Ölkəmiz Moldovada kitab sərgisində təmsil olunub

 

   Xəbər verdiyimiz kimi, aprelin 18-dən 22-dək Moldovanın paytaxtı Kişineu şəhərində XVII beynəlxalq uşaq və gənclər kitab sərgisi keçirilib. Sərgi çərçivəsində aprelin 20-də iştirakçıların Azərbaycanla tanışlıq mərasimi təşkil olunub.

   Görüşdə çıxış edən Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev iki ölkə arasında əməkdaşlıq əlaqələrindən bəhs edərək sərginin təşkilatçılarına uğurlar arzulayıb. İBBY beynəlxalq təşkilatının sədri, sərginin baş təşkilatçısı və Moldovanın Milli Uşaq Kitabxanasının direktoru Klaudia Balaban ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən söz açıb.

   Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun əməkdaşı Əfsun Əhmədov ölkəmizin sərgidə iştirakının təmin olunmasında göstərdiyi köməkliyə görə Moldovadakı səfirliyimizə təşəkkürünü bildirib, Azərbaycanda kitabxana-informasiya sahəsində görülən işlərdən danışıb.

   Sonra sərgi iştirakçıları Azərbaycan bölməsində nəşr məhsullarımızla tanış olublar. Bundan başqa, Moldovanın "Prut" nəşriyyatı ilə 3-5 yaşına qədər uşaqlar üçün Azərbaycan dilində nəşr məhsullarının çap olunması barədə əməkdaşlıq məsələləri də müzakirə edilib.

 

 

   Mədəniyyət.- 2013.- 26 aprel.- S. 6.