Tarixi
dostluğun abidəsi
Qədim Qniezno şəhərində
ucaldılan abidə Azərbaycan-Polşa əlaqələrinin
keçmişinə, bu gününə və gələcəyinə
ehtiramın göstəricidir
Dünyaya inteqrasiya edən,
müxtəlif ölkələrlə qarşılıqlı
faydalı əlaqələrini möhkəmləndirən
respublikamız artıq bu münasibətlərin daha çox
mədəniyyətə, xalqlar arasındakı səmimi hisslərə
söykənən modelini yaradır. Əyani misal kimi, bir
sıra tərəfdaş ölkələrdə Azərbaycanla,
ölkəmizin görkəmli şəxsiyyətləri ilə
bağlı abidələrin ucaldılmasını, park və
xatirə guşələrinin yaradılmasını göstərmək
olar.
Belə əlamətdar tədbirlərdən
biri də aprelin 23-də Polşada, bu ölkənin qədim
paytaxtı olmuş Qniezno şəhərində gerçəkləşdi.
Burada Azərbaycan-Polşa dostluğunu əks etdirən abidənin
açılışı keçirildi. Mərasimdə Azərbaycan
Respublikası mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyevin rəhbərliyi ilə
nümayəndə heyəti iştirak edirdi.
Ümummilli lider, Azərbaycan-Polşa
əlaqələrinin inkişafına müstəsna töhfələr
vermiş Heydər Əliyevin 90 illik yubileyi ərəfəsinə
təsadüf edən hadisə iki ölkənin əlaqələrinin
keçmişinə, bu gününə və gələcəyinə
ehtiramın göstəricidir.
Üz-üzə dayanmış
palıd yarpağı formasında olan “Dostluq” abidəsi iki
ölkə arasındakı diplomatik əlaqələrin
qurulmasının 540, bərpasının isə 20 illiyinə
həsr edilib. Abidənin müəllifləri Xalq rəssamı
Salxab Məmmədov və Əməkdar rəssam Əli
İbadullayevdir.
Deyirlər, həyatda təsadüflər
olmur, təsadüflər zərurətdən doğur. Əslində
isə təsadüflər kimi
qarşıladığımız bəzi olaylar tarixdə
böyük şəxsiyyətlərin imza atdığı,
zərurətə çevirdiyi hadisələrin məntiqi
sonluğudur, abidəsidir. Üz-üzə dayanan palıd
yarpağı formalı bu abidə də iki ölkə
münasibətlərinin qarşılıqlı olduğunu,
palıd kimi uzunömürlü, qədim tarix üzərində
təşəkkül tapdığını simvolizə edir.
Abidə üzərində ölkələrimizin xəritəsinin
həkk edilməsi suverenliyə, ərazi
bütövlüyünə qarşılıqlı hörmətin,
ümummilli lider Heydər Əliyevin Polşa haqqında, polyak
əsilli Roma papası II İohann Pavelin Azərbaycan
haqqında sözlərinin əks olunması isə bu
münasibətlərin yazılı ifadəsidir.
Əlaqələrin
uğurlu inkişafına töhfə
İki ölkənin dövlət
himnlərinin səslənməsi ilə başlayan
açılış mərasimində Qniezno şəhər
merinin beynəlxalq əlaqələr üzrə
müşaviri Eji Staxovyak abidənin ucaldılmasını əlamətdar
hadisə adlandırdı, çoxlu turistin baş çəkdiyi
şəhərə əlavə yaraşıq, dostluq
ab-havası bəxş etdiyini vurğuladı. Bildirdi ki,
Polşanın qədim paytaxtı olmuş şəhərə
çoxlu turist gəlir və onlar bu abidə vasitəsilə
Azərbaycan-Polşa münasibətlərinin tarixi ilə
bağlı məlumat əldə edə biləcəklər.
Qniezno şəhərinin meri Yasek
Kovalski Polşa və Azərbaycan arasında bütün sahələrdə
uğurla inkişaf edən münasibətlərdən
danışdı. “Bu gün Qniezno şəhərinin həyatında
tarixi gündür”, - deyən mer Polşada doğulmuş Roma
papası II İohann Pavelin 2002-ci ildə Azərbaycana səfərini
xatırlatdı və ulu öndər Heydər Əliyevin dəstəyi
sayəsində Bakıda katolik kilsəsinin inşa edildiyini
dedi.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev iki ölkə arasındakı
diplomatik əlaqələrin qurulmasının 540, bərpasının
isə 20 illiyinə həsr edilmiş abidənin ulu öndər
Heydər Əliyevin 90 illiyi ərəfəsində
açılmasının xüsusi məna kəsb etdiyini
vurğuladı. Bildirdi ki, Polşa XX əsrin sonunda Azərbaycanın
müstəqilliyini ilk tanıyan ölkələr
sırasındadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana
rəhbərliyi dövründə iki ölkənin əlaqələri
uğurla inkişaf edib və bu gün Prezident İlham Əliyev
bu münasibətlərin genişlənməsinə
mühüm önəm verir.
