Rəğbət milyonçusu

 

   Çox milyoner-milyarder məmurun, adlı “ziya”lının, yarlıqlı yaradıcının tamarzı qaldığı “milyonçu”luq...

  

   Ömrü boyu qazandığı bu “yatır” bütün ruhu uzununa çatar - Teymur Elçinin.

   Sayı çox, o dövr üçün sanbalı ağır idarələrdə, təşkilatlarda, nomenklatur vəzifələrdə, sədrlik-katibliklərdə, qurucu müşavirə-müzakirələrdə, yaradıcı mübahisə-“münaqişə”lərdə, cari-perspektiv layihələrdə qazanmışdı bu varidatı - vicdanlı məmur Teymur Əliyev, alovlu publisist Teymur Əlizadə, gözəl şair, dramaturq, tərcüməçi Teymur Elçin...

  

   Günü bu gün də deyirlər ki, Yer şimşəyi, cəmiyyət ildırımı, xalq ağsaqqalı idi Teymur müəllim. Maraqlıdır ki, hamı belə deyir, belə öyür, fəxarət hissilə danışır. Bu öygü-sevgilər qatışığında bircə fərqlilik taparsan: bəziləri bunu öz şəxsinə edilən hörmət-izzət, qəyyumluq məmnunluğu ilə söyləyir, daha geniş dünyagörüşlülər isə milli təəssübkeşliklə. Bir para adamlar deyir “o vaxtlar rəhmətlik məni layiq olduğum vəzifəyə irəli çəkdi”, “yalan deyirsiz, o məni yetimliyimə görə yox, yetikliyimə görə böyük redaktorluqdan sıravi redaktorluğa endirmədi” və s. Öz varlıqları ilə dünyanın belini əyilməyə qoymayan az-para insanlar isə ərz edirlər ki, Teymur müəllim həmişə, hər vaxt əsl insanlığa, rəhbərliyə, müdirliyə layiq işlər görür, yalnız layiqliləri irəli çəkirdi...

  

   Xatirələr obrazı

  

   Onu görüb-tanıyanlar belə deyib-danışırdılar və hələ danışacaqlar. Bu xatirələrə qulaq asıb soydaş-vətəndaş fəxarəti yaşayanlar isə öz təsəvvür-təxəyyül imkanlarına bab bir obraz yaradırlar. Şəxsi qərəzdən, nəfsdən, dostbazlıq, yerlibazlıq kimi antimilli cizgilərdən xali bir obraz. “Azərbaycan Kişisi” obraz-portreti. Rəssamlığa o qədər də asanlıqla əl verməyən absraktsion cizgilər. Əsasən xalqın şifahi nitq, nəqli xatirat üsul-üslubu “janr”ında yaradılan, təsəvvür-təxəyyül salonlarında sərgilənən qeyri-natural eksponat...

   Bu obraz-portretin bir neçə cizgisi onun Azərbaycan Radio və Televiziyasına rəhbərlik etdiyi (1957-1964) dövrə aid xatirələrdən yaranmış. Hər səhər keçirdiyi “letuçka”lardan birində işçilərə qayğı, sayğı ilə (və işə ümummilli məsuliyyətlə!) yoğurulmuş bir ciddiliklə üzünü radio diktorlarından birinə tutur: “..... müəllim, mən yaşda dinləyici busəhərki proqramdakı “Sabahınız xeyir, uşaqlar!!!” xitabınızdan bərk diksindim. Sizcə, körpələr nə etmiş olarlar?! - deyir və səmimiyyətlə əlavə edir - Bundan sonra o üç nidadan ikisini ixtisara salmağınız məsləhətdir”.

   Növbəti “letuçka”ların birindən daha bir epizod: “..... müəllim, çalışdığınız redaksiya “Xəbərlər Baş redaksiyası”dır, “Xəbər” yox. Amma mən ötən axşam Daşkəsən zəylik-alunit zavodundan hazırladığınız süjetə evdə çay içə-içə, balkonda idman eləyə-eləyə qulaq verdim, bitmədi. Sonra otağa qayıtdım, “Bakı” qəzetini oxuyub qurtardım, o süjet isə qurtarmadı ki qurtarmadı...”

