Dünya Turizm Təşkilatının
nümayəndəsi ATİ-nin
qonağı olub
Aprelin 24-də Dünya Turizm Təşkilatının qoşulmuş üzvlər və xidmət üzrə icraçı direktoru Zoltan Somogi Azərbaycan Turizm İnstitutunun qonağı olub.
Tələbələrlə görüşdə ATİ-nin rektoru, professor Cəfər Cəfərov Azərbaycan təhsil ocağının DTT-nin qoşulmuş üzvü olduğunu bildirib və təşkilatın “İpək Yolu” layihəsi haqqında məlumat verib. Tarixi İpək Yolu üzərində yerləşən ölkəmiz üçün əməkdaşlığın əhəmiyyətindən danışan rektor qeyd edib ki, bu yol bütün turizm aləmi üçün önəmlidir.
Qonaq tələbələrə Dünya Turizm Təşkilatının fəaliyyəti və strukturu haqqında məlumat verib, qurumun 155 dövləti əhatə etdiyini və 400-dən çox qoşulmuş üzvünün olduğunu bildirib. O, DTT-nin “İpək Yolu” təşəbbüsü, dünyada turizmin inkişafı haqqında danışıb, turizmin dünya üzrə ümumi daxili məhsulun 5%-ni təşkil etdiyini diqqətə çatdırıb.
Təşkilatın 2013-cü il üçün tendensiyalarından danışarkən qonaq vurğulayıb ki, Asiya və Sakit okean bölgəsi turistlər arasında üstünlük verilən istiqamətlərdir.
DTT ekspertləri hesablayıblar ki, 2030-cu ilədək bütün dünyada turist səfərlərinin sayı 1,8 milyard nəfərə çatacaq. Bu istiqamətdə irəliləyiş isə əsas etibarilə inkişaf etməkdə olan ölkələrdə özünü aydın göstərəcək. Qonaq bu baxımdan ölkəmizin Avropa ilə Asiyanın qovşağında yerləşməsinin turizm sahəsində əlavə imkanlar yaratdığını diqqətə çatdırıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 26 aprel.- S. 7.