Nazir müavini qeyd etdi ki, “Dostluq”
abidəsi ölkələrimiz arasında münasibətlərin
yüksək səviyyədə olmasını nümayiş
etdirir. Qeyd olundu ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində
polyak memarlarının inşa etdiyi binalar indi də Bakıya
xüsusi gözəllik verir. Ədalət Vəliyev bu tarixi və
əlamətdar hadisə münasibətilə Polşa
ictimaiyyətinə təbriklərini çatdırdı.
Polşanın mədəniyyət
və milli irs nazirinin müavini Yatsex Olbrat qeyd etdi ki, abidənin
ucaldılması yalnız Qniezno şəhərinin deyil,
ümumilikdə Polşanın ictimai-siyasi və mədəni
həyatında mühüm əhəmiyyət
daşıyır. Bildirdi ki, Azərbaycan Polşa
üçün olduqca vacib və dost ölkədir.
Azərbaycanın Polşadakı səfiri
Həsən Həsənov iki ölkə arasında münasibətlərin
tarixindən söz açaraq qeyd etdi ki, hazırda bu əlaqələr
uğurla inkişaf etməkdədir.
Sonra abidənin
açılışı oldu. Abidə önünə
gül dəstələri qoyuldu.
Qədim
şəhərdə “Azərbaycan” zanbağı
Qniezno şəhərində
ölkəmizlə bağlı daha bir tədbir “Dostluq” abidəsinə
həsr olunmuş sərgi və “Azərbaycan”
adlandırılan zanbaq gülünün təqdimatı oldu.
Mərasim ikitərəfli münasibətlərin xalqlar
arasında dostluğa, xoş niyyətə söykəndiyinin
bariz nümunəsi idi. 35 ildir zanbaq güllərini yetişdirən
hollandiyalı Jan Liqthart “Azərbaycan” adını verdiyi
xüsusi zanbağı təqdim edərək bildirdi ki, bu
gülün vətəni sizin regiondur: “Mən də yeni
yetişdirdiyim zanbaq gülünü Azərbaycana həsr
etdim. Bu addımımla istəyirəm ki, vaxtilə sizin
regiondan bura gətirilən zanbaq gülləri yeni bir növlə,
yeni adla vətəninə qayıtsın”.
Bu sözlər məndə
çox qəribə təəssüratlar oyatdı, təkcə
insanlar arasında deyil, təbiətlər arasında da
bağın olduğunu göstərmiş oldu. Demək ki, bu
münasibətlər kökə, tarixə, mədəni,
iqtisadi, siyasi əlaqələrə dayanıb.
Tədbirdə ölkəmizin
Polşadakı səfirliyinin hazırladığı və
polyak dilinə tərcümə olunmuş Azərbaycanla
bağlı kitablar da təqdim olundu.
Sonra Azərbaycan incəsənət
ustalarının iştirakı ilə konsert oldu. Əməkdar
artist Təyyar Bayramov (xanəndə), Arzu Əliyeva (xanəndə),
Rövşən Qurbanov (tarzən), Xəyyam Məmmədovdan
(kamança) ibarət musiqiçilərimizin ifasında xalq
mahnıları, təsniflər, muğamlar alqışlarla
qarşılandı.
Qnieznonun “Şəhər günü”ndə
Azərbaycan nümayəndə heyəti
Qnieznoda bu şəhərin himayədarı Müqəddəs
Voyçexin şərəfinə hər il qeyd olunan “Şəhər
günü” bayram tədbirlərində də iştirak etdi.
Nümayəndə heyətimiz əvvəlcə
Adam Mitskeviç adına Universitetin II İohann Pavel adına
Avropa Kollecində oldu. Kollecin rektoru Leşek Mrozeviç azərbaycanlı
qonaqları salamlayaraq təhsil ocağının fəaliyyəti
barədə məlumat verdi. Bildirdi ki, kollec xarici əlaqələrə
böyük əhəmiyyət verir və bu mənada Azərbaycanla
əməkdaşlıq onlar üçün səmərəli
olar. Ölkəmizin inkişafından danışan Leşek
Mrozeviç dedi ki, bir müddət əvvəl
Polşanın aparıcı telekanallarında polyak memarların
Azərbaycanda inşa etdiyi binalar barədə geniş proqrama
baxıb.
