Mədəniyyət
və turizm naziri vətəndaşları
dinlədi
Saatlı
şəhərində keçirilən qəbulda ətraf
bölgələrdən 50-dək sakin iştirak edirdi
“Yerlərdə
vətəndaşlarla görüşmək, onların təkliflərini,
arzularını, fikirlərini eşitmək müsbət təcrübədir”
Aprelin 19-da mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Saatlı şəhərindəki
Gənclər Mərkəzində Saatlı, Sabirabad,
Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi,
Laçın, Füzuli rayonlarından və Şirvan şəhərindən
olan vətəndaşları qəbul etdi. Qəbulda Nazirliyin
Aparat rəhbəri Firudin Qurbanov, şöbə müdirləri
və məsul işçiləri iştirak edirdilər.
Qeyd edək ki, 50-dək vətəndaş
əvvəlcədən Mədəniyyət və Turizm
Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı,
eservices.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat
sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə
də rayon mədəniyyət və turizm şöbələrinə
müraciət etməklə qəbula
yazılmışdı.
Qəbuldan öncə nazir Əbülfəs
Qarayev bütün müraciətlərə
ayrı-ayrılıqda baxılacağını qeyd edərək
bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən vətəndaşlarla
keçirilən bu görüşlər yerlərdə
mövcud problemlərin, əhalinin xahiş, şikayət və
təkliflərinin öyrənilərək onların həlli
ilə bağlı müvafiq tədbirlərin görülməsi
məqsədi daşıyır.
Müraciətlər
müxtəlif məsələlərlə bağlı idi
Qəbul zamanı konfrans zalında
növbə gözləyən vətəndaşlarla həmsöhbət
oldum. Beyləqan rayonundan gəlmiş İfrat Məhərrəmov
müraciəti barədə danışdı: “Rayonun kəndlərində
ixtisaslı mədəniyyət işçiləri çatışmır.
Bu problemi aradan qaldırmaq üçün rayonlara təyinat əsasında
mədəniyyət işçilərinin göndərilməsi,
təhsil işçiləri üçün nəzərdə
tutulmuş imtiyazların onlara da şamil edilməsi, gənc mədəniyyət
işçilərinə güzəştli ipoteka kreditlərinin
verilməsi məsələsində hörmətli nazirdən
köməklik göstərməsini xahiş edəcəyəm”.
Beyləqandan gəlmiş digər
sakin İsa Nəbiyev rayonun klub müəssisələrinin əsaslı
təmirə ehtiyacı olduğunu bildirərək eyni zamanda
yeni mədəniyyət müəssisələrinin tikilməsi
ilə bağlı müraciət edəcəyini dedi.
Füzuli rayon sakini Musa Məhərrəmov
da oxşar problemlə bağlı Saatlıya gəlmişdi:
“Biz mədəniyyət işçiləri olaraq bu
görüşləri yüksək qiymətləndiririk.
Çünki belə qəbullar problemlərimizi açıq
şəkildə diqqətə çatdırmağa imkan
verir. Müraciətim ştat vahidlərinin verilməsi ilə
bağlıdır. İnanıram ki, müsbət həllini
tapacaq”.
Saatlı rayonundan şəhid ailəsinin
üzvü Sevinc Məmmədova isə sosial müavinətlə
bağlı müraciətinin olduğunu dedi.
Saatlı rayonunun başqa bir sakini
Zülfüqar Feyruz yaşadığı kənddə Mədəniyyət
evinin tikilməsi xahişi ilə qəbula gəldiyini bildirdi:
“Saatlı rayonunun Dədə Qorqud kəndində mədəniyyət
evi icra nümayəndəliyinin binasında yerləşir.
Lazımi şərait yoxdur. Bir ziyalı kimi kənddə mədəni
mühitin canlanmasını istəyirəm. Bu məqsədlə
nazirlə görüşə yazılmışam”.
Ümumilikdə 50-dək müraciət
əsasən kəndlərdə mədəniyyət evlərinin
maddi-texniki bazasının gücləndirilməsi, təmiri,
musiqi məktəblərinin tikintisi, mədəniyyət
kollektivlərinin geyim və musiqi alətləri ilə təchizatı,
gənc kadrların işlə təminatı, sosial müavinətlərin,
güzəştli ipoteka kreditlərinin verilməsində
köməklik göstərilməsi və sair məsələlərlə
bağlı idi.