   (Deyəsən, mən də bu qəbil xatirələri söyləməkdən yaxa qurtara bilmirəm).

   O vaxtın məşhur baş redaktorlarından biri (“radio-tamaşa”lar dramaturqu) “Bədii Şura”da müzakirə üçün növbəti pyesini oxuyur. Əsərinin kollektivə daha dərin əsər etməsinə çalışan müəllif “ədəbi qiraət”in lap zilinə çıxır. Böyük Vətən müharibəsindən bəhs edən həmin pyesdə sona yaxın sovet əsgərlərinin hamısını öldürüb (əlbəttə, qələmilə) bircə komandiri sağ saxlayan “lap böyük baş redaktor” (Anar) bu yerə çatanda ağlayır və gözaltı ətrafına baxınıb görür ki, kolleqalarının çoxusu təbəssümdə, qımışma-gülüşmədə. Azərbaycan Radiosunun (habelə Vətən müharibəsinin) veteranı: “Bəyəm burda toydan söhbət gedir, belə gülüşürsüz?!” - deyə qeyzlənir və ərklə sədrə - Teymur Elçinə baxıb, onun məsələyə münasibətini gözləyir. Sədr isə, həmişəki kimi, öz ampluasında: “Narahat olmayın, ...... müəllim, “toynan vay əkizdir” söyləyib atalarımız. Davam edin”...

  

   Mənə məxsus “obraz”ı

  

   “Hər kəsin təsəvvür-təxəyyül imkanları” dediyim “seriyadan” mənim də öz “Teymur Elçin” obrazım var: qaşları daim düyünlü, ürəyi müdam hər kəsə, hər ictimai problemə açıq, tapdayacağı qarışqadan çəkinən, amma hər cəncəl məsələ-mətləbin üstünə yürüyən, “harda aş” məsəlindəki obyekti sərasər vakant saxlayan (əksinə, harda problematik-milli daş - orda baş olan!), sabiqlərdə, çağdaşlarda gördüyü əyər-əskikləri öz gözəl şeirlərilə uşaqlarda - yeni nəsillərdə yoxaltmağa çalışan, hər sözün başına fırlana-fırlana - kəlmələri firni-noğullaşdıran, kitablarına “Oğul Buğac”, “Toğrul babanın nağıl ağacı”, “Xoruzbanı”, “Bip-bip” kimi qaymaq adlar seçən, tərcümələrini “Milçək-vizilçək”, “Pinti qız” adlıqları ilə yarıbayarı milliləşdirən, balaca nəvəsinin “bal dil”i ilə əlaqədar bədii bir “dilçilik simpozimu” yaradıb, dilçiləri, biliciləri onun “çiçi”, “pçi”, “txa-txa”, “btı-bda” və s. “terminlər”ilə “çaş-baş” salıb heyran qoyan əsl vətəndaş, istedadlı soydaş, hər misrası ilə talant və savad nümayiş etdirən sənətkar.

   Onun mənə məxsus “obraz”ına xüsusi detallar bəxş edən şeirlərindən birini bütöv verirəm:

  

   Yazan çoxdur;

   Elə yaz ki,

   Mahnın sözsüz olmasın.

  

   Deyən çoxdur;

   Elə de ki,

   Sözün duzsuz olmasın.

  

   Baxan çoxdur;

   Elə bax ki,

   Qəlbin gözsüz olmasın.

 

   Yanan çoxdur;

   Elə yan ki,

   Külün közsüz olmasın.

  

   Deyilənlərə ( öz məlumatlarıma) görə, o çox işləyirmiş. Maşında da, var-gəl edəndə, yuxuyagetmə, yatağından qalxıb geyinmə ərəfələrində, naharda, şamda da. Onun obrazına bu elementlə bağlı da əlavələrim vardı. Belə ki, onu özAz i ya”sındaharda ki bir balaca boşluq, gerilik görürdüm, özümü ora verirdimdeyən Oljas Süleymenova da bənzədirdim. Beləliklə, tək elə çox işləmiş yox, həm çox yerdə çalışmış ən işlək -

  

   Hədsiz işgüzar, milliməslək -

  

məmur, ictimai xadim Teymur Elçin!