Azərbaycanda mədəniyyət
və turizm sahəsini əhatə edən ali təhsil
ocaqlarının fəaliyyəti barədə ətraflı
danışan mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev gələcəkdə iki
ölkənin təhsil müəssisələri arasında əlaqələrin
yaradılmasının vacibliyini vurğuladı. Ölkəmizin
Polşadakı səfiri Həsən Həsənov Azərbaycanla
Polşanın bütün sahələrdə, o cümlədən
təhsil sahəsində əməkdaşlığından
söz açdı.
Görüşdə Adam
Mitskeviç adına Universitetin Avropa Kolleci ilə Azərbaycandakı
bir neçə ali təhsil ocağı arasında əlaqələrin
qurulması barədə razılıq əldə edildi.
Sonra Azərbaycan nümayəndə
heyəti “Şəhər günü” münasibətilə
Qnieznonun Müqəddəs Voyçex adına 3 saylı məktəbində
hazırlanan bayram tədbirinə qatıldı. Şəhərin
meri Yasek Kovalski və digər çıxış edənlər
Azərbaycan-Polşa əlaqələrinin 540 illik tarixi
olduğunu diqqətə çatdırdılar.
Vurğulandı ki, Azərbaycan nümayəndə heyətinin
Qniezno üçün vacib olan bu tədbirlərdə
iştirakı iki ölkə arasındakı əlaqələrin
yüksək səviyyədə olmasının göstəricisidir.
Görüşdə Azərbaycan-Polşa münasibətlərinin
sürətlə inkişaf etməsində ulu öndər
Heydər Əliyevin xidmətləri minnətdarlıqla
xatırlandı.
“Şəhər günü”
çərçivəsində Müqəddəs
Voyçexin abidəsi önündə də tədbir
keçirildi. Çıxış edənlər budəfəki
bayram tədbirlərinə Azərbaycandan qonaqların
qatılmasını yüksək qiymətləndirdilər və
bunu tarixi hadisə adlandırdılar.
Tədbir
iştirakçıları Müqəddəs Voyçexin
abidəsi önündən başlayan ənənəvi bayram
gəzintisi ilə şəhərin mərkəzi
küçəsindən keçərək Qnieznonun əsas
kilsəsinə gəldilər. Burada keçirilən tədbirdə
də çıxış edənlər Azərbaycandakı
dini dözümlülükdən söhbət
açdılar, ölkəmizi tolerantlıq baxımından
nümunə kimi qiymətləndirdilər.
Sonra bayram münasibətilə
xüsusi dini ayinlər icra edildi. Polşada doğulmuş Roma
papası II İohann Pavelin abidəsi ziyarət olundu. Bildirildi ki, II
İohann Pavel 1979 və 1997-ci illərdə burada olub.
İşgüzar görüşlər
“Şəhər
günü” ilə bağlı keçirilən tədbirlər
Qniezno şəhər şurasının iclası ilə
davam etdi. İclasda çıxış
edənlər Azərbaycanın Polşa üçün
çox vacib ölkə olduğunu dedilər. Bildirdilər
ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi
münasibətilə Qnieznoda iki ölkə arasında
diplomatik əlaqələrin qurulmasının 540, bərpasının
20 illiyinə həsr edilən Azərbaycan-Polşa “Dostluq”
abidəsinin ucaldılması tarixi məna daşıyır.
Səfir Həsən
Həsənov iki dövlət və xalq arasında
yüzilliklər əvvəl qurulan əlaqələrin bu
gün də inkişaf etdiyini vurğuladı. Qeyd etdi ki, Roma papası II İohann Pavel müsəlman
ölkəsinin lideri Heydər Əliyevin dəvəti ilə
Cənubi Qafqaz respublikaları arasında yalnız Azərbaycana
səfər edib.
Tədbir çərçivəsində
Qniezno şəhər şurasının və Azərbaycanın
Polşadakı səfirliyinin təsis etdiyi medallar ölkələr
arasındakı diplomatik əlaqələrin
qurulmasının 540, bərpasının isə 20 illiyi, həmçinin
Qniezno şəhərinin 1000 illiyi münasibətilə iki
ölkə əlaqələrinin inkişafına töhfə
vermiş şəxslərə təqdim edildi. Tədbirdə
Azərbaycan haqqında geniş məruzə təqdim olundu.
Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyevin
Polşanın dini rəhbəri Yozef Kovalçiklə
görüşündə də Azərbaycandakı
tolerantlıq mühitini yüksək qiymətləndirildi.
