki, əsər nəcib Azərbaycan qadını, görkəmli oftalmoloq alim, akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar və qayğıkeş ana Zərifə Əliyeva haqqında əbədiyyət dastanıdır. Müəllif kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi və silsilə kitab nəşrinin davam edəcəyini vurğuladı.
Tədbirin sonunda qonaqlar Milli Kitabxana tərəfindən təşkil olunmuş “Zərifə Əliyeva-90” adlı kitab sərgisi ilə tanış oldular.
Lalə Azəri
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 4.