Azərbaycan-Tatarıstan
mədəniyyət əlaqələri müzakirə olunub
Ölkəmizin qeyri-maddi mədəni
irsin qorunması sahəsində təcrübəsi diqqətlə
öyrənilir
Aprelin 22-də mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
ölkəmizdə səfərdə olan Rusiya Federasiyası
Tatarıstan Respublikasının mədəniyyət
işçilərinin nümayəndə heyəti ilə
görüşüb. Görüşdə Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyət siyasəti
şöbəsinin müdiri Fikrət Babayev, şöbənin
Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar
Hüseynli iştirak edib.
Nazir müavini qonaqları
salamlayaraq Azərbaycan və Tatarıstan xalqlarını dərin
tarixi köklər bağladığını,
xalqlarımız arasında bütün sahələrdə,
xüsusilə də mədəniyyət sahəsində
sıx əlaqələrin olduğunu diqqətə
çatdırıb, bu cür görüşlərin əhəmiyyətini
yüksək dəyərləndirib.
Sevda Məmmədəliyeva Azərbaycanda
qeyri-maddi mədəni irsin qorunması sahəsində
görülən işlərlə bağlı qonaqlara məlumat
verib. Qeyd olunub ki, “Qeyri-maddi mədəni irsin qorunmasına
dair" UNESCO Konvensiyasının tövsiyələrinə əsasən
və dünyanın qabaqcıl ölkələrinin mədəniyyət
siyasəti sahəsində təcrübəsi nəzərə
alınmaqla, nazirlik tərəfindən Azərbaycanın
qeyri-maddi mədəni irsinin qorunması, bərpası və
istifadəsində müasir mədəni-siyasi
texnologiyaların tətbiqi vasitəsilə geniş islahatlar
aparılır.
Qeyri-maddi mədəni irs sahəsinin
mədəni-siyasi təminat mexanizmlərinin monitorinqinin nəticələri
əsasında “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin
Dövlət Reyestri” tərtib edilir və “Azərbaycan
qeyri-maddi mədəni irs subyektlərinin portfolio bankı”
hazırlanır. Bildirilib ki, dövlət tərəfindən
bu sahədə aparılan məqsədyönlü fəaliyyət
nəticəsində milli mədəniyyətimizin inciləri
olan muğam, aşıq sənəti, Novruz bayramı,
xalçaçılıq sənəti və tar
ifaçılığı sənəti UNESCO-nun “Qeyri-maddi mədəni
irs üzrə Reprezentativ siyahısı”na daxil edilib.
Tatarıstan nümayəndə heyətinin
rəhbəri, Tatarıstan Respublikası Ənənəvi Mədəniyyət
Mərkəzinin direktoru Fanzilə Zavqarova qeyd edib ki, Azərbaycanın
qeyri-maddi mədəni irsin qorunması sahəsində əldə
etdiyi nailiyyətlər onların da diqqətini cəlb edib:
“Biz Bakıya Rusiya Federasiyası Tatarıstan
Respublikasının mədəniyyət nazirinin dəstəyi
ilə gəlmişik. Məqsədimiz qeyri-maddi mədəni
irs sahəsində Azərbaycan modelinin öyrənilməsi,
bu istiqamətdə təcrübə mübadiləsi
aparılması, eyni zamanda bu sahə üzrə
qarşılıqlı əməkdaşlığın
inkişaf etdirilməsinə nail olmaqdır”.
Tatar xalqının zəngin tarixi,
ənənələri və mədəniyyəti olduğunu
vurğulayan qonaq Azərbaycanla mədəniyyət sahəsində
daha sıx əməkdaşlıq arzusunda olduqlarını
bildirib: “Bakı gözəl, modern, Şərq ənənələrini
özündə saxlayan bir Avropa şəhərinə
çevrilib. Azərbaycanın təkcə muğamı mədəniyyət
sahəsində dünyanı fəth etməyə kifayət
edər. Ona görə də sizinlə mədəni əlaqələrimizin
inkişafında çox maraqlıyıq”.
Sonra görüşdə
qarşılıqlı xatirə hədiyyələri təqdim
edilib.
Qeyd edək ki, aprelin 20-dən 23-dək
ölkəmizdə olan Tatarıstan nümayəndə heyəti
Xalça Muzeyinə, Beynəlxalq Muğam Mərkəzinə,
İçərişəhərə, “Qala” arxeoloji-etnoqrafik
muzey kompleksinə baş çəkib, eyni zamanda
İsmayıllı, Qəbələ rayonlarının mədəniyyət
mərkəzlərində görüşlər keçirib.
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 5.