İki ölkə arasındakı
əlaqələrin 540 illiyi münasibətilə
Polşadakı səfirliyimizin təsis etdiyi medal Yozef
Kovalçikə təqdim olundu. Dini rəhbərə
səfirliyimiz tərəfindən polyak dilində nəşr
olunan ölkəmiz haqqında 14 adda kitab hədiyyə edildi.
Bununla da ölkəmizin nümayəndə
heyətinin dost ölkəyə səfəri başa
çatdı. Qədim Qniezno şəhərində
Azərbaycan-Polşa dostluğunun nümayişi iki ölkə
arasında 540 illik tarixi olan münasibətlərin gələcəyinə
əlamətdar töhfə oldu.
* * *
Polşa-Azərbaycan əlaqələrinin tarixindən
Azərbaycan-Polşa
tarixi əlaqələrinə aid qədim sənədlərdən
məlum olur ki, ilk dəfə 1472-ci ildə Azərbaycanın
Ağqoyunlu və Polşanın Reç Pospolita dövləti
arasında diplomatik missiya mübadiləsi yaradılıb.
Diplomatik əlaqələrin qurulmasının
540 illiyi də məhz həmin tarixə istinadla hesablanır.
XIX əsrin əvvəllərində Azərbaycana
səfər etmiş polyak alimi B.Andjeykoviç 1859-cu ildə
Polşada ölkəmiz haqqında kitab nəşr etdirib.
Polyak səyyahlar S.Berliç, M.Bufovt,
İ.Dobrski, L.Qerşevski, Q.Qedroyç, M.Qralevski və
başqaları Qafqaz haqqında qeydlərində Azərbaycana
geniş yer ayırıblar.
XIX əsrin əvvəllərində
Polşa çar Rusiyasının tərkibinə daxil edildikdən
sonra buna qarşı üsyan edən polyaklar zaman-zaman
imperiyanın müxtəlif əyalətlərinə, o
cümlədən Azərbaycana sürgün ediliblər.
Bakıya gəlmiş polyak ziyalılar şəhərin
inkişafında aktiv iştirak etmiş, məktəblərdə
polyak əsilli müəllimələr dərs demişdir.
XIX əsrin sonlarından başlayaraq polyak
memarlar Bakıda, Gəncədə, Şəkidə,
Şuşada, Şamaxıda görkəmli binalar inşa ediblər.
Bunlardan Elmlər Akademiyası Rəyasət Heyətinin,
Bakı Şəhər İcra Hakimiyyətinin, Milli Azərbaycan
Tarixi Muzeyinin, Dövlət Kukla Teatrının
binasını, Murtuza Muxtarovun sarayını, Musa
Nağıyevin mülkünü və başqalarını
misal göstərmək olar. Azərbaycanda
öz memarlıq əsərlərini yaradan polşalı
memarlardan Y.Qoslavski, Y.Ploşko, K.Skureviç və
başqalarının adını çəkə bilərik.
Y.Qoslavski, Y.Ploşko, K.Skureviç müəyyən
dövrlərdə Bakının baş memarı olublar.
Azərbaycanın neft sənayesinin
inkişafında da polyak neftçiləri P.Pototski və
V.Zqlenitski mühüm yer tuturlar. V.Zqlenitski
Xəzər dənizinin şelfində dünyada ilk dəfə
neft çıxarmanın layihəsini vermiş, P.Pototski isə
layihənin həyata keçirilməsində iştirak
etmişdir.
Polşa şərqşünası
Yozef Sepkovski 1825-ci ildə Peterburqda Azərbaycan ədəbiyyatı
nümunələrini polyak dilinə tərcümə edir,
“Polarnaya zviezda” jurnalında çap etdirirdi. B.Romanoviç isə Bakı və onun
memarlığı haqqında məqalələri
"Literaturnaya qazeta"da yayımlayırdı.
Polşa-Azərbaycan
ədəbi əlaqələrində birinci yer
Topçubaşovdan təsirlənərək Azərbaycan
dilini öyrənən, ölkəmizin dərin mədəniyyətini
layiqincə təbliğ etmiş Aleksandr Çodzkoya aiddir.
O, 1889-cu ildə Nəsiminin poeziyasını,
"Koroğlu" eposunun bir hissəsini polyak dilinə tərcümə
edib. "Koroğlu" Azərbaycan folklorunu Qərbi
Avropaya təqdim edən ilk kitablardan biri idi. Şərq ədəbiyyatı sahəsində
tanınmış mütəxəssis olmuş Stanislava
Plaskoviçka-Rumkieviç Məhəmməd Füzulinin əsərlərini
polyak dilinə tərcümə edib Qərbi Avropaya
tanıtmışdır.