Xahiş, təklif və şikayətlər
ayrı-ayrılıqda dinlənildi
Qəbula gəlmiş hər bir vətəndaşı
diqqətlə dinləyən nazir Əbülfəs Qarayev qeyd
etdi ki, səslənən bütün məsələlər
nəzərdən keçiriləcək, həlli
üçün addımlar atılacaq.
Nazir hər il ölkənin
müxtəlif regionlarında mədəniyyət
ocaqlarının, o cümlədən musiqi məktəblərinin
tikintisi və əsaslı yenidən qurulması ilə
bağlı işlərin görüldüyünü
xatırladaraq, qəbul olunacaq yeni investisiya layihələrində
qaldırılan məsələlərin nəzərdə
saxlanılacağını bildirdi. Qeyd olundu ki, ötən il
bir sıra mədəniyyət kollektivlərinə geyimlər
verilib, qaldırılan digər problemlər də qısa
zamanda həll olunacaq.
Qəbula gələn vətəndaşlar
tərəfindən yerlərdəki mədəniyyət
müəssisələrinin kadrlara olan tələbatını
ödəmək üçün humanitar sahədə təhsil
alıb iş axtaran gənclərin qısamüddətli
kurslar vasitəsilə mədəniyyət ixtisaslı profillərə
uyğunlaşdırılması, onların müvafiq işlə
təmin olunması, habelə mədəniyyət
ocaqlarında ödənişli dərnəklərin
yaradılması təklifləri də səsləndi. Təklifləri
müsbət dəyərləndirən nazir Əbülfəs
Qarayev həyata keçirilən pilot layihələrdə bu məsələlərin
nəzərə alınmasının vacibliyini bildirdi. Nazir bəzi
müraciətlərin yerindəcə həll olunması
üçün konkret tapşırıqlar verdi, səslənən
bir sıra məsələlərlə bağlı aidiyyəti
təşkilatlar qarşısında məsələ
qaldırılacağını diqqətə
çatdırdı.
Mədəniyyət
ocaqlarının inşası, kadr məsələləri
diqqət mərkəzindədir
Görüşdən sonra
jurnalistlərə açıqlama verən nazir vətəndaşların
xahiş, şikayət və təkliflərinin müxtəlif
mövzu və sahələri əhatə etdiyini dedi : “Biz
hesab edirik ki, yerlərdə vətəndaşlarla
görüşmək, onların təkliflərini,
arzularını, fikirlərini eşitmək müsbət təcrübədir.
50-dək vətəndaşla görüşümüz oldu.
Səslənən müraciətlərin bir çoxu
reallığı əks etdirirdi. Mədəniyyət müəssisələrinin
inşası, ştat vahidlərinin ayrılması, kadr məsələləri
ilə bağlı məsələlər nazirliyin daim diqqət
mərkəzindədir. Düşünürəm ki,
ziyalı insanların qəbula yazılaraq müsbət təşəbbüslər,
təkliflər səsləndirməsi yüksək qiymətləndirilməlidir”.
Azərbaycanda mədəniyyət
siyasətinin uğurla həyata keçirildiyini və əhali
ilə birbaşa təmasda səslənən məsələlərin
ümumi işin xeyrinə olduğunu qeyd edən nazir bildirdi
ki, bəzi müraciətlərdə sosial yardım, mənzil
təminatı və digər məsələlərlə
bağlı köməklik göstərilməsi xahiş
olunub ki, bu müraciətlər də müvafiq qurumlara təqdim
ediləcək və diqqətdə saxlanılacaq:
“Düşünürəm ki, bu məsələlərin həlli
mümkündür. Biz öz növbəmizdə
çalışacağıq ki, müvafiq dövlət
orqanları qarşısında məsələ qaldıraq və
onların icrasına nəzarət edək. Lakin elə məsələlər
var ki, onların qanunvericilik çərçivəsində həlli
mümkün deyil. Burada haqlı və ziddiyyətli məsələlər
də var. Qaldırılan problemlərin bəziləri məhkəmə
yolu ilə həll olunmalıdır. Müraciətlərlə
bağlı o qənaətdəyəm ki, görüşə
gələn insanların böyük əksəriyyəti Azərbaycan
dövlətinin gördüyü işləri yüksək
qiymətləndirir. Bu bizi çox sevindirir”.
* * *
Görüşdən sonra nazir Əbülfəs
Qarayev Saatlı və Sabirabad rayonlarının bir sıra mədəniyyət
müəssisələrinə baş çəkdi, mövcud
şəraitlə yaxından tanış oldu, tövsiyə və
tapşırıqlarını verdi.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 6.