Unudulmayacaq ədib
Ənvər
Məmmədxanlı - 100
Ömründə
bir çox ağrı-acılar yaşamış
böyük yazıçı tez-tez bu sözləri təkrar
edərmiş: “Həyatım ağrıyır”
Aprelin 22-də Akademik Milli Dram
Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən biri - Xalq
yazıçısı, dramaturq, ssenarist və tərcüməçi
Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr
olunmuş xatirə gecəsi keçirildi.
Ədibin yubileyi ilə
bağlı ölkə Prezidentinin sərəncamına əsasən
keçirilən tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini
Vaqif Əliyev, görkəmli ədəbiyyat və incəsənət
xadimləri iştirak edirdi. İştirakçılar əvvəlcə
foyedə Ənvər Məmmədxanlının həyat və
yaradıcılığını əks etdirən fotosərgi
ilə tanış oldular.
Gecənin aparıcısı, millət
vəkili, filologiya elmləri doktoru, professor Nizami Cəfərov
Xalq yazıçısının ömür yolu barədə
ətraflı məlumat verdi. Ədibi həm tərcümeyi-halı,
həm də yaradıcılığı etibarı ilə ədəbiyyatımız
tarixində orijinal sənətkar kimi dəyərləndirdi.
Bildirdi ki, Göyçayda anadan olan, gənclik illəri
Bakıda keçən Ənvər Məmmədxanlı həmin
vaxt elektrik işləyib: “Ənvər adında da bu
işıq, bu nur var. Onun yaradıcılığında bu
işıq komponenti çox mühüm bir yer tutub”. Nizami Cəfərov
yazıçının yaradıcılığından
söz açdı, onun əsərlərinin alt qatı
olduğunu bildirdi: “Vaxtilə böyük Nazim Hikmət onun əsərlərinin
biri haqqında demişdir ki, sən əsərlərində həmişə
nəyi isə gizlədə, gizli şəkildə verə
bilirsən, bu, böyük bir istedaddır”.
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar yubiley tədbiri
ilə bağlı ürək sözlərini
bölüşdü: “Ənvər Məmmədxanlının
ilk dəfədir belə geniş yubileyi keçirilir. Mən
bizim hörmətli Prezidentə təşəkkürümü
bildirirəm ki, onun yubileyinin keçirilməsi haqqında sərəncam
verib, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür
edirəm ki, bu tədbiri təşkil edib. Bu gün mən
çox qiymətli bir hədiyyə də aldım. Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə “Təhsil” nəşriyyatı
Ənvər Məmmədxanlı haqqında “Həyatım
ağrıyır” adlı xatirələr kitabını və
yazıçının hekayələrini nəşr edib”.
Anar görkəmli
yazıçının kəşməkəşli həyatından
danışdı: “Ənvər Məmmədxanlı atamın
həm əmisi, həm də xalası oğludur. Mən
uşaq olanda onu əmim kimi qavramışam. O,
dünyasını dəyişəndə mən Moskvada idim.
Telefon zəng çaldı. Elə bil ürəyimə
dammışdı, uzun müddət telefona yaxın getmədim.
Sonra dəstəyi qaldırdım. Mənə xəbər
verdilər ki, Ənvər vəfat edib. Həmin gecə gəldim
Bakıya. Mənə dedilər ki, Ənvər müəllim
axır günlərdə deyirmiş Anarı görmək istəyirəm,
ona deyiləsi sözüm var. Nə deyəcəkdi, bilmirəm,
bəlkə deyəcəkdi ki, həyatım
ağrıyır...”
Filologiya elmləri doktoru, professor
Kamal Abdulla ədəbiyyatçı, kulturoloq, ssenarist,
tarixçi kimi adını Azərbaycan mədəniyyəti
tarixinə yazan Ənvər Məmmədxanlının şəxsiyyətindən
və yaradıcılığından söz açdı.
Sağlığında əfsanəyə çevrilən,
ziyası ilə ətrafa işıq saçan
yazıçı ilə bağlı xatirələrini
danışdı.
Ənvər Məmmədxanlı
istedadlı nasir və dramaturq olmaqla yanaşı, professional
kinossenarist kimi böyük şöhrət qazanıb, onun
ssenariləri əsasında Azərbaycan kinosunda xüsusi yeri
olan “Fətəli xan”, “Babək”, “Leyli və Məcnun” və
digər filmlər çəkilib.
Gecədə Ənvər Məmmədxanlının
ssenarisi əsasında çəkilmiş ekran əsərlərindən
fraqmentlər göstərildi. Əməkdar artist Azad
Şükürov yazıçının “Buz heykəl” hekayəsini
yüksək peşəkarlıqla iştirakçılara təqdim
etdi. “Şərqin səhəri” tamaşasından və “Leyli
və Məcnun” operasından bir parça səsləndirildi.
Ənvər Məmmədxanlı
gecəsi - yüz ilin bir gecəsi xoş anlarla yadda qaldı.
Təranə
Vahid
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 7.