Parisdə “Doğma ev

 

   Fransa paytaxtında müasir Azərbaycan incəsənəti sərgisi açılıb

  

   “Yarat!” Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə aprelin 18-də Parisdəki Azərbaycan Mədəniyyəti Mərkəzində (“Doğma ev” (“Home, sweet home”) mövzusunda sərgi təşkil edib. Xatırladaq ki, Parisdə yeni fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət Mərkəzi şəhərin mərkəzində, Eyfel qülləsinin yaxınlığında yerləşir.

  

   Sərgidə müasir Azərbaycan rəssamlarının (Leyla Əliyeva, Aidə Mahmudova, Faiq Əhməd, Mahmud Rüstəmov, Müseyib, Vüqar Muradov, Faiq Əkbərov, Nazim Rəhmanov, Rasim Babayev, Arif Hüseynov, Orxan Hüseynov, Niyaz Nəcəfov, Altay Sadıqzadə, Vüsal Rəhim, Fəxriyyə Məmmədova, Sənan Ələsgərov və Sitarə İbrahimova) əsərləri nümayiş olunur.

   Ev sabitlik adasıdır, böyük və bədxah dünyanın məşəqqətindən gizlənə biləcəyimiz bir məkandır. Məhz burada biz işimiz və yaradıcılığımız üçün tələb olunan gücü toplayırıq, məhz bu məkana yorğun halda qayıdaraq, öz sevincimiz və nailiyyətlərimiz haqqında xəbərləri bölüşürük. Ev sanki planetlərlə (əşyalarla) dolu kainata bənzəyir və burada hər bir əşya yaşanmış çətinliklərin və sevinc məqamlarının xatirəsini qoruyur. Evdə mövcud olan emosional mühitdən bizim insanlara xeyir və ahəng bəxş etmək qabiliyyətimiz, eləcə də bizim özümüzünyeni nəsillərin gələcəyi asılıdır. Yalnız böyüdükdən sonra biz dərk edirik ki, təməli uşaqlıqda qoyulan nizam bizi hələ də idarə edir, gənclik zamanı yaşadığımız evin əks-sədası hələ də eşidilməkdədir...

   Sərgidə Leyla Əliyevanın “Beyin”, Aida Mahmudovanın “Yenidən emal” (“Recycle”), Altay Sadıqzadənin “Pilləkənin başında”, Fərid Rəsulovun “Anonim” əsərləri xüsusi maraqla qarşılanıb.

   Açılışda çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirin ölkəmizi mədəniyyəti və zəngin dəyərləri ilə fransızlara yaxından tanıtmaq məqsədilə təşkil edildiyini, sərginin mədəniyyət mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyini vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada tanıdılması istiqamətində Mehriban xanım Əliyevanın müstəsna rolu var. Diplomat mədəniyyət sahəsində müxtəlif layihələrə imza atan Heydər Əliyev Fondunun təşkilatçılığı “Qafqazın incisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Azərbaycan günlərinin artıq Fransanın on şəhərində keçirildiyini diqqətə çatdırıb.

   Yarat!” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil olunanDoğma ev” adlı sərginin fəaliyyəti barədə söz açaraq tədbirin Azərbaycanın gənc rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını bildirib. O, rəhbərlik etdiyi təşkilat tərəfindən artıq bir neçə belə sərginin Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini deyib.

   Parisdə ilk dəfə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin nümayiş etdirildiyini vurğulayan A.Mahmudova tədbirin Azərbaycan ilə Fransa arasında mövcud əlaqələrin inkişafına yeni töhfə verəcəyinə əminliyini ifadə edib.

   Mərasimdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərgi ilə yaxından tanış olub. Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, senatordeputatlar, ictimaiyyət nümayəndələri, diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri iştirak ediblər.

 

 

   Mədəniyyət.- 2013.- 24 aprel.- S. 8.