   Deyilənləri internet-“vikipediyaməlumatı da təsdiq edir. 17 yaşındaGənc işçi” (sonralarAzərbaycan gəncləri”) qəzetində ədəbi işçi, 18-19-unda Azərbaycan Radio Komitəsində diktor, redaktor, məsul redaktor. ADU-nun filologiya fakültəsini yarımçıq buraxıb getdiyi İkinci Dünya müharibəsində kiçik komandir, alay komsomol təşkilatçısı. Tərxis edildikdən sonra - 21 yaşında APİ-nin komsomol komitəsinin katibi. Ardınca Azərbaycan komsomolu Bakı Komitəsinin katibi, “Azərnəşr”in siyasi-ictimai ədəbiyyat şöbəsinin müdiri, Azərbaycan Nazirlər Soveti yanında Radio Məlumat Komitəsi sədrinin müavini, nəşriyyat qrupunun rəisi (ixtisar etməli olduğum bir neçə yerindən sonra) cəmisi 34 yaşında Azərbaycan Televiziya Radio Verilişləri Komitəsinin sədri.

   Ömrünün sonunadək çox ciddi partiya-sovet təşkilatlarında, dövlət, hökumət orqanlarında çalışmış Teymur Əliyev tək eləyuxarı”ların yox, həm aşağıların - sadə xalq kütlələrinin, poeziya teatrsevərlərin diqqət-məhəbbət mərkəzində olub. Oljas Süleymenovun dediyi kimi, harda ki bir çətin, “əmələgəlməzgörünən , vəzifə varmış, dərhal Teymur Əliyev yada düşərmiş. Xarici ölkələrə göndərilən nümayəndə heyətlərinə rus olmayan - “ucqar başçıgörklü gərəkəndə kim? Əlbəttə, başı-ayağı bilinməyən bir ölkənin üzünü bütün göstəricilərilə edəsiTimur Suleymanoviç!” Onun səsi beynəlxalq sənət, incəsənət toplantılarından, poeziya, folklor festivallarından, televiziya, radio, mətbuat, tərcümə işlərilə əlaqədar rəsmi tədbirlərdən gəlirdi. Bəs onun qədir-qiyməti hara qədərdi?Qırmızı Əmək bayrağı”, “Şərəf nişanıordenlərinə, yeddi medal, iki fəxri fərmanadək...

  

   ... sənətkar!

  

   Poeziya yaradıcılığına jurnalistik-publisistik, rəsmi-işgüzar görəvlərindən daha əvvəl - 14 yaşında başlamış (“Azərbaycanşeiri, 1938) zərif şair, “Qar qızmənzum pyesinin tamaşası anşlaqla qarşılanmış dramatik dramaturq Teymur Elçin. Körpələrin, yeniyetmələrin qəlblərinə əlbəəl yol tapan şeir mətnləri bəstəkarları daim cəlb cəzb etmiş lirik - Teymur Elçin. Onun şeirləri haqda, duyğulara doyulmaz kəlmə-kəlam ovqatları bəxş edən poetik frazaları barədə saatlarla danışmaq, səhifələrlə yazmaq olar. Ancaq etiraf edim ki, mən həmin irs haqda həmin şeirlərin özlərindən yaxşı fikir, duyğu oyada bilməyəcəyim qənaətindəyəm. Məsələn, “Həyat boş xəyal deyil, - qanadında uçasan; Həyat sirli bir aləm, - Gərək onu açasan”.

   ... müxtəlif səbəblərdən doğum günündən (28 mart 1924) bir aya yaxın gecikdirdiyim bu yazının dalınca atılan bir parç su hesab ediləsiYağışşeirilə xudahafizləşmək istərdim - hörmətli oxucularımızla ( rəhmət-izzətli qəhrəmanımın ruhu ilə)...

  

   Torpaq açıb sinəsini

   Təzə bir gəlin kimi,

   Səni gözləyir, yağış!

   Tökül, səpə-səpə,

   Çəkil öpə-öpə.

  

   Çörəyimi toxum-toxum

   Səpdim onun qoynuna.

   Torpaq yenə doğacaq!

   Yağ, yağışım,

   Bir sərinlik

   Bağışla ona -

   Ana olacaq!..

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2013.- 24 aprel.- S. 13.