Kitablarımız
beynəlxalq sərgilərdə
Ölkəmizin
nəşriyyat məhsulları Macarıstan və Moldovada
nümayiş olunub
Aprelin 18-dən 21-dək
Macarıstanın paytaxtı Budapeştdə ənənəvi
beynəlxalq kitab sərgi-yarmarkası keçirilib. Bu il sayca
20-ci dəfə gerçəkləşən kitab
bayramında dünyanın 20-yə yaxın ölkəsinin
100-dən artıq nəşriyyatı öz çap məhsullarını
nümayiş etdirib. Macarıstan paytaxtının “Millenium” mədəniyyət
mərkəzində təşkil olunan sərgi-yarmarkanın
açılışında çıxış edən
ölkə Prezidenti Yanoş Ader kitabı müasir mərhələdə
xalqları və mədəniyyətləri biri-birinə
yaxınlaşdıran, milli, irqi, dini ayrı-seçkilikləri
aradan qaldırmağa xidmət edən ən qüdrətli
vasitə adlandırıb.
Sərgi-yarmarkada ölkəmizin
müxtəlif nəşriyyatlarında çap olunmuş təxminən
200 adda 500-dən çox kitab nümayiş etdirilib.
Onların arasında ümummilli lider Heydər Əliyevə həsr
olunmuş kitablar, klassik və müasir Azərbaycan
yazıçılarının əsərləri,
respublikamızın tarixi yerlərinə, turist
marşrutlarına dair kitab, albom və bukletlər,
Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər
barəsində Azərbaycan və xarici dillərdə ədəbiyyat
yer alıb.
Azərbaycan guşəsinin
açılışında ölkəmizin
Macarıstandakı səfiri Vilayət Quliyev, Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili
və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli,
“Azərnəşr”in direktoru Azər Mustafazadə
çıxış edərək ölkəmizin mədəni
həyatında kitabın mühüm rolundan söhbət
açıblar. Guşədə səfirlik tərəfindən
macar dilində çap olunmuş 10-dan çox kitab da
nümayiş olunub.
Azərbaycan guşəsi gözəl
tərtibatı, kitabların çeşidi ilə sərgiyə
gələnlərin böyük marağına səbəb
olub.
* * *
Aprelin 18-22-də Moldovanın
paytaxtı Kişineu şəhərindəki “MoldExpo” mərkəzində
“Uşaq və gənclərin XVII beynəlxalq kitab sərgisi”
gerçəkləşib. Sərgidə ölkəmizin
Moldovadakı səfirliyi tərəfindən icarəyə
götürülmüş sahədə Mədəniyyət
və Turizm Nazirliyinin təqdim etdiyi 200-ə yaxın kitab və
nəşr məhsulları nümayiş olunub. Tədbirdə
nazirliyin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin aparıcı məsləhətçisi
Əfsun Əhmədov və F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının əməkdaşı Asim
Məmmədov iştirak edib.
Sərginin
açılışında Moldova parlamentinin spikeri Marian
Lupu, mədəniyyət, təhsil, gənclər və idman
nazirləri, beynəlxalq İBBY təşkilatının
prezidenti və Moldovanın Milli Uşaq Kitabxanasının
direktoru Klaudia Balaban və başqaları
çıxış ediblər.
Moldova parlamentinin sədri Marian
Lupu, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev
ölkəmizin guşəsi ilə tanış olublar.
Kişineu şəhərində təhsil alan azərbaycanlı
tələbələr, çoxsaylı ziyarətçilər
nəşrlərimizə böyük maraq göstəriblər.
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 8.