Özü boyda
işıq
Aşıq
Ələsgər Tağıyev 83 yaşında səhnəyə
çıxıb öz ifası ilə hamını heyran etdi
Aprelin 20-də R.Behbudov adına
Mahnı Teatrında Tovuz Aşıqlar Ansamblının rəhbəri,
ustad aşıq Ələsgər Tağıyevin (Çopur Ələsgər)
83 illiyinə həsr olunmuş təntənəli
yaradıcılıq gecəsi keçirildi. “Avrasiya Beynəlxalq
Araşdırmaları İnstitutu” İctimai Birliyinin dəstəyi
ilə gerçəkləşən mərasimdə əvvəlcə
ustad aşıqdan bəhs edən sənədli film
nümayiş olundu.
Gecənin aparıcısı, AMEA
Folklor İnstitutunun “Aşıq yaradıcılığı”
şöbəsinin müdiri, filologiya elmləri namizədi
Elxan Məmmədli el arasında Çopur Ələsgər
kimi şöhrət tapan sənətkarın həyat və
yaradıcılığı barədə
iştirakçılara ətraflı məlumat verdi.
Aşıq Ələsgər
Tağıyev 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində
anadan olub. Ömrünün 54 ilini aşıq sənətinə
həsr edib, Azərbaycan aşıqlarının III, IV və
V qurultaylarının iştirakçısı olub,
üç şeir kitabının müəllifidir.
Hazırda Tovuz Aşıqlar Ansamblının rəhbəridir.
Tədbirdə
çıxış edən Millət vəkili Qənirə
Paşayeva ustad sənətkarı uzun illərdir
tanıdığını, sənətinə bələd
olduğunu bildirdi və ustad aşığın insani dəyərlərindən,
özünəməxsus yaradıcılığından
danışdı. Qeyd etdi ki, Ələsgər əmini bu
yaşa gətirib çıxaran insanlara qarşı
böyük sevgisi, qəlbinin təmizliyi, saz-söz sənətinə
olan vurğunluğudur. Çətin zamanlarda yüksək
ifası, dastan yükü ilə sazı insanlara sevdirən
ustad sazın-sözün keşiyində dayanan sənətkardır.
Bu günə kimi Aşıq Ələsgər
Tağıyevin ifasında 18 val dinləyicilərin
ixtiyarına verilib və Azərbaycan Radio və
Televiziyasının “Qızıl fond”unda ustadın qiymətli
lent yazıları qorunub saxlanılır. Qənirə
xanım ömrünün gözəl anlarını
yaşayan aşığa bundan sonra da sazın-sözün
keşiyində dayanmağı, məclislərin
yaraşığı olmağı arzuladı və ustada hədiyyələr
təqdim etdi.
Filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev çıxışında aşıq sənətinin
özəlliklərindən söz açdı, Ələsgər
Tağıyevə cansağlığı və könül
xoşluğu arzuladı: “Aşıq musiqiçidir, bəstəkardır,
şairdir, aktyordur, sözün yaxşı mənasında məzhəkəçidir,
rəqqasdır və ən nəhayət, aşıq
dastançıdır. Görün, aşıq nə qədər
cəhəti özündə birləşdirən bir sənətkardır.
Ona görə də bu sənət həmişə
yaşayır və onun daşıyıcıları həmişə
xalqın qəlbində özünə yer tutur”.
Folklorşünas alim, filologiya elmlər
doktoru, professor Məhərrəm Qasımlı ustad
aşıq barədə ürək sözlərini
bölüşdü: “Aşıq Ələsgər o qədər
təbii, səmimi bir insan, bir sənətkardır ki, onun
haqqında ürəklə söz demək
mümkündür. O bizim hamımızın eldə, elatda
eşitdiyimiz bir sənətkarın adını daşıyır.
Bu ad ona da fəxrdir, bizə də fəxrdir. Çünki
Göyçəli Aşıq Ələsgərdən sonra Ələsgər
adını Allah bu kişiyə qismət elədi. Onun bildiyi
dastanların sayı 50-ə yaxındır, qaravəllilərin
sayı isə yüzdən artıqdır. Yorulmadan günlərlə
qaravəllilər deyər, məclis uğunub gedər. O,
böyük bir aktyordur, “Koroğlu”
aşığıdır. Onun özündən əvvəl
səmimi təbəssümü adamı qarşılayır.
Qoy həmişə o bizi təbəssümü ilə,
sazı ilə, sözü ilə qarşılasın.
Çünki onun ürəyi işıqlıdır”.
Gecədə Aşıq Ələsgər
Tağıyevin “Avrasiya Beynəlxalq Araşdırmaları
İnstitutu” İB-nin dəstəyi ilə yeni çapdan
çıxmış “Elim mənə ilham verib” adlı
şeirlər kitabı da sənətsevərlərə təqdim
olundu. Kitabda aşığın müxtəlif illərdə
yazdığı divani, gəraylı, qoşma, müxəmməs
və s. janrlarda aşıq şeirləri, dillər əzbəri
olan söyləmələri yer alıb.
Mərasimdə aşıqlardan Əli
Quliyev, Mahmud Məmmədov, Aşıq Abbas, Aşıq Qələndər,
Kamandar Soyutürk və nəvələri, Solmaz Kosayeva,
Aşıq Dəmir, Əlixan Niftalıyev, Familə
Göyçəli, ustadın nəvəsi Müjgan, Telli
Borçalı, Aşıq Sərdar, Günel Qurbanova,
Aşıq Nurəddin, Azər Xanlaroğlu, Aşıq Məhərrəm,
Ramil Qaraxanlı, Ramin Qarayev gözəl saz havaları ilə
sənətkarı təbrik etdilər.
Sonda Aşıq Ələsgər
Tağıyevin sənətinin işığına
yığışanlar ustadın ifasını dinlədilər,
sənətə sonsuz sevgisinə heyran oldular.
Aşığın böyük oğlu Eldar Ələsgəroğlu
gecənin təşkilatçılarına, bütün
iştirakçılara öz təşəkkürünü
bildirdi.
Təranə
Vahid
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 12.