Azərbaycana
sürgün olunan polyak şairlər bu ölkə ədəbiyyatında
“Qafqaz şairləri” kimi tanınırlar. Onların arasında Y.Strutınskini, M.Qralevskini,
V.Stjelniçkini, L.Qerşevskini, V.Strelnitskini və
başqalarını misal çəkmək olar.
XIX əsrin
ortalarında Azərbaycan yazıçı-mütəfəkkirləri
Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy
Qutqaşınlı Polşada yaşayıb-yaradıb, polyak həmkarları
ilə əməkdaşlıq ediblər. Azərbaycan
ədəbiyyatının ilk nəsr nümunəsi sayılan
İ.Qutqaşınlının “Rəşid bəy və Səadət
xanım” povesti 1835-ci ildə Varşavada işıq
üzü görüb. Azərbaycan
dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə də
Polşa ədib və musiqiçiləri ilə əməkdaşlıq
edib. 1876-cı ildə Tiflisdə virtuoz skripkaçı
M.Antoni de Kontski ilə tanış olan
Axundzadə onunla ünsiyyətdən sonra musiqiçinin
qızına həsr etdiyi “Vanda” şeirini qələmə
alıb.
Azərbaycan-Polşa dövlətləri
arasında mədəni əlaqələrin inkişafında ən
mühüm mərhələlərdən biri dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın
mal alan” musiqili komediyasının
Polşanın müxtəlif şəhərlərinin
teatrlarında səhnələşdirilməsidir. 1954-1977-ci illərdə musiqili komediya Varşava,
Qniezno, Opole və Lodz teatrlarının
tamaşaçılarına təqdim edilib.
Müstəqillik
dövründə də bu ölkə ilə mədəniyyət
müstəvisində olan münasibətlər inkişaf
etdirilib. 1997-ci ildə Azərbaycanla
Polşa arasında “Mədəni və elmi əməkdaşlıq
haqqında” saziş imzalanıb. 2010-cu ildə dahi
Polşa bəstəkarı Friderik Şopenin 200 illik yubileyinin
qeyd edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi və Polşanın Azərbaycan səfirliyi
tərəfindən gənc pianoçuların festivalı təşkil
edilib.
* * *
1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti Polşada səfirlik təsis edir,
Polşa isə Bakıda konsulluq açaraq bu səlahiyyəti
S.Rılskiyə həvalə edir. Polşa
hökuməti yüksək səviyyəli diplomatları
Bakıya göndərərək Azərbaycana hər cür dəstək
verməyə hazır olduğunu göstərir. Xalq Cümhuriyyəti Milli Ordusunun Baş qərargah
rəisi polyak M.Sulkeviç, artilleriya komandanı, polkovnik
E.Dunin-Martsinkeviç olmuşlar. M.Sulkeviç
son dəqiqəsinədək Azərbaycanda qalmış, XI
ordu tərəfindən həbs edilərək, Bayıl həbsxanasında
güllələnmişdir.
Cümhuriyyətin
süqutundan sonra bir çox azərbaycanlı siyasətçilər
və dövlət xadimləri Polşaya mühacirət edir.
Azərbaycanın görkəmli hərbçisi
Vəli bəy Yadigar Polşanın ağır günlərində
göstərdiyi şücaətə görə bu ölkədə
polkovnik rütbəsinə layiq görülüb. Hitler Almaniyası Polşanı zəbt edərkən
o, gizli hərbi müqavimət briqadası yaradaraq qəsbkarlara
qarşı vuruşur. 1944-cü ildə
onun da daxil olduğu polkun hərbi bayrağının
mühafizəsi V.Yadigara həvalə edilir. Cənubi Amerikada dəfn olunmasına baxmayaraq,
Polşa hökuməti onun cənazəsini ölkəyə gətirir,
Varşavada dəfn etdirir.
Polşa Azərbaycan
Respublikasının müstəqilliyini 1991-ci il
dekabrın 27-də tanıyıb. 1992-ci il
fevralın 21-də iki ölkə arasında diplomatik əlaqələr
qurulub. 1998-ci ildə Polşanın Bakıda səfirliyi
açılıb. 2004-cü ildə isə
Polşada Azərbaycan səfirliyi təsis edilib. Son illərdə Azərbaycan-Polşa əlaqələri
inkişaf edərək, hər iki xalqın tarixinə dəyərli
səhifələr yazıb.
Mədəniyyət.-
2013.- 26 aprel.- S. 8; 9.